Modern.az

İlham Zəkiyev: “Mənim gözlərim işığı görmür, lakin…”

İlham Zəkiyev: “Mənim gözlərim işığı görmür, lakin…”

27 İyul 2015, 10:31


“Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir”. Modern.az xəbər verir ki, bu sözləri keçmiş kəşfiyyatçı, sınmaz iradəsilə bir çoxlarına nümunə olan paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda ictimaiyyət nümayəndləri ilə görüşünündə deyib.

Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında paralimpiyaçı çempion İlham Zəkiyevlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Qarabağ əlilləri, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon sakinləri yaralanaraq gözünün nurunu vətən yolunda itirən çempionu əsl qəhrəman kimi qarşılayıblar.

Tədbirdə icra başçısı Alı Alıyev qeyd edib ki, 18 yaşında hərbi xidmətə yollanan və kəşfiyyatçı kimi qulluq edən İlham Zəkiyev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini, həyatsevərliyini və iradəsini qoruyub saxlaya bilib. İki dəfə paralimpiya çempionu, 2 dəfə dünya, beş dəfə Avropa çempionu olub. Ən nəhayət Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının 26 iyun Silahlı Qüvvələr Günündə keçirilən cüdo yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
“Prezident İlham Əliyevin də dediyi kimi, İlham Zəkiyev doğrudan da cəsarət və ləyaqət simvoludur. Füzulililər də İlham Zəkiyevi sevir, onunla qürur duyurlar.

Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bu gündən İlham Zəkiyev Füzulinin fəxri vətəndaşı elan olunur”.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani çıxış edərək, İlham Zəkiyevin həyat yolu barədə məlumat verib.

İlham Zəkiyevin özü ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. 16  il sonra yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda olmasından, ona rayonun fəxri vətəndaşı adının veriməsindən təsirləndiyini, qürurlandığını söyləyib.

“Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir. İnanıram ki, yaxın günlərdə biz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik, bayrağımızı Şuşada, Ağdamda Füzulidə dalğalandırıcağıq”.
 
Qarabağ müharibəsi veteran, “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov keçmiş döyüşçülərin  bu gün də döyüşə hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiklərini bildirib.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama