Modern.az

Ötür durna qatarı, o, baharda dönəcək

Ötür durna qatarı, o, baharda dönəcək

22 İyul 2015, 11:43

(hekayə)

Ta körpəlikdən işi daşdan çıxırdı. Əlini hara uzatsaydı, ora mütləq qurumalıydı. Özü də, fikir vermişdi, daha çox çalışdıqda işi tamamilə alınmırdı. Elə ki, başqa çıxış yolu qalmadığından məcburi qalıb qarşısına qoyduğu məqsəddən əl çəkirdi, hər şey tədricən qaydasına düşürdü. Aradan xeyli vaxt ötəndən sonra gözləmədiyi halda istəyi çin olurdu, amma bir qədər fərqli keyfiyyətdə. Ən sıravi arzularından tutmuş ən ali hissələrinə qədər hər şey onun üçün həllolunmaz problemə çevrilirdi. Hər bir uğursuzluqdan da qəlbində qara xal qalırdı. Artıq buna vərdiş etsə də, heç vaxt təslim olmaq fikrinə də düşmürdü. Təslimçilik hissi ona yaddı. Tanrıdan da şikayəti yoxdu. Qətiyyən. O, Ulu Yaradana ta ağlı kəsməyə başlayandan özü pənah aparmışdı. Bunun üçün nə dinə, nə də heç bir müdrikə ehtiyacı olmamışdı. Bəlkə də, qəlbində Tanrı zərrəsi ilə dünyaya göz açdığından beləydi. İlahiyə məhəbbəti tükənməzdi. İnsanlarda Allaha qorxu hissi aşılayanları heç cür qəbul etmirdi. Yaxşı bilirdi ki, qorxu yalançılıqdan, oğurluqdan tutmuş digər bütün mənfi xislətlərin giriş qapısıdır. Həmişə işığa can atırdı. Yəqinki, Günəşə tükənməz sevgisi də bundan qaynaqlanırdı. Lap çətinə, bir növ çıxılmaz vəziyyətə düşəndə həmişə qəlbini Tanrı işığı ilə barındırmağa üstünlük verirdi.

Bəzən ona yuxuda nəsə agah olurdu. Həmin məqamda İlahi qüvvəni aydınca sezirdi. Əslində, o yuxu görmürdü, elə bil, kinoteatrda filmə tamaşa edirdi. Bu halda yarıoyaq vəziyyətdə olurdu. İstədiyi vaxt gözlərini açanda, gördüklərini tezcə təkrarlasa, əməlli-başlı “yuxusu”nun tam səhnəsi yaranırdı. Özü də, “yuxuları” yozulan yuxulara qətiyyən bənzəmirdi. Demək olar ki, hər şey konkretdi, sadəcə, adicə fəhm bəs edərdi gördüklərinin mənasını anlamağa. Arada bir Dədə Qorquda bənzər bir şəxs də “yuxusu”na girərdi. Həmin kəs ona çox doğma gələr, o insana hətta qanı qaynayardı, mərhəmətli, müdrik, eyni zamanda, ilahi mahiyyətli baxışları yaddaşına həkk olunmuşdu. Ürəyinə gəlirdi ki, bu, onun əcdadlarından Tanrı yanında xüsusi yeri olan kəslərdən biri idi. Köhnə kişilərin dediklərinə görə, nəsillərində belə insanlar az olmamışdı.

