Modern.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə XƏBƏRDARLIQ etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə XƏBƏRDARLIQ etdi

3 Avqust 2015, 12:29

41 dərəcədən yüksək hərarətdə açıq havada işlər dayandırılmalıdır


“Azərbaycan Respublikasının Əmək  Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti  işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır”.

Modern.az xəbər verir ki, bu açıqlamanı yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,  ƏƏSMN yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir.

“Məlumat üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcəkdir.
Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur”.

Qeyd edək ki, son günlər ölkə ərazisində güclü istilər müşahidə olunur. Rəsmi məlumatlara görə, bu gün Bakıda 42, rayonlarda 43 dərəcə isti var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama