Modern.az

Ana xisləti

Ana xisləti

28 İyul 2015, 10:15

(hekayə)

 Sovet dövrü idi. Ötən əsrin 70-ci illəri. Həsənovlar da hər bir sovet ailəsi kimi sıravi həyat sürürdü. Onlar Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayırdılar. Ailə altı nəfərdən ibarət idi. Ailə başçısı Fərhad, həyat yoldaşı Şirin, iki oğlu və iki qızı. Onlar zəhmətkeş arı ailəsinə bənzəyirdilər.

      Gecə növbəsindən işdən yorğun gələn Fərhad möhkəmcə yatmışdı. İşi çox ağırdı. Növbə ərzində onlarla dəmiryolu çəninə xam neft doldurmalıydı. Üstəgəl həyətyanı təsərrüfatda da iş başdan aşırdı. Gözünün çimirini alıb, adəti üzrə yaşadıqları ikimərtəbəli binanın həyətinə düşdü. Salxım söyüdün altındakı oturacağa sarı yönəldi.

-          Salam qonşu…

       Mahmud kişi mehribancasına: - Salam, gecə iş çox oldu?

     -      Hə, 27 vaqon doldurmaq məcburiyyətində qaldım.

    -      Deyəsən, bu gün də su olmayacaq?!.

       Mahmud elə bil Fərhadın yarasına duz basdı:

   -      Eh, qonşu, bostanda tərəvəz və göyərtilər susuzluqdan yanır. Bilirəm, sən də mənim günümdəsən… Ailəlikcə gecə-gündüz bilmədən becərmişik, yaxşı da məhsul var… Mal-qara da susuzdur…

       -      Su demişkən, qəsəbənin hamamı da bir həftədir sıradan çıxıb, daha çətin düzəldələr?!.

               Doğrudan da, tərslikdən bir daha o hamam işə düşmədi. Hamamın qəsəbənin hər yerindən görünən hündür bacası sakinlərə göz dağı oldu. Buranın bircə dənə də olsun sosial problemi qaydasında deyildi. Ən qəribəsi isə o idi ki, döşünə döyməkdən yorulmayan Sovet hökuməti bu qəsəbəyə adicə mədəniyyət evini də çox görmüşdü. Bir sıra dağ kəndlərində belə mədəniyyət evləri, kitabxanalar tikildiyi halda burada bircə dənə də olsun mədəniyyət obyekti yox idi…

  Sinə dolusu ah çəkən Mahmud kişi qısa fasilədən sonra dilləndi:

     -      Heç cür başa düşmək olmur bu hökuməti… Paytaxtın 15-20 kilometrliyində, düz Bakı-Şamaxı avtomagistralının beş addımlığında yerləşməsinə baxmayaraq qəsəbəmizə ögey münasibət əskilmir ki, əskilmir…

     -      Doğrudan da, axı, niyə biz uşaqları oxumağa Xırdalana və ya Biləcəriyə göndərməliyik. Bu boyda qəsəbənin məktəbi niyə səkkiz illik olmalıdır?!. Əməlli-başlı ictimai nəqliyyatın yoxluğundan kənardan yaxşı müəllimlər də gəlib işləmək istəmirlər burada… Yazıq camaat qalıb Bakı-Sumqayıt elektriçkasının (elektrovuzun dartığı 6 vaqondan ibarət sərnişin qatarı) ümidinə. O da, 3-4 saatdan bir işləyir…

     -      Deyirlər bu axşam qəsəbəmizə hind kinosu gətirəcəklər?!.

     -      Yenə o mal damında göstərəcəklər, yəqinki?!.

     -      Hər halda, sağ olsun, o institutun (qəsəbədəki kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutu nəzərdə tutulur) direktoru, camaata yazığı gəlir, icazə verir, o mal damında da olsa kinonu göstərməyə… Yoxsa, bizi bir neçə saatlığa ovunduran o kinolardan da məhrum olardıq… Eh…

      Qəsəbədə xeyli rus, xoxol, yəhudi, erməni və digər millətlərdən olan sakinlər də yaşayırdılar.  Əksəriyyətinin açıqdan-açığa bizimkiləri görməyə gözü yox idi. Onları “qolçomaq” qismində təsəvvür eləyirdilər. Nə var, nə var ki, qəsəbədə yaşayan azərbaycanlılar min bir əziyyətlə tərəvəz becərir, həmçinin, mal-qara, davar və toyuq-cücə saxlayırdılar. Özlərini çətin işə vermək istəməyən bu gəlmələrdən fərqli olaraq onlar daimi iş yerlərində çalışmaqla yanaşı suyun qıt olmasına baxmayaraq, alın təri il əlavə çörək qazanırdılar. Böyük çətinliklə də olsa, məhsullarının əksər hissəsini satmağa Bakıya aparırdılar. Özü də müştərilərinin xeylisi ermənilərdi. Təzəcə sağılmış ləziz süd, qatıq və qaymaq, eləcə də, tağlardan yenicə dərilmiş pomidor, xiyar, bibər, digər tərəvəz və göyərtilər səhər tezdən daşınırdı birbaşa onların evlərinə. Yerdə qalan məhsullar da əsasən qəsəbədəki digər millətlərdən olan müştərilərə satılırdı…

      Fərhad qonşusuna:

     -      Mahmud kişi, deyirəm, bizim qəsəbədəki bu müştərilərin tək-tükünü çıxmaq şərtilə, qalanları necə də allahsızdırlar ee?!. İşləməkdən gecəmiz-gündüzümüz yoxdur. Doyunca yatmırıq da. Qapılarını döyüb, alın təri ilə yetişdirdiyimiz məhsulları tər-tər bunlara yedirdirik, di gəl, bizi bəyənmirlər… Yuxarıdan aşağı baxmaqları cəhənnəmə, hələ bizdən şikayət də edirlər. Guya biz, bağ-bostan sahələrini qanunsuz tutmuşuq, nə bilim, nə?!. Canınız çıxsın siz də gedin haranı istəyirsiniz çəpərləyin, əkin-biçin də, kim sizin əlinizi tutub axı?!. Elə bilirlər, gecə-gündüz zəhmətə qatlaşmaq halvadır?!.Duran yerdə başımızı ağrıdırlar. Bizimkilər də ki, haya bənddilər, bunlara gözün üstə qaşın var deyə bilməsələr də, bizi asıb-kəsməyə candılar?!.

      Təbii ki, xeyli əlavə gəlir əldə etdiklərindən azərbaycanlılar nisbətən yaxşı yaşayırdılar, hətta, o vaxt üçün böyük sərvət sayılan “QAZ-31”, “Jiquli”, “Moskviç” və digər markalı avtomobillər də alırdılar. Başqa millətlərdən olan qəsəbə sakinlərinin gözü bunu götürmür, bizimkiləri kapitalizm ünsürü sayırdılar.

     İllər ötsə də, qəsəbədə heç nə yaxşılığa doğru dəyişmirdi, bura elə əvvəlki kimi baxımsız vəziyyətdəydi. Heç deməzdin ki, bura qaynar həyatın hökm sürdüyü paytaxtın beş addımlığındaydı.

     Həsənovlar qəsəbənin ən namuslu və halal ailələrindən biri sayılırdılar. Zəhmətkeşlikdə də heç kəsdən geri qalmırdılar. Çörəkləri alın tərindən çıxan bu ailədə sovet dövrü olmasına baxmayaraq  milli-mənəvi dəyərlər hakim idi. Həmin ailə üçün Tanrıdan və Vətəndən uca meyar yoxdu. Əsl türk qeyrətli oğulları – Toğrul və Elsevər qəsəbənin sayılıb-seçilən cavanlarından idilər. 1979-cu ilin payızında Toğrul əsgərliyə yollandı. Belorusiyada hərbi xidmətdəydi. O, hərbi xidmətə yollanandan anasının yuxusu ərşə çəkilmişdi… Şirin mütamadi televizora baxır, daha çox Moskva kanalını izləyir, xəbərlərə qulaq kəsilir, təsadüfən övladını ekranda görə biləcəyinə ümid eləyirdi.Oğlundan gələn məktubları dönə-dönə oxumaqdan yorulmurdu. Son aylarda yaman narahatdı, elə bil ürəyinə nəsə dammışdı…

     -      Fərhad, Əfqanıstanda müharibə yaman qızışır ha… Birdən…

     -      Yox, sən nə danışırsan, ora təzə əsgərləri aparmırlar, Toğrul avtomat tutmağı hələ indi öyrənir…

    -      A kişi, camaat danışır ki, müharibəyə ən çox “qaraları” – bizimkiləri aparırlar?!.

    -      Eh, camaatdı da, mütləq nəsə danışmalıdır da…

    -      Yox, Fərhad, fikir vermişəm, camaat danışanda azacıq da olsa həqiqət var…

      Rus dilini yaxşı bildiyindən və bacarıqlı idmançı olduğundan əsgərlikdə Toğrulun işləri yağ kimi gedirdi. Cəmi bir neçə ay içində əməlli-başlı hörmət qazanmışdı. Günlərin birində komandiri ona hazırlaşmağı tapşırdı, yerini dəyişəcəklərini bildirdi, amma konkret heç nə demədi. Ürəyinə dammışdı, onu bir neçə yoldaşı ilə birlikdə hara göndərmək istəyirlər. Deyəsən, ta yeniyetməlikdən qəlbinin dərinliklərində gəzdirdiyi arzusunun – qəhrəman olmaq istəyinin çin olması üçün real fürsət yaranırdı. Həmin anda bu fikirini tez-tez bölüşdüyü dayısı oğlu yadına düşdü. Hələ uşaq ikən, Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov, Hüseynbala Əliyev və digər həmyerlilərinin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlar barədə oxumaqdan doymazdı. Ürəyində onlara “paxıllığı” da tuturdu. 

     Yalnız ertəsi günü təyyarədən düşəndə Əfqanıstanda olduqlarını onlara bildirib, təlimatlandırdılar. 1980-ci ilin fevral ayı idi. Valideynlərinin heç cür ağıllarına da gəlməzdi ki, cəmi dördüncü aydır hərbi xidmətdə olan övladlarını cəhənnəm ocağına yollayıblar. Bir neçə gün sonra onlar bu gözlənilməz xəbərdən yamanca sarsıldılar.

    Poçtalyon qapılarını döydü.

     -      Sizə məktub var…

    Şirin sevincək:

    -      Ay bala, sənə qurban olum, səni görüm həmişə sevinəsən…

     Poçtalyonun məktubu anaya verməyi ilə aradan çıxmağı bir oldu. Şirinin muştuluq kimi ona sarı uzatdığı 3 manatlıq pul əlindəcə qaldı. Həmin gündən bu ailənin üzü gülmədi.

      Mart ayının ilk günlərindən biri idi. Təqribən, 15-20 gün olardı Toğrulun Əfqanıstanda döyüşdüyü. Şirin həmin günü evdə özünə heç cür yer tapa bilmirdi. Yaxınlıqdan gələn həzin avaz onun diqqətini çəkdi. Evlərinin bir neçə addımlığında, qəsəbənin girəcəyindəki mağazaya sarı yollandı. Oxuyan o vaxtlar bir o qədər də geniş tanınmayan qəsəbə sakini Alim Qasımov idi. Tezliklə mağazanın qarşısını həmişəki kimi insan seli bürüdü. Qəsəbənin taleyi kimi hələki bəxti üzünə gülməyən Alim Qasımov dostlarının xahişi ilə sakinlər üçün növbəti “konsert”inə başlamışdı. Ətrafdakılar onun təkrarsız avazının, muğamın sirri-sehrinin cazibəsindəydilər. Anaya nədənsə elə gəldi ki, doğmaca qohumu olan Alim bu dəfə daha kövrək oxuyur.  Diqqət kəsildi. Doğrudan da, onun avazı yanıqlı tütək səsini andırırdı. Şirini pis-pis fikirlər caynağına aldı, az qala onu üşütmə tutacaqdı. Əlacsızlıqdan birtəhər muğamatın ocağında qızınmağa çalışdı.  Elə bu dəmdə qonşu uşağı onun qolundan yapışaraq “Şirin xala, Şirin xala” – deyərək silkələdi.

     -      Vayenkomatdan gəliblər, Fərhad əmini istəyirlər…

     Ananı elə bil ildırım vurdu. Tələsik evə sarı götürüldü. Ürəyinə damdığı çin oldu.

         Ertəsi günü Həsənovlar ailəsinə müdhiş bir tabut gətirdilər. Təbii ki, ata-ananın mələrtisi Əfqanıstanda oğullarını itirən minlərlə valideynin fəryadı kimi Moskvaya yetmədi. Sadəcə, Moskva ölümündən sonra Toğrulu “Qırmızı Ulduz” ordeninə layiq gördü. Son ana qədər qəhrəmancasına döyüşən, komandirini də xilas edən Toğrulu Bakı-Şamaxı yolunun 60-70 kilometrliyində, dağlar qoynunda yerləşən “Qırxlar” qəbirstanlığında torpağa tapşırdılar.

        Bu ağır itkidən özünə gələ bilməyən ailə mehrini evin kiçik oğlu Elsevərə saldı. Onu göz-bəbəkləri kimi qoruyurdular. Daim bir gözləri onun üstündəydi. Elsevər bundan bəzən qeyzlənsə də, onları başa düşməyə çalışır, xatirlərinə dəymirdi. O, qardaşına görə hərbi xidmətini Bakıda keçdi. Həmin iki ili ana nə təhər tab gətirdisə, bir Allah bildi. 

