Modern.az

“Onun ölümü mənim üçün çox ağır itki oldu”

“Onun ölümü mənim üçün çox ağır itki oldu”

11 Avqust 2015, 18:14

“O, vətəninə, xalqına, istiqlalına sadiq bir insan idi”. Bu sözləri Modern.az-a açıqlamasında Fəzail Ağamalı yol qəzasında ölən köməkçisi haqqında danışarkən bildirib.

Deputat mərhum Həsənbala Həsənovun işinə sadiq, məsuliyyətli insan olduğunu vurğulayaraq,  onun ölümünün böyük itki olduğunu qeyd edib.

 “Mən onunla 80-ci illərin sonu,  90-ci illərin əvvəllərindən tanış idim.O zamanlar xalq hərəkatında iştirak edirdim. Azərbaycan Xalq Cəbhəsinin Salyan rayonu üzrə təmsilçisi idim. Eyni zamanda məclis üzvü idik. Hərəkatda bir yerdə olmuşduq. O vətəninə, xalqına bağlı bir insan idi. Ambisyalardan uzaq şəxs idi. Sonralar biz  onunla Salyanda 2005-ci ildən deputatlığa namizədliyimi verərkən qarşılaşmışdıq. Mən seçildikdən sonra münasibətlərimiz daha da istiləşdi. Bir gün mənə müraciətində mənim yanımda köməkçi olaraq çalışmaq istədiyini bildirdi O zaman Salyan rayonun Çuxanlı kənd ərazisi üzrə icra nümayəndəsi idi.  Mən də razılaşdım. Rəsmi olaraq millət vəkillərinin köməkçi institutu yaranandan sonra mənim köməkçim olaraq fəaliyyətə başladı. Növbəti dəfə, 2010-cu ildə də deputat seçilərkən o, xeyli əmək sərf etdi. 10 ilə yaxın bir zaman kəsiyində köməkçim kimi çalışdı. Mən deyərdim ki, çox təmənnasız, işinə məsuliyyətli, səmimi, dövlətini sevən bir insan idi. Xüsusilə də, Heydər Əliyev siyasi kursuna çox sadiq idi. O, mənim köməkçim olaraq hər işin öhdəsindən layiqincə, məsuliyyətlə gəlirdi. Köməkçi vəzifəsi onun üçün formal deyildi. Onun ölümü mənim üçün çox ağır itki oldu”.

 Xatırladaq ki, bu gün səhər saatlarında QAZel markalı yük avtomaşını ilə “Opel” markalı avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü Həsənbala Həbibov hadisə yerindəcə dünyasını dəyişib.

Leyla Əfqan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama