24 iyul şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günüdür. Yaşasaydı 29 yaşını qeyd edəcəkdi.
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Qarayev Modern.az saytına 6 nömrəli şahmat məktəbində mərhum şahmatçının xatirəsinə həsr olunmuş anım tədbirinin keçirildiyini bildirib.
Modern.az saytının məlumatına görə, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.
2010-2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə III Fəxri Xiyabanda dəfn edilib.
Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.
Gülşən RAUFQIZI