Qərənfil Mansurova
Milli Məclisin Mətbuat
xidmətinin əməkdaşı, Jurnalist
Əslində, nağıl da deyirəm, nağıl sevindirici finalla, şadlıqla bitir, nağıllarda göydən üç alma düşür... Mənə görə bu nağıl deyil. Mən nağılın sonunda itirdim, özü də nağılımın qəhrəmanını... Qəhrəmanım üçünsə həyat nağıl idi, sonu da xoşbəxtliklə bitdi, dünyalarca sevdiyi atama qovuşa bildiyi üçün...
İndiki məqamlarla köhnəki zamanları müqayisə edəndə təbii ki, müasir standartlar və ailə dəyərləri baxımından hamının üstünlüyü köhnə zamana verməsinin səbəbini mən 11 il əvvəl, atamı itirəndə anlamışdım. Niyəsini deyim... Mən atamın qızı olmuşam, onunla hər dərdi-sərimi, sirrlərimi bölüşmüşəm, anama deyə bilmədiklərimi ona demişəm, eləcə də digər qardaş-bacılarım... Onun ölümündən sonra heç özümə gələ bilmirdim. Və atam ölən günə qədər anamı bu qədər sevdiyimi bilmirdim... Həmin gün anladım. Axı mənim atam, özü demişkən, əlsiz-ayaqsız bir bəy oğlu idi. Sovet quruluşundan sonra bütün varidatını itirmiş bir ailənin ikinci oğul övladı idi, əsgərlikdən gələndə hər iki valideynini həyatda görməmişdi. Görməyib-tanımadan, əmisi arvadının – “yazıq yetim ortalıqda qalıb, anası yox, bacısı yox”- deyib, uzaq qohumu olan anamla evləndirdiyi günə qədər heç anamı görməmişdi də... Evlənəndən sonra da cəmi il yarım birlikdə çalışmış, ev-eşik qurmağa cəhd etmişdilər ki, bu da tezliklə öz yerini atamın uzun illər onu yatağa salacaq xəstəliyi ilə bitmişdi... Bəs bu qədər sevgi necə yaranmışdı onların arasında... Atam o yetim və xəstə canı ilə bu sevgini necə qazanmışdı?.. Atam bir az acıdil insan idi - bizə şirindilli təqdim olunurdi... Atam bir az xəstətəhər idi, bizə dünyanın ən güclü atası kimi təqdim olunurdu... Atam işləmirdi, ailənin pulgətirəni anam idi - amma bizə bir şey lazımdırsa, onu atamdan almalı olduğumuzu aşılamışdı... Atamı itirəndən sonra da, bir dəfə də ilk olaraq nə gənc yaşda itirdiyi qardaş-bacısını ağladı, nə ata-anasını, birinci atam üçün axıtdı göz yaşlarını... “Onun anası-bacı yoxdu, tək ümidi mən idim” - deyə... Bax bu, anamın qəhrəmanlığı idi... Qəhrəmanım Anam idi...
Orta məktəbdə oxuduğum, həyatı dərk etməyə başladığım vaxtlarda hər səhər qalxıb məktəbə tələsirdik. Yemək masasının ortasında səhər yeməyi əvəzinə görməli olduğumuz işlərin siyahısı dayanırdı. Anam alaqaranlıqdan sahəyə - dəyişməz iş yerinə getdiyi üçün səhər yeməyi hazırlamaq missiyası da öz üzərimizə düşürdü. Bu siyahıda isə öncül yeri atamın yeməyinin vaxtında verilməsi, onun dərmanlarının vaxtında və qarışdırılmadan içilməsi, aradakı içmə fasilələrinin düzgün təyini idi... Dərsdən qayıdanda da anamı evdə görmürdük... Axşam əl-ayaq çəkiləndən sonra gəlirdi... Bazar səhərləri ocaq çırtıltısına oyanırdıq... Ya su qızdırıb beş uşaqlı ağır külfətin paltarlarını yuyurdu, ya da sacda həftəlik yuxa bişirirdi... Bir istirahət günü vardı, həmin günün də əvvəldən planlaşdırılmış vazkeçilməz işləri... Elə istəyirdim ki, mən də qonşu və qohum qadınlar kimi anamı bəzək-düzəkli, evdə güllü xalatda, qırmızı başmaqda görüm, dərsdən gəlib qapını açanda mətbəxdə məktəbdən gələcək ciyərparalarına yemək hazırlayarkən yaxalayım... Onunla doya-doya dərdləşim, məktəbdəki uğurlarımdan, baş verən gülməli hadisələrdən danışım... Amma bu bir dəfə də mənə qismət olmadı. Lap sonralar bu barədə özünə dedim. Dedim ki, ana, mən heç səni görmək istədiyim kimi görmədim... Nə dediyini olduğu kimi yazıram: “Nə olsun, Lalam, (mənə Lalə-Qərənfil dediyi üçün qısaldılmış formada) o olmadı, əksinə mən sizi istədiyim kimi gördüm, hamınıza bu qapıda atanla toy çaldırdıq, gəlin gətirdik, gəlin köçürdük, ev-eşik qurduq, oxutduq, sən oxudun, o boyda idarədə işləyirsən, Vəli qəhrəman kimi ad aldı (Qardaşım Vəli Mansurov Dağlıq Qarabağ müharibəsi iştirakçısıdır, müxtəlif vaxtlarda Füzuli, Ağdərə, Ağdam istiqamətlərində döyüşlərdə iştirak edib), ağıllı balalar böyütdük, zəhmətkeşsiniz, tərbiyəlisiniz... Heç bir yersiz davaya-qalmaqala qarışmadız, gedib özümüzdən əskiklərə yalvartdırmadınız bizi... Hamının yanında yeriniz, hörmətiniz var... Hər yerdə mənim balalarımın, nəvələrimin adını nümunə çəkirlər... Mənim rahatlığım budur, bunlar bəsimdi... Min şükür, siz məni istədiyiniz kimi görməsəniz də, mən sizi istədiyim kimi gördüm... Atanın yanına üzü ağ gedəcəm...” Allah-allah hər bir məqamda, son nəfəsində də atama sevindirici xəbər aparacağının hayında idi... Özü üçün deyil, daha çox atamın adına sevinirdi... Həyatımızda baş verən xoş hadisələri, atamdan sonra doğulan nəvə-nəticələrin sevincini bircə-bircə yaddaşında çözələməyindən bilirdim, məni televizorda görən kimi tanış-bilişə hay salmağından bilirdim...Bu mənim Qəhrəmanım idi...
Biz çox çətinliklə böyüdük, çox çətinliklə oxuduq, həyatda çox əziyyətlər və maneələrlə rastlaşdıq... Amma həm mənə, həm də o biri qardaş-bacılarıma, ailəmin digər üzvlərinə ata-anamın bir-birinə hörməti və münasibəti hər zaman bir örnək oldu... Onlardan zəhməti və min bir əziyyətə qatlaşmağın sonunda yaşanan sevinc hissinin bənzərsiz bir dad olduğunu öyrəndik... İnsanlara münasibəti, qohumlara, doğmalara can yandırmağın, fədakarlığın əlifbasını öyrəndik, hərəmiz də öz xarakterimizdən yaranan əlavələri də üstünə yazdıq. Onlardan öyrəndiklərimizə hər zaman bir proqram kimi riayət etdik, bundan sonra da bu dəyişməyəcək...
Kənddəki evimiz 1956-cı ildə tikilmişdi, çox köhnəlmişdi... O zamanların keyfiyyətsiz sement və qum materiallarından istifadə olunmuşdu. Bir neçə il öncə qardaşlarım o evi sökdülər, yerindən müasir standartlara uyğun yeni evimiz tikildi. Mən evin sökülməsi sırasında kəndə getdim anama baş çəkmək üçün... Qəribə bir görkəmi vardı, bir üçü gülürdü, bir üzünə kədər kölgə salmışdı... Mən bilirdim sevinci kəndin girişində, mötəbər bir yerdə yerləşən evimizin gözəl duruşu ilə bağlı olacaqdı, kədəri isə 48 il bu evdə atamla bağlı olan xatirələrin də, daş-daş, kərpic-kərpic sökülməsi idi... O ev tikildi, bəzəndi və anam həyatının son üç ilini o evdə mənim istədiyim kimi bəzək-düzəkli yaşadı. Düzdü, heç vaxt qırmızı geymədiyi üçün qırmızı geyinmədi, amma mən Anamı qəhrəmanlığının mükafatını almış kimi görə bildim... Bircə bu müddəti bir az da uzada bilsəydik... Amma mənlik deyildi ki, burdan beləsi Allaha bağlı idi... Nağılımı burda bitirdi.. Özü də müqəddəs Ramazan ayının Qədir gecəsində...
P.S. Yenə nağılımda Qəhrəmanımla bağlı yarımçıq bir hissə qaldı... Bu il onu müqəddəs Həcc ziyarətinə göndərəcəkdim... O isə atamın yatdığı yerin sol yanını özünə əbədi ziyarətgah seçdi... Durmadı... 11 ildən bəri arzuladığı yerə getdi... Bilirdim ki, mənimlə bağlı da qəlbində yarımçıq arzuları qalıb, amma onu mənim özümə demirdi, başqalarına deyirdi, başqalarına tapşırırdı məni... Ətrafımda olan sadiq dostlarıma – mənimlə bərabər onun xəstə yatdığı son aylarda yorulmadan nazını çəkən “Boşşalı qızı” dediyi Nəzakətimə, ərköyün Səmayəmə, sakit və ağır təbiətinə görə özünə oxşatdığı Yeganəmə, “tamaşa gəlin” kimi çağırdığı Aytacıma, istəkli gəlinləri Eminəyə, Ruhiyyəyə, “qızındı” deyib əlini əlimə verdiyi Günayıma, onun da anasının adının Şərqiyə olmasından hədsiz sevindiyi Gülnarə xanıma, körpə Ülkərinə, bir də elə 17 günlüyümdən məni yanında qoyub işə getdiyi, mənə onsuz ana ola biləcək tək insana - bacıma tapşırdı məni... Heç kim mənə heç nə demədi, amma mən bildim... Anamla söhbət edib otaqdan çıxan kimi dərhal üzümə baxaraq dolan gözlərdən bildim... Mənə də çox adamları tapşırdı... Heç mən də kimsəyə demədim... Tapşırıqlarına əməl etdikcə ziyarətinə gedib Qəhrəmanımın daş qulaqlarına deyəcəm birbəbir... Rahat uyu, Anacan! Yerin behişt olsun!!!