      Əsgərlikdən qayıdandan bir neçə il sonra Elsevər ailə qurdu. Nəvənin dünyaya gəlişi bu evdəki abı-havanı nisbətən də olsa dəyişdi. Xüsusilə, nənə və babanın sevinclərinin həddi-hüdudu yox idi. Hələ Toğrul əsgərlikdə olandan televizorda xəbərləri izləməyə adətkar olmuş Şirin bir gün yenə çəkinə-çəkinə ərinə dedi:

     -      Fərhad, Qarabağda, Ermənistanda dığalar yenə baş qaldırıblar, dinc oturmurlar da, bilirsən?!.

     -      Hə, neçə gündür işdə bu barədə danışırıq. Deyəsən, bu nadürüstlər ”perestroykadan” da yararlanmaq istəyirlər…

     -      Düz deyirsən, camaat danışır ki, Qorbaçovu da ələ alıblar, o da onların tərəfindədir…

     -      Ən pisi odur ki, Ermənistandan, bizimkilərdən xəbərlər gəlir ki, Azərbaycan dayaq dura bilməsə oradan azərbaycanlıları didərgin salacaqlar…

    -      Nə isə, Allah özü saxlasın, Moskvaya qətiyyən etibar yoxdur. İnanmıram Kreml buna yol verə, amma ortada ötən dövrlərin acı təcrübəsi də var…    

              Gündən-günə ara qarşıdı, məssəb itdi. Azərbaycanlıların qara günləri başladı. 1988-ci ilin dekabr ayı idi… Birdən- birə Fərhadgilin həyətində də səs-küy qopdu. Cammat həyətlərə tökülüşürdü, hamı sevinc içindəydi. Fərhadın rastına ilk gələn qonşusu Mahmud oldu:

    -      Xeyir ola, nə baş verib axı?!.

    -      Qonşu, televizorda “Vremya” proqramında indicə göstərdilər ki, zəlzələ Ermənistanı yerlə-yeksan eləyib. Ölənlərin sayı var, hesabı yoxdur.

    Bunu eşidən Şirin yanıqlı-yanıqlı dilləndi:

    -      Ay Allaha qurban olum… Bəs, onlar bilmirdilər ki, dəvədən də böyük fil var… Nə qədər rusların gölgəsinə qısılmaq olar?!. Qanına qəltan elədikləri, şikəst qoyduqları, doğma dədə-baba yurdlarından didərgin saldıqları azərbaycanlıların ahı gec-tez onları tutmalıydı da!?.

      Elə bil ermənilərin əlinə qaçılmaz fürsət düşmüşdü, zəlzələdən bir neçə gün sonra Ermənistandan qalan azərbaycanlıları da qovdular. Öldürülən öldürüldü, birtəhər canını qurtaranlar isə sərhədi keçdilər.

       Bədlik heç bir qapını tanımasın, tanıdısa, əl çəkən deyil… Xəbər gəldi ki, Bakıdakı cavanları tuthatutdu. Bəs, xalqı onsuz da boğaza yığan Vəzirov indi azərbaycanlıları  Spitaka zəlzələdən zərərçəkənlərə köməyə göndərir. Baş bilənimiz deyir ki, fürsətdi, bəlkə, ermənilər bu xoşməramdan təsirlənib bizimlə barışalar…

      Övladaları güclə Ermənistana yola salınan valideynləri heç eşidən də olmadı. Hələ bu azmış kimi onlara hərbə-zorba gələnlər də tapılırdı. Təbii ki, uzun illər boyunca gözdən-könüldən iraq qalan Aşağı Güzdək qəsəbəsi də bu məqamda yaddan çıxmamışdı.  “Vətən çağırır” deyə rəhmətlik Toğrulun qardaşı  Elsevəri də bir neçə yoldaşı ilə birlikdə gedər-gəlməzə yola salırdılar. Hərbi komissarlıqda Fərhadla Şirinin and-amanına məhəl belə qoyan olmadı.

     -      Bircə oğlumuzu da əlimizdən almayın, evdə körpə uşağı qalıb, heç olmasa, qardaşının ruhuna bağışlayın… Yalvarırıq…

    -      Mümkün deyil, Vəzirovun əmridir, kimsəni buraxa bilmərik…

    -      Əgər, Vətən üçün lazımdırsa, bəs, özünüzküləri niyə göndərmirsiniz… Ay qardaşlar,bizim balalarımızı niyə ermənilərə qurban verirsiniz, axı, onların tökdükləri günahsız qanlar sizlərə ibrət dərsi olmadı?!.

