İyulun 23-də Binəqədi rayon bələdiyyəsi “Bələdiyyə-mətbuat əməkdaşlığı: Yeni mərhələ və əməkdaşlıq” adlı tədbir keçirilib.
Modernaz saytının məlumatına görə, tədbirdə Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyə sədri Hikmət Quliyev, Xocəsən Bələdiyyə sədri Anar Abbasov və bir sıra KİV nümayəndələri iştirak edib.
Tədbirdə Ağdam rayonunun işğalının anım günü 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Hümbət Hüseynov KİV nümayəndələri ilə ilk dəfə belə görüş keçirildiyini deyib.
“Görüşün əsas səbəblərindən biri odur ki, son vaxtlar prezident İlham Əliyev tərəfindən bələdiyyələrə ciddi iradalar tulub. Bələdiyyənin 15 illik tarixi var. İlk dəfə 1999-cu il dekabrın 12-də yaradılan bələdiyyələr qısa müddət ərzində torpaq satan təşkilat kimi tanındı. Bu da onun imicini aşağı salmağa başladı. Prezident İlham Əliyev 2007-ci il dekabrın 1-də fərman verdi ki, bələdiyyələrin özəlləşdirilə bilən torpaq sahəsi istifadəyə, icarəyə, mülkiyyətə hərrac və müsabiqə yolu vasitəsi ilə verilib. Bununla da demək olar ki, bələdiyyələrə qarşı olan mənfi imic sındırıldı. Artıq bələdiyyələr birbaşa torpaq satışı ilə məşğul olmurlar.
Əməkhaqqı fondu, bələdiyyənin saxlanılması, bununla bərabər abadlıq işlərinin görülməsi üçün müəyyən maliyyə mənbəyi əldə etməliyik. Müəyyən maliyyə mənbəyi əldə edirik. Amma bu mənbə ilə hər bir vətəndaşımızın məhəllədaxili küçəsində olub, onların dediyi məsələləri həll edə bilmirik. “Bələdiyyələrin statusu haqqında” qanunda yazılıb ki, ildə iki dəfədən gec olmayaraq seçicilər qarşısında hesabat verilməlidir. Bəlkə də yeganə qurumuq ki, məhz KİV-lə işləməyə bizim böyük ehtiyacımız var.
Binəqədi rayon bələdiyyəsi beş ayrı-ayrı qəsəbə bələdiyyəsindən ibarətdir. Bunlar Binəqədi qəsəbə Bələdiyyəsi, Binəqədi rayon bələdiyyəsi, Xocəsən Bələdiyyəsi, Biləcəri və Rəsulzadə bələdiyyələridir. Bu bələdiyyələrin hamısının ayrılıqda müəyyən sahələr üzrə irəlliləyişləri olub”.
Tədbir daha sonra qəsəbə bələdiyyə sədrlərinin çıxışı ilə davam edib. Onlar da ilk növbədə jurnalistləri iyulun 22-də Milli Mətbuatın yaranmasının 140 illik yubleyi ilə əlaqədər təbrik ediblər. Daha sonra qəsəbə bələdiyyəsi olaraq gördükləri təmizlik, quruculuq, abadlıq işlərindən və keçirdikləri görüşlərdən danışılıb, jurnalistlərin sualları cavablandırılıb.
Sonda bələdiyyə sədrlləri tədbirdə iştirak edən jurnalistləri “Bələdiyyə dostu” diplomları ilə təltif edib.
Yeganə OQTAYQIZI