Ağır mənəvi zərbə aldığı günlərin birində yatağında xeyli vurnuxandan sonra çul düşmüşdü. Səhərə yaxın yuxuda yenə nəsə ona ağah olmağa başladı. Buna qətiyyən şübhəsi yoxdu. Demək olar ki, sıravi yuxular onluq deyildi. Bu dəfə də hər şeyə adicə seyrçi kimi tamaşa edirdi, sadəcə həmişəki kimi gözləri qapalı idi. “Yuxu”da gördü ki, qohum-əqrabası, qonşuları, yaxın iş yoldaşları tabut aparırlar, özü də çiyinlərində yox, yuxarıda əllərinin üstündə. Az qala yüyürə-yüyürə yeriyirdilər. Fikir verdi ki, tabutdakı meyitin üzü açıqdır. Bu ona qəribə gəldi. Başa düşdü ki, burada nəsə sirr var. Qiyabi şəkildə tabutun yanı ilə qaçır, ha yuxarı dartınır, ölünün kimliyini bilmək istəyirdi. Heç bir cəhdi nəticə vermirdi. Beləcə qəbirstanlığa yaxınlaşana qədər heç nə alınmadı. Bu anda beyni işlədi, ey dili qafil, İlahi qüvvə səni doğmalarından kiminsə can üstə olmasından xəbərdar edir. Elə o andaca yadına yaşlı atası və bir neçə yaxın qohumu gəldi. Tezcə gözünü açdı. Yerindən tərpənmək istədi, mümkün olmadı. Elə bil kəsilmiş ətlik heyvanlar kimi sallaxanadaydı. Demək olar ki, donmuşdu. Nə başını, nə də bədənini tərpədə bilmirdi. Başa düşdü ki, bədəni soyuyur, ölümlə üz-üzədir. Beyni isə kifayət qədər işlək vəziyyətdəydi. Ölümdən qətiyyən qorxmadığından fövqəladə vəziyyətlərdə özünü heç vaxt itirməzdi, bütün qüvvəsini təcili çıxış yolunu aramağa səfərbər edərdi. Bu dəfə də beynini işə saldı. İlk növbədə, göz qapaqlarını ara vermədən qırpmağa başladı. Sonra əl və ayaq barmaqlarını işə salmağa çalışdı, amma bədəni onun deyildi, elə bil adicə taxta parçasıydı. Xeyli əlləşəndən sonra bədəni qismən bərpa olundu, hiss etdi ki, qanı qaynamaqdadır. Belə çətin vəziyyətdə olmasına baxmayaraq kimsəni narahat eləmədi, səsini çıxarmadı. O məqamda danışa biləcəkdi, ya yox, bu da ona bəlli deyildi. Nəhayət ki, böyük çətinlik bahasına birtəhər böyrü üstə çevrilib, özünü yataqdan yerə sala bildi. Bunu tələsmədən və ağılla etdiyindən ciddi zədələnmədi. Sürünə-sürünə özünü mətbəxə çatdırdı. Bir təhər dayaq verib ayağa qalxdı və çaydanın altını yandırdı. Su qızana qədər idman təmrinləri eləməyə çalışdı. Artıq kəfəni yırtdığına əmindi. Bir az sonra xeyli isti su içdi və idman hərəkətlərinə ara vermədi. Alnını, boynunu tər basanda artıq hər şey qaydasındaydı. Bütün bunlara isə haradasa ən azı bir saatdan çox vaxt sərf eləmişdi. Beləki, dan yeri sökülməkdəydi. Beləcə, ona İlahi qüvvə tərəfindən “pay göndərilən” agaholma hesabına ölümün pəncəsindən xilas oldu.

Məhəbbət şərbətini erkən dadmışdı. Əslində, əksər hallarda bunu məhəbbət şərbətindən çox sevgi şirinçayı adlandırmaq daha düzgün olardı. Ailə adlı mini dövlətə yetməyəcək gücdə olan ilk sevgi çox vaxt bu yolda ibrətamiz təcrübə rolunu oynayır. O, sevməyə universitetin birinci kursunun ilk günlərində başladı. Məhəbbəti adi ünsiyyətdən, sözlərinin çəp gəlməsindən cücərdi. Gözünə, könlünə yatımlı gələn bu qızı təqribən 25 yaşına qədər yaddan çıxarmadı. Ara-sıra sevgisi tam səngisə də. Qarşı tərəfin də ona münasibəti təqribən eyni cür idi. Ağılları kəsdikcə, bir-birləri üçün yaranmadıqlarını aydınca sezsələr də, qarşılıqlı hörmət hissinin çox güclü olması onlara qəti qərara gəlməyə uzun müddət imkan vermədi. Nəhayət, günlərin birində reallığın gözünə dik baxıb dost qalmağın ən düzgün çıxış yolu olmasında orta məxrəcə gəldilər.

Ali təhsilini başa vuran Elgün işə düzəldi. Gələcəklə bağlı planlar qurur, xəyallar dəryasına baş vurmaqdan yorulmurdu. Qalan ömür yolunu bölüşəcəyi kəslə bağlı idealını da artıq müəyyənləşdirmişdi. Düşüncələrində maksimalist idi. İllər ötsə də, arzuladığı qadına rast gəlmədi ki, gəlmədi. Şərti evlənməyi də özünə yaxın belə buraxmırdı. Əgər, insanın ruhu bəslənmirsə, ən yaxşı halda o, doğmaları, yaxınları üçün yaşamaq məcburiyyətində qalır. Elgünə də belə tale qismət olmuşdu, mənəvi və maddi varını kimsədən əsirgəmirdi. Bu baxımdan təkcə özünə qıymırdı. Bir də ki, əgər, sənin qanını coşduran, yaşayıb-yaratmağa kökləyən həyat həmdəmini tapmamısansa, sıravi həyata üstünlük verməyə vərdiş edirsən.

Bu cür cansıxıcı mühitdən bezən Elgün günlərin birində yeni tikilən binalardan birinə köçməyə qərar verdi. Özü də bildi ki, yenə də hansısa İlahi qüvvə onu bu addımı atmağa sövq edir. Bir neçə yaşayış binası arasında seçim etməli oldu. Nəhayət, ayaqları həmin binalardan birinin qarşısında mıxlandı. Əslində, bu, ondan çox Tanrının seçimi idi. Tezliklə yeni rahat mənzilinə köçdü. Həyətdəki ağacların kölgəsindəki oturacaqda əyləşib dincəlməkdən zövq alırdı. Bu binada yaşayanların hamısı səviyyəli ailələr olduğundan seçimindən çox razı idi. Qonşuluqdakı qızlardan biri də onu yaman çəkirdi.

Artıq iki həftə olardı ki, yeni mənzilində yaşayırdı. Burada deyiblər, sən saydığını say, gör fələk nə sayır. Qonşulardan biri məişət texnikaları alıb gətirmişdi. Yük maşınındakı həmin əşyaları daşıyan fəhlələr cəmi iki nəfər olduqlarından yuxarı mərtəbəyə ağır texnikaları qaldırmaqda çətinlik çəkirdilər. Onlara kömək etməyi mənəvi borcu bilən Elgün yaxınlaşıb dəstək verdi. Pilləkənləri ehtiyatla qalxıb əşyaları mənzilə yerləşdirəndə buranın onun ürəyini “çalan” həmən qızgilin olduğunu anladı. Qəlbi uçundu.  Ona minnətdarlığını bildirən nurani qadın elə bil nəsə duyuq düşdü. Elgünü heyrət bürüdü. Bir anlığa özünü unutdu. Onunla üzbəüz dayanan bu xanım dan yeri söküləndə üfüqdən boylanan Günəşə bənzəyirdi. Məhz həmin anlarda Günəş saf su qədər duru, tərtəmiz olur. Diqqətlə müşahidə edənlər yaxşı bilirlər, tədricən səmada yuxarı qalxdıqca Günəş də elə bil ki, su kimi yavaş-yavaş lillənir. Elgün həmin andaca qarşısındakının yüksək əxlaqlı, namuslu, daxili dünyasından nur saçan ev xanımı olduğunun mahiyyətinə vardı. Haradan ağlına gələydi ki, məhz həmin məqamda rəğbəti olduğu qıza qarşı doğma münasibətinin bünövrəsinə ilk kərpic atıldı. Bundan xeyli sonra xəbər tutacaqdı.

O, daxilindəki ülvi hissin necə böyüməsindən həqiqətən illər boyunca xəbərsizdi. Bunu sadəcə rəğbət kimi dəyərləndirirdi. Özü də mahiyyətinə dərindən varmadan qonşu qızını gözündən qoymur, mütamadi  “kəşf”  edir, ona doğmalığını əskiltmirdi.  Bu qıza daxilən hörməti o qədər böyük idi ki, yaşı qırxı haqlasa da, onun ailə qurmadığına qəlbən heyfsilənirdi. Nədənsə, o, bu qızı çox xoşbəxt görmək istəyirdi. Ara-sıra özü də onun üçün dua edirdi. O, həqiqətən, əsl xoşbəxtliyə layiq namuslu, bənzərsiz, füsunkar, müasir və nadir qadın idi. Adamlar var ki, bəxti ayaq üstədi, insanlar da var ki, qisməti daşdan çıxır. Ona elə gəlirdi ki, qonşu qızı da onun kimi taleyi düyünə düşən kəslərdəndi.

Bir-birindən o qədər də fərqlənməyən günlər yaşamaq məcburiyyətində qalan Elgünün həyatı mahiyyətcə “hədər” getməkdə idi. Artıq Tanrıdan da ümidini kəsmiş, sıravi taleyi ilə barışmışdı. Belə bir ümidsiz məqamda yenə nəsə ona agah oldu. Yuxudaydı. Gördü ki, sol tərəfdə sıralanan uca şam ağaclarının arasından yana doğru Günəş şüaları süzülürdü. Həmin sıx meşənin sağ tərəfində Günəş şüalarının işıqlandırdığı, döyəclənməkdən asfaltı xatırladan torpaq yolla üzü aşağı ona sarı orijinal formalı gəlin paltarında bir qız gəlirdi. Seyrək, nəfis qızılgül kolları ilə bəzədilmiş həmin paltardakı qızın çöhrəsi elə bil Günəşinki idi. Bütün varlığı ilə sanki uça-uça ona tərəf addımlayan qadının üz-gözündən nur yağır, ona uzaqdan-uzağa tükənməz nəvaziş, nəzakət “pay” göndərirdi. Gözlərində məhəbbət bulağı qaynayırdı. Onu bağrına basmağa tələsdiyi, sevgidən çiçək açdığı aydınca sezilirdi. Elgün mat-məəttəl bu tale payını seyr edirdi. Beləki, qarşısındakı qonşu qızı Aysel idi. Agaholmanın güclü təsiri altında elə bil qəflət yuxusundan oyandı. Başa düşdü ki, Tanrı neçə illərdir özünün də xəbəri olmadan o qızı sevdiyinə işarə vurur. Bu, eyni zamanda, Tanrının onlara xeyir-duası və bunu Ayselə də çatdırmaq barədə ona  mənəvi “tapşırığı” idi.

 Səhərəcən gözünə yuxu getmədi. Ötən illərdə olub-keçənləri təfsilatı ilə kinolenti kimi gözlərinin önündən keçirdi. İndi qəti əmindi, İlahi sevgi ilə Ayselə bağlanmışdı. Ötən müddətdə bu qədər mükəmməl və həsəd aparılacaq saf duyğudan niyə “xəbər” tutmamışdı, bu, hələ də onun üçün müşkül sual olaraq qalırdı. Bircə şey ona tam aydındı, bu, təhtəl-şüur baş vermişdi.

Səhərisi, baharın ilk günlərindən birində Ayseli hər şeydən olduğu kimi xəbərdar etdi. Böyük nəzakətlə onu dinləyən Aysel bu nəcib duyğuya görə dərin minnətdarlığını dilə gətirib, buna qarşılıq verə bilməyəcəyini söylədi. Elə bil onu zəhərli gülləylə düz kürəyinin ortasından vurdular. Təkidlə Ayseli qərarında tələsməməyə çağırsa da, ümidverici heç bir şey eşitmədi. Yaşamaq onun üçün bir qədər də ağırlaşdı, o gündən qəlbi qan ağlamaqdaydı.

Aylar bir-birini əvəzləsə də, heç nə dəyişmirdi,əksinə, Aysel get-gedə ona qarşı daha soyuq münasibət bəsləyirdi. İkili vəziyyətdə qalmışdı; bir tərəfdən həmin qız onun damarlarında çoxdan donan qanını hərəkətə gətirmiş, özünə inamını bərpa etmiş, yaşayıb-yaratmaq, insan kimi gün görmək istəyini ümmana çevirmişdi, digər tərəfdənsə, bu bir tərəfə dursun, əvvəlki sıravi həyatı da əlindən alınmışdı. Sevgisinə yetməyənlərin qəlbi isə susuzluqdan bağrı cadar-cadar olan torpağa bənzəyir. Böyük sevgi kimi müqəddəs duyğunu iç dünyasına sığışdırmaq qüdrətində olan Elgünün qismətsizliyi isə heç bir sağlam məntiqlə izah oluna bilməzdi. Mənəvi əzablar elə bil onun boyuna biçilmişdi. Ümidsizlikdən bəzən az qalırdı intiharı üstün tuta. Ölümsə heç vaxt çarə, düzgün çıxış yolu olmayıb. Bir də ki, özünə qəsdlə nə yaxınlarına, nə də Ayselə mənəvi zülm yaşatmaq istəmirdi.