       Heç nə alınmadı. Hərbçilərin heç tükləri də tərpənmədi. Elə bil ki, dəvət etdikləri rəsmi tədbirlərdə qəhrəmanın valideynləri kimi Fərhadla Şirini geninə-boluna tərifləyən, vətənpərvərlik dərsi keçməkdən yorulmayan bunlar deyildilər.

     Qəddarcasına cavanları təyyarələrə doldurub Ermənistana yola saldılar. Tezliklə həmin təyyarlərdən birini ermənilərin vurmaları barədə xəbər Azərbaycana ildırım sürətilə yayıldı. Tərslikdən Elsevər də həmin təyyarəyə mindirilmişdi. Danışırdılar ki, təyyarə hava limanının yaxınlığında vurulduğundan sağ qalanlar da olub…

      Bir neçə gün sonra Fərhadgilə növbəti tabut gətirildi. Toğrulun tabutundan fərqli olaraq bu dəfə hərbçilər Elsevərin tabutunu açmağa heç vəchlə imkan vermədilər. Əslində, tabuta ana və atanın ürəkləri qızmadığındanmı, ya başqa hansısa izaholunmaz səbəbdənsə onlar da elə bir ciddi-cəhd göstərmədilər. Həmin təyyarədə olan Şərif adlı bir nəfərin sağ qalması xəbəri onların qəlbindəki ümid qığılcımını alovlandırmışdı. Tabutu Toğrulun məzarının qonşuluğunda dəfn edən kimi valideynlər dərhal axtarışa başladılar. Söhbət gedirdi ki, sağ qalan Şəriflə yanaşı vurulan təyyarədəki yük maşınına qalanan çadırların üzərindəElsevər də uzanıbmış. Ana əllərini göyə açıb yalvarmaqdan yorulmurdu:

-Ey qadir Allah, bizdən kəramətini əsirgəmə, son ümidimizi də qırma!!!

Atanın da imdad diləməkdən başqa çarəsi qalmamışdı:

     -      Yalvarıram, ey Ulu Yaradan, bizə xoş müjdə yetir… Nəslimizin kəsilməsinə imkan vermə. Biz cəhənnəmə, körpəni atasız qoyma… Axı, biz kimə neyləmişik? Özün bilirsən, bizim üçün Tanrı və Vətəndən uca heç nə olmayıb, balalarımız heç qarşıqaya da qıymayıblar?!.

     Günlər ötsə də, Fərhadgil kimi 82 ailənin ümidini doğruldan heç nə baş vermədi. Valideynlərin üz tutmadıqları ünvan, eləcə də, baxıcı qalmadı… Moskvadan müalicədən qayıdan Şərifdən də əməlli-başlı nəsə öyrənə bilmədilər. Qəflətən halı pisləşən Şərifdən də ümidini kəsən ana ömründə ilk dəfə qarğış elədi:

     -      Allah Vəzirovun evini yıxsın… Onu görüm bizim kimi bala üzünə həsrət qalsın… Belə də kallıq olar?!. Sənə xalqın, ölkənin taleyini etibar edələr, sən də göz görə-görə 200 mindən çox azərbaycanlının başına olmazın oyun açan ermənilərə kömək adı altında yığasan yüzlərlə balanı göndərəsən o xaraba qalmışa…

       Dərd gələndə batmanla gəlir. Tale Fərhadla Şirini daha bir sınağa çəkdi. Qızlarını ata evinə qaytarmaq istəyən qudalarına nə deyəsi idilər ki… Cəmi 20 yaşı olan gəlinlərinin ömürlük dul qalmasına onların özü də razı deyildilər… Bir neçə il sonra gəlinləri istər-istəməz ailə quranda bu xəbərə ən çox sevinənlərdən biri elə onlar oldu. Şükür, Tanrının kəramətinə, həyatda elə hadisələr baş verir ki, onların heç cür məntiqi izahı yoxdur. Fərhadla Şirin o vaxtdan yeni ailəyə maneçilik törətməmək naminə qız nəvələrini  də təsadüfdən-təsadüfə görmək məcburiyyətində qaldılar.

     Aradan illər ötsə də, hələ də Elsevərdən xəbər gözləyirdilər. Onun qəbrinin üstünü də hələki götürməmişdilər. Yaxınları dəfələrlə qınasalar da… Üstəgəl, Qarabağ dərdi onlara bala dərdindən də doğmaydı. Fərhadla Şirin, heç olmasa, qəbir evinə Vətən torpaqlarının nisgilini daşımaq istəmirdilər. Elsevərin sağ-salamat tapılması üçün bir dua edəndə, bir neçə dəfə də Ulu Yardandan işğal altındakı torpaqlarımızın azad olunmasını diləyirdilər!!!

     Azərbaycanın müstəqilliyi möhkəmləndikcə  iqtisadi qüdrəti də artır, demokratiya da inkişaf edirərək tədricən beynəlxalq standartlara uyğunlaşırdı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürürdü. Moskvanın qoltuğuna sığınan Vəzirov da ilkin fürsətdən yararlanaraq vaxtilə çəkişmələr girdabında qoyub getdiyi Azərbaycana qayıtmışdı. Təbii ki, bir neçə günlüyə. Ailə üzvləri də onunlaydı.  Onun gəlişindən xəbər tutan jurnalistlərin əlindən birtəhər yaxa qurtarırdı. Günlərin birində əlacsızlıqdan təbiətə üz tutmaq qərarına gəldi. Bir də ki, camaatın üzünə nə haqla  çıxacaqdı. Maşınla Şamaxı istiqamətinə yol aldı. Paytaxtdan təqribən 70-80 kilometrlikdə, yolun kənarındakı dinozavrı xatırladan dağ diqqətini çəkdi. May ayı idi. Ətraf cənnəti xatırladırdı. Avtomobili saxladıb, düşdü. Sürücüdən xahiş etdi ki, onu tək buraxsın. Təbiətin ətri, ətrafdakı al-əlvanlıq insanı bihuş edirdi. O, qeyri-ixtiyari dağa sarı yönəldi. Xeyli gəzib dolaşdı, dörd bir tərəfi doyunca seyr etdi. Birdən diqqətini girişində qədim qəbirlərin də olduğu kiçik qəbirstanlıq çəkdi. Bu, təbiətin cənnət bucağında salınan həmən “Qırxlar” qəbirstanlığı idi. Rəvayətə görə, burada nə vaxtsa eyni nəsildən olan övliyalar dəfn edilib. Sonradan burada basdırılanların əksəriyyəti isə onlara simsarlığı çatanlardı. Toğrulla Elsevərin də qoşa məzarları buradaydı. Qədim qəbirləri seyr edən Vəzirov tədricən həmin məzarların yanına yetişdi. Övladlarının başdaşına sarılan ana və bayaqdan onu diqqətlə izləyən gənclə qəfil üzləşəndə əvvəlcə karıxdı. Tezcə özünü yığışdırıb onlara yaxınlaşdı.

     -      Allah rəhmət eləsin, axır qəminiz olsun…

          Televizorda dəfələrlə gördüyü və yaddaşında möhkəmcə saxladığı bu adamı ilk baxışdanca tanıyan gəncin az qala dili tutulacaqdı. Gözlənilməz səsdən diksinən ana da birdən qarşısında Vəzirovu görəndə matı-qutu qurudu… Vəzirov özünü itirsə də, bunu büruzə verməməyə çalışaraq yenə dilləndi:

     -      Təzə rəhmətə gedib?!.

      Onu görəndən daş heykələ dönən anadan səs çıxmadı…. Vəzirov Toğrulun qəbrinin başdaşına diqqət yetirdi. “ 1980-ci il mart ayının 1-də Əfqanıstanda qəhrəmancasına həlak olub” yazısını oxudu. Azacıq toxtayaraq şəhadət barmağı ilə gicgahını xəfifcə qaşıdı və “müdrikcəsinə” qənaətini bölüşdü:

     -      Zaman da göstərdi ki, o vaxt Leonid İliç Brejnev həlledici səhv elədi Sovetin qoşununu Əfqanıstana göndərməkdə. Amerikalılar mütəffiqləri ilə birgə Sovetləri zəif salıb dağıtmaq üçün qəsdən düşünmüşdülər bunu. Gərək Brejnev sərvət içində üzən Qərblə ayaqlaşa bilməyəcəklərini əvvəlcədən görəydi… Oğul, bil, məhz bu səbəbdən Sovet İttifaqı diz çökdü. Ən dəhşətlisi isə o idi ki, Brejnev heç nəyə nail olmadan minlərlə gəncin həyatını bada verdi, arzularını gözlərində qoydu…

Azca duruxan Vəzirov əlavə eləməyi də unutmadı:

     -      Dövlət başçısı gərək xalqın, ölkənin taleyinə yiyə durduğunu, gələcək barədə məsuliyyət daşıdığını bir an da olsun unutmasın…

      Elsevərin üstü hələ də götürlməyən  qəbrinə sarılan ananı elə bil gülləylə vurdular, az qala huşunu itirəcəkdi. Birtəhər özünə toxtaqlıq verdi.

Vəzirov bu qəbirin də kimin olduğu ilə maraqlandı:

    -      Bəs, bu kimin məzarıdır, təzə dəfn edilib deyəsən?!.

             Bayaqdan lal-dinməz onu dinləyən gənc artıq özünü saxlaya bilməyib püskürdü:

    -      Toğrulun qardaşı Elsevərin məzarıdır… Onu sən öldürmüsən, sən… Spitaka güclə yolladığın təyyarədə həlak olub!?.

    Gözləmədiyi acı həqiqətlə üz-üzə qalan Vəzirov çaşdı, bir anlığa duruxdu… Amma özünəməxsus kallığı ilə davam etdi:

      -      Yox, yox, cavan oğlan, sən düz demirsən… Sənin belə şeylərdən başın çıxmaz . Sən həyatda nə görmüsən ki. Siyasəti hələ qədərincə anlaya bilməzsən… O vaxt ermənilərdən qurtulmaq üçün bu ələdüşməz şans idi. Mən fikirləşdim ki, Tanrı bu fürsəti özü yaradıb. Ermənilər dar gündə qonşularının onlarla bir yerdə olduqlarını görüb düşmənçilikdən əl çəkəcəklər, hər şey tədricən qaydasına düşəcək… Mən nə bileydim ki, onlar bunu qanmayacaqlar?!.

     Bayaqdan səbrini basan ana qəfil güllə kimi açıldı:

     -      Mənə elə gəlirdi ki, sən ötən müddətdə papağını qabağına qoyub, dərindən götür-qoy edib həqiqəti anlamısan. Günahlarını, o cümlədən, ən azı 82 ailəni göz yaşlarına bələdiyini boynuna alıb, heç olmasa, Allahdan üzr diləmisən… Bizlərdən də üzr istəmək üçün fürsət axtarırsan… Mən – ömürlük bala dərdi verdiyin insan ürəyimdə aza qala səni bağışlamaq üzrəydim… Sənsə, günahlandırılması hələ də birmənalı şəkildə tam sübuta yetirilməyən Brejnevi ağızdolusu qınayırsan, özünün bəd əməllərini isə heç yada salamağı belə düşünmürsən?!. Təəssüf, çox təəssüf… Mən indi daha yaxşı başa düşürəm ki, o vaxt – Azərbaycanın taleyinin həlledici məqamında Moskva səni bizə təsadüfən başçı göndərməmişdi?!. Sən olan yerdə Moskvanın “ tənzimləmə” tədbirlərinə qətiyyən ehtiyac da qalmırdı… Sən bütün fəaliyyətinlə məhz Moskvanın “incubator balası” olduğuna şübhə yeri qoymadın…

      Həmin anlarda özünü dünyanın ən bədbəxt bəndəsi sanan Vəzirov ananın daşdan keçən məntiqi qarşısında aciz qaldı… Şirinin çöhrəsindəki kin-küdurətə tab gətirməyən  Vəzirov ürkək addımlarla maşına sarı götürüldü… Az qala dabanına tüpürüb qaçırdı…

       Bayaqdan bəri qəlbini xeyli boşaldan ananın azca keçmiş ona yazığı gəldi, bu insana qarşı hədsiz dərəcədə sərt davrandığını düşündü, ürəyi yumşaldı… Həmin anlarda Vəzirov avtomoibilinə çatmaqdaydı. Birdən Şirinin yadına nəsə düşdü!?. Qızından oğulluğa götürdüyü nəvəsinə tələsik səsləndi:

     -      Təcili ona çat, de ki, mən onu bağışladım…

     Tamamilə çaşqın vəziyyətə düşən gənc heç nə anlamasa da, haylaya-haylaya maşına sarı yüyürdü.

    -      Dayan, dayan, anamın sənə sözü var…

      Uzaqdan hay-küylə yola tərəf qaçan gəncin  onu əzişdirməyə gəldiyini zənn edən Vəzirov sürücüyə “tez tərpən” dedi. Azca keçmiş maşın gözdən itdi.

       Şəhərisi gün paytaxtın mərkəzi küçələrindən birində - “Nizami” kinoteatrının yanında çoxlu adam toplaşmışdı. Özünə qıyaraq son anda avtomobilin altından  9-10 yaşlarında oğlan uşağını xilas edən yaşlı qadını  hadisənin şahidləri təcili xəstəxanaya çatdırdılar. “Dedulya, dedulya” –deyərək titrəyən uşağı da onun nəvəsi bilərək təcili yardım maşınına mindirmişdilər. Azca keçmiş valideynləri itən övladlarını axtarmağa başladılar. Həmin oğlanı xilas edən qadın Toğrulla Elsevərin anası idi. Uşaq isə Vəzirovun nəvəsiydi.

       Ana möhkəm əzilsə də, həyatı üçün çox ciddi təhlükə yox idi. İlkin tibbi yardım göstərib onu palataya köçürdülər. Görüş saatı olduğundan qohumlarla yanaşı ananın bu qəhrəmanlığından xəbər tutan xeyli insan da palataya toplaşmışdı. Vəzirov da hövlnak özünü buraya yetirdi. Bayaqdan ağlamaqdan səsi batan uşaq “dedulya, dedulya” deyib özünü onun qucağına atdı. Vəzirovun sevincinin həddi-hüdudu yox idi. Hamı səssiz-səmirsiz bu səhnəni seyr edirdi.  Vəzirov dönə-dönə minnətdarlıq etsə də, iynə-dərmanın təsirindən yuxuya gedən qadının nə həyat yoldaşı, nə də yaxın qohumlarından heç kəs dillənmədi.  Həmin məqamda Vəzirova Moskvadan kimsə “yuxarılardan” zəng etdi. O, indicə eşitdiyi “xoş müjdəni”  nəvəsinin xilaskarının yaxınları ilə  bölüşməyi  özünə borc bildi:

     -      Gözünüz aydın, ermənilər deyəsən ağıla gəliblər, sülhə razılaşmaq istəyirlər…

      Hamı dik atıldı, nəzərlər heyrətlə ona sarı yönəldi. Vəzirov davam elədi:

    -      Ermənilər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Stepanakertdə keçirilməsini təklif edirlər. Qarabağ erməniləri də bu halda danışıqların onların iştirakı olmadan keçirilməsinə razı olduqlarını bildiriblər. Yerevan rəsmiləri görüş zamanı tam təhlükəsizliyə də təminat verdiklərini deyirlər…

             Güclə də olsa həmin tanış səsi sezən ananın tərpənişi hamını bu dəhşətdən ayırdı. Nə yaxşı ki, Şirin bu cəfəngiyyatı tam aydın eşitmədi. Qadının həyat yoldaşının gözlərindəki qəzəbdən qorxuya düşən Vəzirov tələm-tələsik “şad xəbər”inə ara verib, xəstəyə köməyə hazır olduğunu bildirdi, dil-ağız eləyib palatadan çıxdı. O, palatanı tərk edəndə qapının ağzında qəbirstanlıqda gördüyü gənclə rastlaşdı. O andaca nəvəsini ölümün pəncəsindən xilas edən başısarğılı qadının kimliyini anladı. Bir anlığa dəhlizin ortasındaca donub qaldı. Elə buna bənd imiş kimi nəvəsi yupyumru əlini güclə babasının ovucundan qopararaq palataya sarı götürüldü. Balaca canı ilə ananı var gücüylə bağrına basıb, onu duz kimi yalamağa başladı. “Babulya, babulya, sənə qurban olum” deyərək ağlayan uşağın yanaqlarından sel kimi süzülən isti göz yaşları ananın üzünə damırdı… Ağır göz qapaqlarını güc-bəla ilə aralayan ananın taqətsiz qollarına güc gəldi və o, uşağı bərk-bərk bağrına sıxdı. Bütün qüvvəsini toplayıb zəif səslə dilləndi:

     -      Babana deyərsən ki, mən onu bağışlamışam…

      Uşaq heç nə anlamasa da, başını yellədi və bütün varlığı ilə bir daha ananın yanaqlarından öpərək babasının yanına götürüldü. Şirinin gözləri yenə qapandı. Bu təsiredici mənzərədən paltadakılar özünə gəlməmiş qapı yenə qəfildən açıldı və bu dəfə yeniyetmə bir qız uşağı “nənəcan, nənəcan” deyərək özünün onun üstünə saldı. Ana tam toparlana bilməsə də, Vəzirovun nəvəsinin yenidən qayıtdığını zənn edərək birtəhər qollarında təpər tapıb onu bağrına basdı…  

P.S: Bu hekayəni bibimin oğulları Səmidxan və Nəzərxan Əzizovların əziz xatirəsinə ithaf edirəm.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama