Modern.az xəbər verir ki, Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsinin 7-ci ildönümündə bəzi gizli detalları açıqlayıb və ABŞ tərəfindən atılmış konkret addımları göstərib.
Axar.az “Qruziya Onlayn”a (“Onlayn Gürcüstan”) istinadən yazır ki, Dmitri Şaşkin məsələyə belə şərh verib:“Heç vaxt düşünməzdim ki, 2008-ci ildən sonra Gürcüstanda müharibəyə görə Rusiyaya haqq verən adamlar olacaq. Amma düz deyirlər: heç vaxt demə ki, heç vaxt. Bu əbləhlər ağıllı sifət almaqla iddia edirlər ki, 2008-ci il müharibəsi zamanı Rusiya xoş məramın göstəricisi kimi Tiflisi almadı və biz ölənə qədər onlara minnətdar olmalıyıq. Rusiyanın işğalının qarşısını gürcü ordusunun şücaəti, beynəlxalq dəstək və ABŞ-ın konkret addımları aldı.
Çoxları bilmir ki, İraqda olan gürcü briqadası Tiflisə ABŞ təyyarələri ilə qayıtdı. Və bunu real müharibə vəziyyətində Amerikanın dəstəyi kimi qiymətləndirmək lazımdır.
Çoxları bilmir ki, Rusiya Tiflis hava limanını ona görə bombardman edə bilmədi ki, ABŞ təyyarələri uçuş zolaqlarına nəzarəti əldə saxlamışdı.
Çoxları bilmir ki, Qara dənizə daxil olan 5-ci hərbi dəniz donanmasının flaqmanı öz radarları ilə Tiflis–Moskva–Volqoqrad səmasının təhlükəsizliyini nəzarətdə saxlayırdı. Həmin dövrdə ABŞ-ın nəzarətedici hərbi potensialı Rusiyanın hərbi dəniz donanmasından 8 dəfə güclü idi.
Çoxları bilmir ki, avqustun 14-də İordaniyadan gələn “Herkules” təyyarələri qırıcı təyyarələrlə müşayiət olunurdu.
Çoxları bilmir ki, həmin qırıcı təyyarələrin rəhbər tapşırığı bu idi: “Rusiya təyyarələrinin Gürcüstan səmalarındakı hər hansı bir aktivliyi ABŞ üzərinə edilən hücum kimi qiymətləndiriləcək”. Məhz bu tapşırıq Gürcüstan səmalarını rus hücumlarından xilas etdi.
Çoxları bilmir ki, “ABŞ-ın Gürcüstandakı humanitar missiyası”nın başında birbaşa ABŞ Müdafiə naziri Geyts dururdu.
Eyni zamanda, çoxları hələ də bilmir ki, Rusiya Gürcüstandakı işğalını “təkinanclı rus patriarxı”nın xeyir duası ilə həyata keçirilib”.
Az öncə Dmitri Şaşkin Feysbuk hesabından bu mesajı da paylaşmışdı: “Ağ Evdəki dostum mənə avqustun 14-də SMS göndərmişdi. SMS-in mətni belə idi: “Qeyts (həmin dövrdə ABŞ müdafiə naziri – red.) əməliyyata rəhbərlik edəcək. 5-ci donanma artıq yoldadır. “Herkules”lər İordaniyadan havaya qalxıblar. Gürcüstan təhlükəsizlikdə olacaq”.
Qeyd edək ki, 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında davam edən 5 günlük müharibədən sonra Cənubi Osetiya Gürcüstandan ayrıldı. Bir müddət sonra isə Rusiya Gürcüstan torpaqları olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı.
Modern.az