Döyüldükdən sonra xəstəxanada ölən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev həkimlərə ünvanlanan ittihamlara cavab verib. O, Modern.az saytına açıqlamasında bildirib ki, Rasim Əliyevin müalicəsində heç bir səhvə yol verilməyib.
“Xəstə bizə ağır vəziyyətdə bizə gətirilib. Onu döyüblər, dalağı partlayıb, mədəaltı vəzi partlayıb. Amma onu müayinə edərkən bizdə qalmaq istəmirdi. Anasının təkidi ilə qaldı. Dərmanlar təyin edildi. Eyni zamanda nəzarətdə saxlayırdıq”.
S.Əliyev bildirib ki, xəstə daxil olandan bir saat sonra vəziyyəti ağırlaşıb.
“Dalaq partlayanda əvvəlcə qansızma olur, sonra isə qanaxma olur. Qansızma artdıqca, dalaq partlayır. Xəstədə də elə oldu və biz bunu görən kimi dərhal əməliyyata aldıq. Dalağı çıxartdıq, mədəaltı vəzini tikdik, ağciyərlərinə trubkalar qoyduq ki, havanı çəksin. Amma vəziyyəti ağır idi. İtirilən qan və aldığı travmalardan sonra dayana bilmədi və rəhmətə getdi”.
Professor jurnalistin ölümündən qabaq verdiyi müsahibənin videosunda onun yaxşı göründüyü barədə deyilələrə isə belə aydınlıq gətirib. “Bu video o əməliyyat olmazdan qabaq çəkilmişdi, onda dalaq partlamamışdı. Qanaxma olan kimi biz bunu gördük və dərhal əməliyyata aldıq. Nəfəs ala bilmirdi, əməliyyatımız çətin keçdi. Amma yenə də orqanizmi buna dözə bilmədi” deyə Saday Əliyev əlavə edib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin Facebookda yazdığı statusdan sonra bir qrup şəxs tərəfindən döyülüb və ertəsi gün xəstəxanada vəfat edib.
Aytən ZƏHRA