Modern.az

Cavid Hüseynov "Qəbələ" klubundan kənarlaşdırılıb

Cavid Hüseynov "Qəbələ" klubundan kənarlaşdırılıb

Təhsil

9 Avqust 2015, 20:12


"Qəbələ" futbol klubu bu gün jurnalist Rasim Əliyevin dünyasını dəyişməsi və bu məsələdə komandanın üzvü Cavid Hüseynovun adının hallanması ilə bağlı bəyanat yayıb.

Modern.az saytı xəbər verir ki, bəyanatda Cavid Hüseynovun bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırıldığı bildirilir.

"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılayıb. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial layihələrlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirib", - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, mərhumun son müsahibələrində və Facebook sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil.

"Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.

Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, jurnalist Rasim Əliyev özünün Facebook səhifəsində futbolçu Cavid Hüseynov haqqında belə yazmışdı:

"Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun məni Aavropa meydanlarında təmsil etməsini istəmirəm".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama