Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) artıq ikinci ildir ki, jurnalistika ixtisasına qəbulu iki mərhələdə aparır: abituriyentlər əvvəlcə test imtahanı verir, sonra qabiliyyət imtahanı...
Qəbulun bu cür həyata keçirilməsi, jurnalistika ixtisasında keçid balının aşağı salınması birmənalı qarşlanmayıb. Jurnalistikaya qəbulla bağlı ayrı-ayı ekspertlər, KİV nümayəndələri müxtəlif mülahizələr, irad səsləndirib, qeydlər ediblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mülahizələr, iradlar və qeydlərə cavab verib.
TQDK-dan Modern.az saytına verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin jurnalistika ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının nəticəsinə əsasən aparılıb. Belə ki, III ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlər ixtisas seçimi zamanı istəklərinə uyğun olaraq jurnalistikanı da qeyd ediblər. Nəticədə bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər içərisində daha yüksək bal toplayanlar (ixtisas üzrə qəbul planına uyğun olaraq) ali təhsil müəssisələrinin jurnalistika ixtisasına düşüblər.
2014-cü ildən başlayaraq jurnalistika ixtisasına qəbulda dəyişiklik edilərək, qabiliyyət imtahanları tətbiq olunub. Həmin ilin əvvəlində Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunub, bu məsələ ilə bağlı hər iki qurumun mütəxəssisləri tərəfindən geniş müzakirə aparılıb, xüsusi işçi qrupu yaradılıb, imtahanın keçirilməsi qaydaları və qiymətləndirmə meyarları hazırlanıb. Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu. (müvafiq məlumatlar //tqdk.gov.az/news/general/103/?sphrase_id=414825 və //tqdk.gov.az/news/events/318/ səhifələrində verilib).
TQDK bildirir ki, qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilib. Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünüb. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilib. Abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilib və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazıblar. Esse mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet saytına yerləşdirilib ki, abituriyentlərdə bunlarla bağlı aydın, əyani təsəvvür formalaşsın. (//tqdk.gov.az/exam/bachelor/ səhifəsində "Aktual sənədlər" bölməsi).
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Bütün imtahan prosesi əvvəldən axıradək TQDK-nın inzibati binasında yaradılmış qərargahda canlı yayımlanıb.
“Yuxarıda qeyd etdiyimiz kimi, essenin qiymətləndirilməsi üçün qiymətləndirmə meyarları işlənib hazırlanıb. Meyarlarda mövzunun strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi tələbləri nəzərdə tutulub. Başqa sözlə, esse yoxlanarkən aşağıdakı 5 istiqamət üzrə meyarlar əsas tutulub:
A istiqaməti | İnşanın mövzuya uyğunluğu; essenin həcmi, tərkib hissələri (giriş, əsas hissə və nəticə-sonluq) arasında məntiqi rabitə |
B istiqaməti | Mövzunun yaradıcı şəkildə şərhi və əhatəlilik səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqi ardıcıllıqla verilməsi və inandırıcı olması |
C istiqaməti | Fikrin sitatlarla, nümunə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması |
D istiqaməti | Söz ehtiyatının zənginliyi, ifadəliliyi, yığcamlığı, üslubun vahidliyi və orijinallığı |
E istiqaməti | Yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) sayı |
Bu istiqamətlərin hər biri üzrə qiymətləndirmə ayrıca aparılır. Hər istiqamət üzrə "0", "1" və ya "2" bal verilir (hər istiqamət üzrə maksimal bal 2-dir) və beş istiqamət üzrə verilmiş ballar cəmlənərək esse üzrə yekun qiymət çıxarılır (esse üzrə maksimal bal 10-dur). İnşa (esse) üzrə yekun qiymət “5” və ya “5”dən böyükdürsə esse "məqbul", “5”dən kiçikdirsə "qeyri-məqbul" hesab edilir (esseyə hər bir istiqamət üzrə "0", "1" və ya "2" bal verilməsi üçün tələblər //tqdk.gov.az/exam/bachelor/ səhifəsində "Jurnalistika ixtisasına qəbul imtahanı ilə bağlı inşaların qiymətləndirilməsinə aid nümunələr" adlı materialın ilk 4 səhifəsində verilib). Essenin bu meyarlarla qiymətləndirilməsinin üstünlüyü ondadır ki, E istiqaməti üzrə çoxlu sayda səhvlərə (orfoqrafik, leksik, qrammatik və s.) yol verib, amma digər istiqamətlər üzrə meyarların tələblərini ödəmiş esse müəllifi "qeyri-məqbul" qiyməti alaraq "kənarda qalmır", "məqbul" qiyməti alır. Yaxud, heç bir fakt, sitat və nümunədən istifadə etməyən abituriyentin essesi digər istiqamətlər üzrə meyarın tələblərini ödədikdə, həmin esse "məqbul" ilə qiymətləndirilir. Göründüyü kimi, yalnız dil qaydaları ilə bağlı səhvlər (orfoqrafik, leksik, qrammatik və s.) esseyə verilən yekun qiymətin cəmi 20%-ni təşkil edir (qalan 80% jurnalist üçün ən vacib keyfiyyətlərə: mətnin məntiqi strukturunun qurulmasına, məzmununa, fikirlərin əsaslandırılmasına, söz ehtiyatının zənginliyinə və s. aiddir)”,-deyə TQDK bildirib.
Qurum bəyan edib ki, qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin yuxarıda qeyd olunan meyarlar əsasında yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir. 2015-ci ildə esseləri yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək praktik treninqlər keçirilib. Treninqlərdə 2014-cü ildə keçirilmiş qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilib, bu esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin yoxlanılması üçün yazılmış proqrama daxil edilib. Treninqlərə Mətbuat Şurası tərəfindən təqdim olunmuş jurnalistlər və jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri (abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu prosesdə iştirakı məqsədəuyğundur) dəvət edilib. Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif səbəblərdən (səhhəti ilə, məzuniyyətdə olması ilə, işinin çoxluğu ilə bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə iştirakdan imtina edib. Qalan 26 mütəxəssisdən 16-ı və 80-ə qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-i treninqi müvəffəqiyyətlə keçib (treninqdən keçə bilməyənlərin bir neçəsi kompüterlə işləyə bilmədiklərini səbəb gətirib, müəyyən hissəsi meyarla işləməyib, esseni fərdi yanaşmaları ilə qiymətləndiriblər).
Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina edib) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" ilə qiymətləndirilib. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" ilə qiymətləndirilib.
TQDK bəldirib ki, bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.
“Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi (müvafiq məlumatlar //tqdk.gov.az/news/bachelor/725/ və //tqdk.gov.az/news/bachelor/1486/ səhifələrində verilib). Aşağıdakı cədvəllərdə qəbul imtahanında iştirak etmiş 492 abituriyentin topladıqları bal intervalları üzrə məlumatlar verilib. Cədvəldən görünür ki, 600-dən çox bal toplayan abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər.
Bal intervalı | Qeydiyyatdan keçən abituriyentlərin sayı | Müsabiqə şərtini ödəyənlərin sayı | Qabiliyyət imtahanında iştirak edənlərin sayı | Məqbul qiymət alanların sayı |
0-100 | 38 | 0 | 0 | 0 |
100-200 | 92 | 0 | 0 | 0 |
200-300 | 136 | 121 | 63 | 21 |
300-400 | 93 | 88 | 41 | 10 |
400-500 | 97 | 96 | 48 | 22 |
500-600 | 30 | 30 | 11 | 4 |
600-700 | 6 | 6 | 0 | 0 |
Cəmi | 492 | 341 | 163 | 57 |
Göründüyü kimi, TQDK-nın internet saytında və "Abituriyent" jurnalında jurnalistika ixtisasına qəbul olmaq istəyən şəxslər üçün ardıcıl olaraq məlumatlandırıcı və maarifləndirici materiallar (qaydalar, elanlar, mövzular, meyarlar və s.) təqdim edilib. Hesab edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu ali təhsil müəssisələri, Kütləvi İnformasiya Vasitələri və onların təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli iş aparmalıdırlar.
İmtahanda iştirak etmiş hər bir abituriyentin esselərinin qrafik təsvirləri nəticələr elan olunarkən TQDK-nın internet səhifəsində yerləşdirilib. “Məqbul” və “qeyri-məqbul” ilə qiymətləndirilmiş esselərlə Komissiyanın internet saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent müraciət edib”, - TQDK bildirib.
Aytən Zəhra