“Olur , olur, belə işlər də olur” silsiləsindən
Dəmir müəllimin qəbul otağı yenə də basabas idi. Toy salonuna bənzəyən böyük və yaraşıqlı otaqda müxtəlif yaşda, cürbəcür, rəngbərəng geyimli, qocalı-cavanlı azından onbeş-iyirmi adam var idi. Rəisin yanına girib-çıxanlar azalmırdı ki, azalmırdı. Ucaboy, ağsaçlı, gözündə qara şüşəli eynək olan ağsaqqal bir kişi əlindəki bəzəkli, şirmayı rəngli əsanı ustufca yerə vura-vura qəbul otağında o baş-bu başa ahəstə addımlayır, astadan yalnız özünün eşidəcəyi tərzdə mızıldanırdı da. Bilmək olmurdu, danışır, yoxsa mahnı oxuyurdu. Oturmaq barədə təkliflərə də məhəl qoymurdu. Köməkçi xanımın onu növbəsiz içəri salmaq təklifini də saya salmayan ağsaqqal qısa və konkret cavab verdi:
-Dəmirə de ki, lap axşamacan gözləyərəm. Məni təklikdə, yanındakı əsabələri olmadan qəbul eləsin.
-Əmi, yanındakılar müavinləridir. Dəmir müəllim qəbula gələnlərin xahişini, şikayətini həll etmək üçün tapşırığı onlara verir.
-Mən şikayətə gəlməmişəm, tapşırığım, xahişim də yoxdur. Borcumu versin çıxım gedim. Başqa təmənnam yoxdur.
Ağsaqqalın bu sözü köməkçi xanımı da, oturub növbəsini gözləyənləri də əməlli-başlı diksindirdi. Necə yəni, Ərazi İdarəsinin rəhbəri o günə qalıb ki, bu arıq, sısqa, əl ağacına oxşayan kişidən borc götürüb? Oturanlar bu cür fikirləşməkdə haqlı idilər. Yaşıltəpə Ərazi İdarəsinin rəisi Dəmir müəllimi regionda adlı-sanlı, həm də imkanlı bir şəxs kimi tanıyır, hörmət edirdilər. Hələ bu idarəyə rəhbər gəlməmişdən bir çox yağlı vəzifələrdə işləmiş, adına layiq biznes şəbəkəsi də qurmuşdu. Qırx yaşını təzəcə qeyd etsə də təmtəraqlı həyat yaşayırdı, ətrafına da özü kimi varlı-hallı, sözü keçən insanları toplaya bilmişdi. Bir sözlə, əsasını yerə döyəcləyən, qaxaca oxşayan kişi bir yana dursun, heç bir iş adamına, vəzifə sahibinə bircə manat da verəcəyi olan adama oxşarlığı yox idi Dəmir müəllimin.
Dəqiqələr, saatlar keçdi, nəhayət qəbul otağında bir köməkçi xanım qaldı, bir də ucaboy, əli əsalı kişi. Telefon zəng çaldı. Xanım dəstəyi götürüb rəisə cavab verdi və qəbul otağında yalnız dünəndən gəlib-gedən ağsaqqalın qaldığını dedi.
... Rəisin otağının qapısını şəstlə açan ağsaqqal adəti üzrə əsasını döşəməyə döyəcləyə-döyəcləyə düz Dəmir müəllimin qənşərinədək gedib ədəb-ərkanla salamlaşdı. Sonra təklif gözləmədən stul çəkib oturdu.
-Dur kreslodan, gəl mənimlə üzbəüz əyləş, bir-iki kəlmə söhbətləşək.
Qocanın ərki rəisi bir balaca əsəbiləşdirsə də özünü o yerə qoymadı. Durub ağsaqqalla üzbəüz əyləşdi.
-Dayı, mənə məlumat veriblər ki, dünən də gəlmisən. Bəs niyə yanıma girmədin?
-Adam çox idi. Bir də ki, dünən görüşsəydim verdiyin pulu xərcləmişdim. Yeməkdən ümid yaxşıdır axı...
Rəis duruxdu.
-Nə pul, nə xərc, kişi? Sən unutmusan ki, kimin qəbulundasan?
-Yox bala, yaxşı bilirəm kimin yanındayam, özü də nə danışdığımı əla bilirəm. Sən mənə de görüm, insan neçə yaşında olur-olsun, ömür boyu kimin qarşısında borcludur?
-Nədir ağsaqqal, məni imtahana çəkirsən ? Sözünü, dərdini de, sağollaşaq, mənim işim-gücüm çoxdur.
-Yox, sən hələ mənim sualıma cavab ver, sonrasına baxarıq.
Kişinin bu sayaq saymazyana, hikkəli danışığı rəisi tamam çaşdırmışdı. Çox diqqətlə baxdısa da bu adamı hec cür tanıya bilmir, heç kimə də oxşatmırdı. Qara rəngli eynək gözlərini gizlətdiyindən qoca əsl müəmmaya dönmüşdü.
-Əzizim ağsaqqal, sözünün mustafasını de, vaxtım yoxdur vallah.
Rəisin bir az yumşaldığını görən ağsaqqal ona yenidən bir sual ünvanladı.
-De görüm rəhbər işlədiyin müddətdə qoca anana, əlil dayına, yataq xəstəsi əminə, dul qalmış imkansız bacına, işdən qovulmuş qardaşına, türmədə yatan tanışına nə vaxt baş çəkmisən, hal-əhval tutmusan ? Bəlkə sənin köməyinə ehtiyacları var.
-Bunlar səni niyə maraqlandırır axı.
-Deməli cavab verə bilmədin. Bəs sənə dərs deyən, həyatı başa salan müəllimlər necə, heç onların həyatı, yaşayışı ilə bircə dəfə maraqlanmısan yoxsa yox...
-Axı dedim ki...
-Yox Dəmir, sən məni çətin başa düşərsən. Gəlmişəm borcunu qaytarasan. Amma seyfindəki, banklardakı pulların yetməz buna. Ona görə də naqisliklərin, bədxahlıqların, ədəbsizliklərin üçün məndən üzr istəməlisən. Yoxsa mən səni bağışlaya bilmərəm.
Ağsaqqal bu sözləri deyib şlyapasını çıxardı, eynəyini də götürüb stolun üstünə qoydu. Dəmir müəllim qarşısındakı kişinin kimliyini yalnız indi tanıdı. Bu adam on iki il əvvəl restoranını əla keçirmək üçün şərlədib tutdurduğu, vaxtilə rayon xalq teatrında aktyor, sonralar rejissor işləyən Səlim Səbirlinski idi. Rəis tutulmuşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi.
Səlim kişi cibindən saralmış konvert çıxarıb rəisə göstərdi.
-Restoranımın arxa otağında nələr eləmisən, qızlarla hanslı oyunlardan çıxmısan, çəkdirmişəm, şəkillər də buradadır. Türmədə arabir baxıb sənin oğraşlığını xatırlayırdım. Nə oldu, o qızları heç olmasa kiməsə sırıya bildinmi? Yenə də o cür əməllərdən çıxırsan, yoxsa... Nə isə, düzələnə oxşamırsan. İndi çağır işçilərini, restoranımı təzədən keçir öz adıma. Qoca kişiyəm, daha oranı lotu-potu yığnağına çevirtmək fikrim yoxdur. Klub kimi, kukla teatrı kimi işlədərəm, bilyard qoyaram, özüm bilərəm. Tez elə sənədlərimi ver, sənin havan başımı ağrıdır, getməliyəm. Borc deyəndə bunu nəzərdə tuturdum. Daha sənin əlini vurduğun, nəfəsin dəyən o çirkli pullara ehtiyacım yoxdur, balası.
Heç yarım saat keçməmişdi ki, Səlim Səbirlinski qoltuğunda qovluq, yanında da Ərazinin baş memarı Əlləzov Yaşıltəpənin pullu kişilərinin toplaşdığı “Şəlalə” restoranına tələsirdi. Tələsirdi ki, illərdən bəri harınların nəfəsi ilə murdanlanmış yeməkxanasına yeni ab-hava gətirsin, vaxtı ilə elədiyi günahları yuya bilsin.