Fəsillər bir-birini əvəzlədikcə, təbiət də qiyafəsini dəyişirdi. Oktyabr ayı idi. Qızılı payızın məhsulu olan xəzan Elgünə heç cür pöhrələnmək bilməyən məhəbbətini xatırladırdı. Daxili dünyası zəngin olanlar üçün qəlbinin səsini eşitməkdə xeyir var. Elgün mənəvi iztirablardan qismən də olsa qurtulmaq üçün özünü dənizin sahilinə vermişdi. Bayraq Meydanının yaxınlığında bulvarda ləpələrlə dərdləşirdi. Xəzərin sahili şükür içindəydi.  Sonu görünməyən ümidsizlik Elgünü ağuşuna almışdı. Bu məqamda Xəzərin sahili boyunca yaxınlıqdan uçan durna qatarı diqqətini çəkdi. O, Azərbaycana əsasən ağ durnaların köç etdiyini bilirdi. Baharın müjdəçisi olan bu quşların sayı respublikamızda ildən-ilə azalırdı. Elxan azərbaycanlı mütəxəssislərin durnaların Qırmızı Kitaba salınması ilə bağlı həyəcan təbili döyməyə başladıqlarından da xəbərdardı. Bütün varlığı ilə durna köçünü seyr etdiyi məqamda içindən qeyri-ixtiyari onlara qoşulmaq, əbədi iztirabdan qurtulmaq istəyi keçdi. Tərəddüd etmədən Tanrıya üz tutdu, yalvardı. Həqiqətən möcüzə baş verdi. Durna qatarı birbaşa ona sarı yan aldı, bu dəmdə Elgün də qanadlanıb durnaya döndü və köçə qoşuldu. Durnalar böyük ehtiramla ona ikinci sırada yer ayırdılar. Yəqinki, yolu tanısaydı, bu qədirbilən quşlar lap onu başa da keçirərdilər.

Dənizkənarı parkda insanlardan birinin durnaya dönməsi xəbəri ildırım sürətilə bütün ölkəyə yayıldı. Yaxınlıqdan bunu seyr edən bir neçə nəfər televiziya ekranlarından düşmür, şahidi olduqları möcüzəni dönə-dönə təkrarlamaqdan yorulmurdular. Bütün kütləvi informasiya vasitələrində bu hadisə baş xəbərlərdən birinə çevrilmişdi. Bunu eşidəndə Ayselin ürəyinə o andaca damdı ki, olmaya, bu Elgündür. O, qarşılıq verə bilməsə də Elgünün sevgisinin böyüklüyünü, ülviliyini yaxşı bilirdi.  Bu məhəbbət o dərəcədə yüksək idi ki, insan övladının ona tablaşması belə olduqca çətindi. Zənnində yanılmamışdı. Qısa müddətdə Elgünün yoxa çıxması xəbəri təsdiqini tapdı. Onun səmaya qanadlandığı məkandan insan seli əskilmirdi, buranı hamı əzbər tanıyırdı. Elgünün yoxluğunda Aysel tanınmaz dərəcədə dəyişmişdi. O, dərin düşüncələrə dalır, ötənləri bir daha saf-çürük eləyirdi. Eqoizminin, inadcıllığının hədsiz dərəcədə yüksək olmasındanmı, yoxsa, özünün də tam izahını verə bilmədiyi hansısa səbəbdənmi daxilində baş verən tədrici “inqilaba” bütün varlığı ilə müqavimət göstərməyə çalışsa da, artıq nəyinsə dəyişməkdə olduğunu aydınca sezməkdəydi.  

 Elgün yol boyu üzərindən keçdiyi məkanları yaddaşına köçürür, xeyli müddətdir ona sakitlik verməyən mənəvi əzablarınından qurtulmağa çalışırdı. Günlərlə uçuşdan sonra nəhayət ki, mənzil başına yetişdilər. Onların məskən saldıqları ucu-bucağı görünməyən su hövzəsində durnalar saya gəlmirdi. Burada ağ, qara, kəkilli, bao, Amerika, Hindistan və digər növlərdən olan durnalar əzəmətli bir səhnə yaratmışdılar. Saatlarla bir ayağı üstə suda dayanan qayğısız durnalarla bir yerdə olmaq tədricən onu ovundurur, iç dünyasındakı sağalmaz mənəvi yaralar heç olmasa qaysaq bağlayırdı. Beləcə yaz da, yay da ötdü. Xeyli toxtaqlıq tapdı. Durna həyatı ona nisbi sakitlik gətirsə də, payıza doğru yamanca qəribsədiyinin mahiyyətinə vardı. O, durna selinin içində nizamsız xatirələr burulğanında çapalamaqdaydı. Tezliklə durnaların geriyə köç edəcəyi reallığı onun mənəvi dünyasında zəlzələ doğururdu. Ötən il onu “qəflət yuxusu”ndan ayıldan, Ayseli sevdiyini ona müjdə verən məqamlar Elgünün yaddaşında birər-birər canlandı. İçi yenidən qan ağladı. Qiyabi də olsa gözü, könlü Vətənə sarı boylandı. Beləcə, geriyə köç başlayana qədər tərəddüd içində çapaladı, axı, qayıtmağın nə faydası, Aysel onun qəlbini qəbirstanlığa çevirmişdi. 

Elgünün yoxluğunun ilk günlərindən Ayselin mənəvi dünyasında çaşqınlıq hökm sürürdü. O, tərəddüd içindəydi. Elgünü bu gözlənilməz addımı atmağa sövq etdiyinin mahiyyətinə varırdı. Vaxtilə bir  o qədər əhəmiyyət vermədiyi məqamlar indi onu sakit buraxmırdı. Artıq hər şeyə soyuq məntiqlə yanaşırdı. Tanrının müti qulu olan zaman ən böyük və ən ədalətli hakimdir. Bu danılmaz həqiqət Ayselin də Elgünə münasibətinə yeni çalarlar qatırdı. Yaddaşını qaşovladıqca, Elgünün əksəriyyətə bənzəmədiyinə, onun iç dünyasının insanlığa xeyirxahlıqdan yoğrulduğuna bir daha əmin olurdu. Elgünün ona İlahi sevgidən qaynaqlanan məhəbbətini vaxtında qədərincə dəyərləndirə bilmədiyinə peşimanlığı gündən-günə güclənirdi. Özünə qarşı onun dilindən səslənən Tanrı kəlamlarını bir-bir xatırladıqca tutduğu amansız mövqenin ən azı allahsızlıq olduğunu anlayırdı. O yaxşı bilirdi ki, qızlar bir növ qaranquş balalarına bənzəyirlər. Göz açdıqları yuva onlar üçün müvəqqətidir. Qanad çalandan sonra Tanrının buyruğu ilə onlar özlərinin yeni ünvanlarını “kəşf” etməlidirlər. Məhz bu yeni yuva onların əsl evinə çevrilir, doğmalaşır, sonradan bura “qonaq” gəldiklərinə heç inanmaqları belə gəlmir, elə bil, oradaca dünyaya göz açıblar. Ona bu cür isti ocaq təklif edən, onun üçün hər şeyindən keçməyə hazır olan Elgünə haqsız münasibətinə görə özünü qınayırdı.

Rəfiqələri həqiqətən onu çox istəyirdilər. Uzun illər boyunca ona həmişə mənəvi dayaq olan bu xanımlar Ayselin indiki peşimançılığını bölüşməkdə də yardımçı olurdular. Tez-tez onu qonaq çağırır, imkan düşdükcə birgə gəzintiyə çıxırdılar. Bir dəfə yaşlı qaraçı qadınla qarşılaşdılar. İlk baxışdan hiss olunurdu ki, o, qaraçıların cırından deyil, bacardıqca “müasirlik” çirkabına bulaşmayıb, təbiiliyini qoruyub saxlayıb. Adama hərdən elə gəlir ki, nisbilik nəzəriyyəsinin əsl müəllifi elə bu qaraçılardır, milliyyətcə yəhudi sayılan Albert Eynşteynin də deyəsən az-çox bunlarla qarşığı olub. Maraqlıdır, qaraçılar yüzlərlə insan içərisində kimə yaxınlaşmağı, yəni potensial “müştəri”ni əksər hallarda anındaca dəqiqliyi ilə müəyyənləşdirə bilirlər. Rəfiqələri təkidlə Ayseli bu təmiz qaraçıya falına baxdırmağa razı saldılar. Qızın əlini ovucuna alan qaraçı azca keçmiş dilləndi:

- Xanım, Tanrının verdiyi xeyir-duadan insan qaçarmı?!. Axı, sən onunla birlikdə nail ola biləcəyin xoşbəxtliyi başqa birisi ilə əldə edə bilməzsən. Bu reallıqdır.  Özün də bunu qədərincə başa düşürsən. Sən yaxşı bilirsən söhbət kimdən gedir?!. Qəribəsi isə odur ki, indi o haradasa uzaqlardadır, yerini dəqiq tapa bilmirəm, gözümə yalnız çoxlu-çoxlu durnalar görünür...

Qaraçının axırıncı sözləri Ayseli yamanca tutdu, qarşısındakının həqiqəti söylədiyinə qətiyyən şübhəsi qalmadı. Tezcə artıqlaması ilə qaraçının zəhmət haqqını ödəyib rəfiqələrinə qoşuldu. Ona ürəkdən bağlı olan, dualarını heç zaman əsirgəməyən vəfalı rəfiqələri də Ayselin qəlb çırpıntılarına məlhəm olmağa çalışırdılar. Ona bir daha Tanrının mərhəmət qapısının haqq edənlərə, gec-tez həqiqətin gözünə dik baxmağı bacaranlara daim açıq olduğunu söylədilər.O gündən Aysel xoş müjdənin sorağındaydı, yuxusu tamamilə ərşə çəkilmişdi.

 Nəhayət, Azərbaycana köç məqamı yetişəndə Elgünə vaxtilə yol yoldaşlığı eləyən durnalar insanlardan daha etibarlı olduqlarını bir daha ortaya qoydular. Mehriban nəzərlərini ona zilləmişdilər, cavab gözləyirdilər. Heç cür qanad aça bilməyən Elgün yalnız isti göz yaşları ilə onlarla vidalaşdı. Durna köçü nəzərindən itənə qədər onları gözlərindən qoymadı. Məskən saldıqları ərazidə tam seyrəklikdi, köç ara vermirdi. Payız da artıq özünü göstərməkdəydi. Dəqiqələr bir-birini əvəzlədikcə özünü qərib hiss etməyə başladı.  Bağrının başındakı tənha bahar çiçəyinə - Ayselə olan tükənməz  məhəbbəti ucu-bucağı görünməyən okean tək yenə qövr eləyirdi. Bulaq tək saf hissləri yenidən onu ağuşuna aldı, nə vaxt qanad çaldığından xəbəri olmadı. Ötən baharda ona agah olan sevgisinə sarı yola düzəldi. Nə yaxşı ki, gələndə marşruta hərtərəfli diqqət yetirmişdi. Fəhmi də ona yardımçı olurdu. Bir də ki, yaxşı bilirdi, Tanrı onu olmazın sınaqlara çəksə də, son məqamda mərhəmətini ondan əsirgəməzdi.

Beləcə, günlərlə uçuşdan sonra doğma Bakıya yaxınlaşmaqdaydı. Artıq Şıx çimərliyi görünürdü. Diqqətini könülləri və ruhu dağlayan mənzərə çəkdi. Bu, uca göylərdən bütün təfsilatı ilə sezilirdi. Sahil boyunca hündür daş hasarlar lap Çin səddinə bənzəyirdi. Ədalət tərəzisinin pozulduğu göz qabağındaydı, insanlar Xəzərlə göz-gözə qalmaqdan məhrum edilmişdilər. Kimlərsə öz şəxsi məqsədləri naminə milyonlarla insanın halallıca haqqına qənim kəsilmişdilər. Əslində, bu, soydaşlarını təkcə mənəvi həzzdən deyil, mahiyyətcə, Vətən, yurd sevgisindən məhrum etmək deməkdir. Gözlərə, könüllərə köçməyən Vətəni, axı, necə sevmək olar?!. Bu, ən azı doğmaları bir-birinə tamarzı qoymaqdır!!!

Elgün qəlbi dağlayan həmin mənzərələrlə göz-gözə ikən Aysel də Bayraq Meydanının yaxınlığına çata-çatda idi. Qaş qaralmaq üzrəydi. Xatirələr aləmində çırpınan Aysel nəhayət Elgünün qürbətə istiqamət aldığı məkana yetişdi. Buranı hamı beş barmağı kimi tanıyırdı, “Elgünün möcüzəsi” çoxdan dillər əzbəri idi. Ayselin daxilindən gələn qəti inam ona Elgünün mütləq qayıdacağını xəbər verirdi. Son günlərdə bura tez-tez gəlməyinin səbəbi də elə bu idi. Yerini təzəcə rahatlamışdı ki, nəzərini yaxınlıqdan ötən durna qatarı cəlb elədi. Sonsuz ümidlə onlara sarı boylandı. Özünü saxlaya bilmədi, durnalara əl də elədi. Cəmi yeddi durnadan ibarət köç isə ona məhəl belə qoymadan mənzil başına tələsməkdəydi. Bu dəfə də ümidləri doğrulmayan Aysel xəyalən dənizə sığal çəkməkdəydi. Qaş qaralsa da, daha heç bir durna qatarı gözə dəymədi. Ayselsə nəzərlərini uca göylərdən çəkə bilmirdi, “möcüzə”yə inamı hələ də itməmişdi.  O, Elgünün ona məhəbbətinin müqəddəsliyinə və əbədiliyinə qətiyyən şəkk gətirmirdi. Elə bu səbəbdən geriyə dönməyə də tələsmirdi. Dəniz də onu yaman çəkirdi. Qaş qaralan məqamda gözləri ona sarı yönələn qaraltını seçdi. Tənha durna düz onun bir neçə addımlığında yerə qondu. Hər ikisi diksindi. Göz-gözə idilər. Aysel durnanı ürkütməmək üçün hərəkətsiz qaldı. Durna da karıxmışdı, elə bil, heç cür gözlərinə inanmırdı, özünü sanki yuxuda sanırdı. Beləcə dəqiqələr ötdü. Ayselə elə gəldi ki, bu durna zəif düşdüyündən bayaqkı köçdən geri qalıb. İlk dəfə idi, durna ilə bu qədər yaxındı. Durnadan da səs-səmir çıxmırdı. Sadəcə, bu “görüş”dən, tale payından məmnunluğu aydınca sezilirdi.

Yenidən insana çevrilsə, Ayselin onu əbədi tək qoyacağından çəkinirdi. Tərəddüd içindəydi. Gözləməyə qərar verdi. Sakitcə Ayselə tamaşa edir, neçə ayın ayrılığının ağrı-acısını canından çıxarırdı. Gözlərindən məhəbbət təndirinin alovları dilim-dilim şölə saçırdı. Durnanın ona qarşı bu qədər həssas davranışından ürəklənən Aysel addım-addım ona yaxınlaşdı. Nəvazişini əsirgəmədi. Yaralı olub-olmadığını aydınlaşdırmağa çalışdı. Hər şey qaydasındaydı. Durna məəttəl-məəttəl ona diqqət kəsilmişdi, tam çaşqınlıq içindəydi. Aysel Elgünə qarşı qəlbinin dərinliyində cücərərək boy atan məhəbbət alovunun təsiri altında durnanı əzizləməkdə davam edir, olub-keçənləri xatırlayır, ona qarşı İlahi münasibət göstərən insana ötən müddətdə verdiyi məşəqqətə, onu cəlayi-Vətən elədiyinə görə hədsiz peşimançılıq hissi çəkirdi. Çox gec idi, artıq evə qayıtmağın vaxtıydı. Bir istədi durnanı da özüylə götürə, amma fikirləşdi ki, bu da bir günah olar. Axı, qəlblərindən bahar serenadası əskilməyən durnalar azadlıq sevərdi. Ayrılıq məqamı yetişdi. Heç biri bunu arzulamasa da, Aysel durnaya bir daha sığal çəkib, sağollaşdı. Gözləri doldu, ümidinin bu dəfə də doğrulmaması onu məyus etdi. O, gözdən itənə qədər durna yerindən tərpənmədi, taleyin bu gözlənilməz payından axıra qədər baş çıxara bilmədi ki, bilmədi.

Aysel ha çalışsa da, gözünə yuxu getmədi. Elgünə qarşı haqsızlığı ona sakitlik vermirdi. Bayaq az da olsa onu ovunduran durna da nədənsə gözləri önündən getmirdi, yamanca isinişmişdi ona. Nəhayət, dan yeri sökülənə yaxın ağırlaşan göz qapaqları qapandı. Elgünün ona təfərrütı ilə nəql etdiyi agaholma səhnəsi bu dəfə onun yuxusunda canlandı. Qulaqlarında yenidən “ Bu, Ulu Yaradanın bizə xeyir-duasıdır” kəlmələri səsləndi. Son vaxtlarda buna şübhəsi qalmamışdı. Peşimançılıqdan başqa əlindən nə gələ bilərdi. Yuxuda bənzərsiz gəlinlik libasında Elgünə sarı irəliləməkdəykən birdən onun yerində bayaqkı durnanın dayandığını gördü. Anındaca fəhmi işlədi, necə də bunu tutmamışdı?!. Tələm-tələsik yuxudan ayıldı. Yaz Günəşi yenicə üfüqdən boylanırdı. Nə vaxt özünü Elgünün “uçuş meydançasına”  çatdırdığından xəbəri olmadı. Yanılmamışdı. Arxası ona sarı dayanan kəsdən başqa bulvarda kimsə yox idi. Durna qeybə çəkilmişdi. Elə ilk andaca ona doğma gələn həmin insan haradansa  topladığı kiçik daşları tələsmədən,  həzz ala-ala var gücü ilə dənizə sarı qolaylayırdı. Ayselin gözü Elgünün bir neçə addımlığındakı nəfis gül dəstəsinə sataşanda isə o, çoxdan dolan qara bulud kimi aramsız göz yaşlarına hakim ola bilmədi... Gözlərinin birindən peşimanlıq, o birindən isə sevinc yaşları süzülməkdəydi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama