Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova yerinə yetirməlidir. 2010-cu ildə müvafiq qanunla ona bu səlahiyyət verilsə də, media ombudsmanının fəaliyyəti hiss olunmur. Daha doğrusu, media ombudsmanının işçi heyəti belə, formalaşdırılmayıb.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev media obudsmanının fəaliyyətsizliyi ilə bağlı məsələni Modern.az saytına şərh edib.
Arif Əliyev bildirib ki, vaxtilə yerli jurnalist təşkilatlarının böyük təkidi nəticəsində, Azərbaycanda media ombudsmanı institutunun yaradılması haqqında maddə qanunvericiliyə salındı:
“İllərlə bunun mübahisəsi getdi. Amma sonra hökumət büdcəsində vəsait olmadığını bəhanə gətirərək, qanuna qanunvericilikdə bir dəyişiklik etdi. Faktiki olaraq media ombudsmanı institutu ləğv olundu. Yəni hökümət bu işin icrasını tapşırdı İnsan Haqları üzrə Müvəkkil Aparatına. Hətta bu halda da onun xeyri ola bilərdi, amma prezidentin fərmanı oldu ki, 2 ay müddətində Nazirlər Kabineti bununla bağlı təkliflərini, büdcənin ayrılmasını və sair sənədləri hazırlayıb təqdim etsin. Bu 2 ay illərlə davam etdi. Hətta iş o yerə çatdı ki, Ombudsman Aparatının rəsmisi dilə gəlib dedi ki, bu işi icra etmək üçün ona 10 nəfərlik ştat lazımdır. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarları hazırlaması lazım idi. Amma biz buna da nail ola bilmədik. Bu varlı ölkədə 10 ştatın açılması üçün Nazirlər Kabineti Obudsman Aparatına vəsait tapa bilmir. Buna görə də media ombudsmanının fəaliyyəti sıfırdır. Düşünürəm ki, bu sıfır nöqtəsindən də tərpənməyəcək”.
Arif Əliyevin sözlərinə görə, media obudsmanı qanunvericilikdə nəzərdə tutulmuş formada fəaliyyət göstərsəydi, İnsan Hüquqları üzrə Müvəkkil kimi həbsxanalardakı jurnalistlərlə görüşər, jurnalistlərin hüquqlarını pozan təşkilatlara müraciətlər yazar, beynəlxalq təşkilatlara hesabatlar verər, təkliflər təqdim edər və sair işlər görərdi.
“Tutaq ki, hansısa yerdə jurnalistin informasiya əldə etməklə bağlı hüququ pozurlarsa, həmin jurnalist dərhal media ombudsmanına müraciət edə bilərdi və bu qurum bilavasitə dövlət orqanlarına yüksək səviyyədə məsələyə müdaxilə etməsi üçün təsir gəstət bilərdi. İndi jurnalistin buna imkanı yoxdur. Bu cür situasiyalarda uzaqbaşı deyirlər, get məhkəməyə ver. Amma bu xüsusi yaradılmış müstəqil dövlət qurumu idi, hansı ki, qanunlar yerinə yetirilmədikdə qanunu icra etməyən şəxsin cəzalanmasını tələb edə bilərdi”.
Qurumun maliyyə baxımından yox səviyyədə olmasına gəlincə, Arif Əliyev vurğulayıb ki, burda heç bir maliyyə problemi yoxdur: “Azərbaycan Avropa Oyunları keçirə bilir, 5-10 ştatlıq struktur yarada bilmir? Əlbəttə, burda maliyyə problemindən söhbət gedə bilməz. Sadəcə hökümət bu institutun yaranmasında maraqlı deyil. Jurnalistikanın da gücü çatmır ki, məsələni gündəmə gətirsin. Çünki jurnalistikanın səviyyəsi zəifdir. Qalır hökumətin öz istəyi. Açığı yaxın vaxtlarda bu məsələnin həllini gözləmirəm ”.
Yeganə OQTAYQIZI