filologiya üzrə elmlər doktoru, professor
XVIII əsrin görkəmli ingilis yazıçısı Conatan Svift “Qulliverin səyahəti” (1726) satirik-fantastik romanıyla dünyada şöhrət qazanıbdır. “Qulliverin səyahəti” dünya ədəbiyyatında sevilə-sevilə oxunan əsərlərdəndir. Əsərdə elə bədii detallar vardır ki, onları oxuyanda düşünməmək olmur. Bir sıra məsələlərə cavab axtarmamaq olmur. Əslində bu da əsərin satirik fəlsəfi bir roman olduğunu bir daha təsdiq edir. Fikrimizi sübut etmək üçün bəzi məqamlara diqqət yetirək. Conatan Svift “Qulliverin səyahəti” əsərində liliputlar ölkəsi barədə yazır: “İndi mən xalqın içərisində çoxdan bəri hər sahədə inkişaf etməkdə olan elm və fənn haqqında yalnız qısaca məlumat verməklə kifayətlənəcəyəm. Ancaq diqqəti onların çox orijinal yazı yazmaq tərzinə cəlb edirəm; liliputlar avropalılar kimi bu sayaq soldan sağa yazmırlar: ... Ərəblər kimi bu sayaq sağdan sola yazmırlar: ... Çinlilər kimi bu sayaq üstdən aşağı yazmırlar... Onlar ingilis xanımları kimi, səhifə boyu köndələninə, səhifənin bir küncündən o biri küncünə yazırlar”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.73-74) Bunlar yazı sistemində məlum olan məsələlərdir. Ancaq indiyə qədər bu məsələnin fəlsəfəsi açıqlanmamışdır ki, nə üçün avropalılar soldan sağa, ərəblər sağdan sola, çinlilər üstdən aşağıya doğru yazırlar? Ancaq Conatan Svift liliputların ingilis xanımları kimi köndələninə, səhifənin bir küncündən o biri küncünə yazdıqlarını söyləməklə oxucunu düşündürür, sosial-siyasi mənzərə barədə gülüş yaradır.
Conatan Svift yaxşılıq bilməyənlər, pislik edənlər barədə çox maraqlı fikir söyləyir. Həmin fikri o, “Qulliverin səyahəti” əsərində liliputlar ölkəsinin simasında oxucuya belə çatdırır: “Liliputlarda yaxşılıq bilməmək cinayət sayılır. Liliputlar deyirlər: “Hətta yaxşılığını gördüyü bir adama da pislik etməyi bacaran şəxs yəqin ki, heç bir yaxşılıq görmədiyi bütün başqa adamları özünə düşmən bilir. Buna görə də belə adam ölümə layiqdir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.77) Buradan bir sıra suallar meydana çıxır ki, dünya durduqca insanlar bu suallara cavab axtarmalı olacaqdır. Niyə bir qrup insanlar yaxşılıq edir? Bəs niyə bir qrup insanlar yalnız pislik etməyi bacarırlar. Hətta yaxşılıq edənlərin yaxşılığı əvəzində onlara pislik edirlər. Bunların fəlsəfəsi nədir?
Conatan Svift “Qulliverin səyahəti” əsərində liliputlar ölkəsini Liliputustan adlandırır. Və onların əhalisi, oradakı heyvanlar, bitkilər barədə məlumat verir. O yazır: “Yerlilərin orta boyu altı düymədən azacıq uzundur. Bütün heyvan və bitkilərin də boyu buna tamamilə uyğundur: məsələn, orada at və öküzlərin boyu dörd və ya beş düymədən, qoyunlarınkı isə bir yarım düymədən uca olmaz. Qızları bizim sərçə boydadır. Xırda heyvanları, quşları və həşəratları isə mən, demək olar ki, gözlə seçə bilmirdim. Ancaq təbiət liliputların gözlərini ətraflarındakı şeylərə uyğun yaratmış və onlar ancaq yaxın məsafəni çox yaxşı görürlər. Onların gözlərinin itiliyinə bir misal göstərim: mən, bizim milçəkdən böyük olmayan bir torağayın tüklərini ütən bir aşpaza və gözə görünməyən iynənin gözünə ipək sap keçirən bir qıza tamaşa etməkdən böyük ləzzət apardım. Liliputustanda ən böyük ağac yeddi futdan hündür deyildir; mən böyük padşahlıq parkında olan ağacları nəzərdə tuturam. Mənim əlim bu ağacların təpəsinə güclə çatırdı. Bütün başqa bitkilər də buna uyğun ölçüdədir, ancaq mən bunu hesablamağı oxucunun öz öhdəsinə buraxıram” (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.72-73). Conatan Svift liliputlar ölkəsinin adamları, heyvanları, bitkiləri barədə oxucuda təsəvvür yaradır. Bununla da yazıçı gülüş, məhz məzəli və ağıllı gülüşlə cəmiyyətin eybəcərlikləri ilə mübarizə aparır. Dünyanın əhalisi, heyvanlar və bitkilər aləmi lazımi səviyyədə öyrənilərsə, görün nə qədər maraqlı mənzərə üzə çıxa bilər. Dünyanın qəribəliklərlə və qeyri-adiliklərlə zənginliyi bir daha öz təsdiqini tapar. Conatan Svift qanun, qayda, o cümlədən fırıldaqlar, oğrular barədə də liliputlar ölkəsinin simasında məharətlə yazır: “Bu imperatorluqda çox qəribə qanun və adətlər var. Bu qanun və adətlər mənim əziz vətənimin qanun və qaydalarına tamamilə zidd olmasaydı, mən onları müdafiə edərdim. Ancaq arzu edərdim ki, bu qanun-qaydalara işdə də ciddi surətdə əməl edilsin. Hər şeydən əvvəl, xəbərçilər barədəki qanunu göstərim. Bütün dövlət cinayətlərinə görə burada adamları çox ağır cəzalandırırlar. Ancaq müttəhim məhkəmədə müqəssir olmadığını sübut edərsə, ona şər atmış adam təxirsiz olaraq rüsvayçılıqla edam edilir və safa çıxmış adamın xeyrinə olaraq vaxtını itirməsi, məruz qaldığı təhlükə, həbsxanada qaldığı müddətdə çəkdiyi məhrumiyyətlər üçün və müdafiəyə sərf etdiyi bütün məxaric böhtançıdan cərimə kimi alınır. Bu cərimə həqiqi miqdardan dörd qat artıq olur. Şər atan adamın əmlakı cəriməyə kifayət etmədikdə, çatışmayan məbləğ dövlət xəzinəsindən verilir. Bundan əlavə, imperator azad edilmiş adamı öz lütfünün əlaməti olan bir ictimai nişanla mükafatlandırır. Onun günahsız olduğu bütün ölkədə elan edilir.
Liliputlar fırıldaqçılığı oğurluqdan da ağır bir cinayət sayırlar. Buna görə də yalnız tək-tək hallarda ola bilər ki, fırıldaqçını ölümlə cəzalandırmasınlar. Onlar bu fikirdədirlər ki, adam müəyyən dərəcədə ehtiyatlı, sayıq və bir qədər də sağlam düşüncə sahibi olsa, öz malını oğrudan qoruya bilər; ancaq mahir fırıldaqçıdan qorunmaq mümkün deyildir. Onlarda bütün ticarət alver edənlərin bir-birinə qarşılıqlı surətdə etibar etməsi əsasında qurulmuşdur. Buna görə də qanun ticarət işlərində hər cür adamaldatma və hiylə işlətməyi ciddi surətdə təqib etməlidir. Belə olmasa, sədaqətli tacir həmişə zərərli çıxar, fırıldaqçı və hiyləgər adamlar isə bütün qazanca sahib olarlar.
Bir dəfə mən padşahın hüzurunda bir cani üçün minnətçi olmuşdum. Onun taqsırı bundan ibarət idi ki, öz ağasının etibarnaməsi üzrə çoxlu miqdarda pul alıb mənimsəmiş və qaçmaq istəmişdi. Mən onun cəzasının yüngülləşdirilməsini xahiş edəndə, imperatora demişdim ki, burada yalnız etibardan pis istifadə məsələsi vardır. Müqəssiri müdafiə etmək üçün məhz onun cinayətini ağırlaşdıran bir cəhəti, yəni etibara xəyanət etməyi mənim dəlil göstərməyim imperatoru son dərəcə təəccübləndirdi. Boynuma alıram ki, buna mən heç bir cavab verə bilmədim: sadəcə belə bir mülahizə söylədim ki, müxtəlif xalqların adətləri də müxtəlifdir. Bu zaman mən yaman pərt olmuşdum.
Biz adətən mükafat və cəzanı dövlət maşınını hərəkətə gətirən başlıca yaylar hesab ediriksə də, ancaq bu qayda yalnız Liliputustanda ciddi bir surətdə yerinə yetirilir. Yeddi ay ərzində ölkənin adətlərinə doğru-dürüst əməl etdiyini sübut edən hər bir adam özü də orada müəyyən imtiyazlar almağa haqq qazanır. Dövlət vəsaitindən ona müəyyən pul mükafatı verilir. Bundan başqa o, snilpel, yəni qanunlara əməl edən adam rütbəsi qazanır. Bu rütbə onun familiyasına əlavə olunursa da, övladlarına keçmir. Mən liliputlara bizim ölkədə vətəndaşların qanunu gözləməsinin yalnız cəza qorxusu ilə təmin edildiyini, qanunları doğru-dürüst gözləmək üçün heç bir mükafat verilmədiyini danışdıqda, liliputlar bunu bizim idarə üsulumuz üçün ən böyük bir nöqsan saydıqlarını söylədilər. Buna görə də buradakı məhkəmə müəssisələrində ədalət altı gözlü bir qadın surətində təsvir olunur. Bu qadının – ikisi qabaqda, ikisi arxada və hər böyründə bir gözü vardır ki, bu da sayıqlıq timsalıdır. Onun sağ əlində qızıl ilə dolu ağzı açıq bir kisə, sol əlində isə qın içində bir qılınc var; bunun mənası belədir: o, cəzalandırmaqdan artıq mükafatlandırmağa hazırdır.
Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni istedadından artıq əxlaqi sifətlərinə fikir verilir. Liliputlar belə bir fikirdədirlər ki, orta dərəcədə zehni inkişafa malik olan hər bir adam, bu və ya digər vəzifəyə qabildir. Axı tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sirrə çevirməyi nəzərdə tutmamışdır ki, bu sirri yalnız bir əsrdə üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar bu fikirdədirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə xoş sifətlər, təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifələrdən başqa, hər bir vəzifəni tuta bilər. Onların rəyincə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti əvəz edə bilməz. Onlar deyirlər ki: “Mühüm vəzifələri belə istedadlı adamlara tapşırmaqdan təhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir adamın cəhalətindən əmələ gələn səhvi, həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik olan bədniyyət bir adamın fəaliyyəti ictimai mənafe üçün çox böyük bir təhlükədir”.
Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi, demək olar ki, unudulmuşdur. Bir çox başqa ölkələrdə olduğu kimi, indi Liliputustanda da əxlaq kökündən pozulmuşdur. Bu da xalqın əslini itirməkdə olmasına bir əlamətdir. Məsələn, yüksək dövlət vəzifələrinə mahir kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zirəkliklə hoppanan, ya da onun altından sürünüb keçən adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk dəfə indi hökmranlıq edən imperatorun babası tərəfindən tətbiq edilmişdir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.74-77) Conatan Sviftin liliputlar ölkəsində gördüyü qanun-qayda, fırıldaq və oğrular barədə olan qanun və qaydalar Liliputustan ölkəsinin özəlliyi kimi tədqim olunur. Bəlkə də qanun-qayda, fırıldaq və oğrular barədə digər yerlərdə daha maraqlı özəlliklər var. Ancaq bu özəllikləri təsvir edə bilən başqa bir Conatan Svift yoxdur. Eyni zamanda istedadlı adamlarla əxlaqlı adamları bir-birindən fərqləndirən Conatan Svift kimi yazıçı yoxdur.