“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihəyə yekun vurub. Layihə çərçivəsində sonuncu tədbir İmişlidə baş tutub.
İmişli rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sabit Səmədov bildirib ki, təmsil etdiyi qurum media ilə əməkdaşlığa böyük önəm verir. Onun sözlərinə görə, ölkədə milli mətbuatın yaranmasının 140 illiyinin qeyd olunduğu bu günlərdə İmişli şəhərində analoji tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İcra Hakimiyyəti əməkdaşının sözlərinə görə, rayonda yeni medianın funksiya və vəzifələrinin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə “İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” layəhəsinin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəmin daha da artacağı gözlənilir.
S.Verdizadə qeyd edib ki, əsas məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, internet media məkanındakı neqativ təmayüllərə qarşı ictimai qınağın artırılmasına ehtiyac var. Natiq çıxışında internet media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub. Qeyd edib ki, internet medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi son dərəcə vacibdir.Qarşılıqlı müzakirə şəraitində keçən toplantıda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq internet media sahəsində ictimai tənzimləmənin milli-mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini əsaslandırıblar.
Modern.az