Heydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatımındakı rolu son dərəcə önəmli, xidmətləri danılmazdır. Ölkəmizin musiqisini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
“Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun qayğı və diqqətini əhali daim hiss edir.
Təkcə son 4 ildə Fondun Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək, bunu bir daha aydın görmüş olarıq”-deyə Füzuli rayon İcra Hakimiyyətindən bildirilib.
2012-ci ildə Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəyə verilib.
Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Mehriban Əliyeva füzulili körpələri də yaddan çıxarmır. 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, ikimərtəbəli körpələr evi tikilərək istifadəyə verilmişdir. Bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.
Fondun dəstəyi ilə Bala Bəhmənli kəndində inşa olunan 60 çarpayılıq uşaq bağçasının tikintisi artıq başa çatıb. Bağça yaxın günlərdə uşaqların istifadəsinə veriləcək.
Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirib. Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib.
Bunlar Heydər Əliyev Fondunun son 4 ildə cəhbə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirib.
“Füzulililər ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.
Füzulililər fəxr edirlər ki, Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır. Onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!”-deyə rayon İcra Hakimiyyətindən bildirilib.
Modern.az