Modern.az

“Borçalıdakı torpaqları ermənilər alırlar”

“Borçalıdakı torpaqları ermənilər alırlar”

Təhsil

12 Avqust 2015, 13:37

“Ermənilərin Gürcüstanda torpaq almasının arxasında siyasi niyyətin gizləndiyini görmürəm”. Bunu Modern.az-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanın Ermənistanla sərhəd bölgəsində ermənilərin azərbaycanlılara məxsus torpaqları zəbt etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, əgər qanun qarşısında hamı bərabərdirsə və qanunda nəzərdə tutulan müddəalardan millətindən asılı olmayaraq yararlanmaq qeyd edilibsə, Gürcüstanda yaşayan azərbaycanlılar da Müvafiq addım atmalıdırlar:

“Təbii ki, bəzi sərhəd bölgəsində, məsələn, Borçalıda ermənilər bəzi əraziləri alırlar, mülkiyyət sahibi olurlar və bəzi hallarda da həmin torpaqları bizimkilərdən alırlar. Burada biri torpağı satır, digər alır. Onun arxasında siyasi niyyətin dayandığını qətiyyən görmürəm. Bizimkilər də torpaq alsınlar. Torpaqlar doludur, alsınlar obyekt tiksinlər, zavod, müəssisə qursunlar. Bunu siyasiləşdirməyin mənası yoxdur.  Gürcüstan müəyyən qədər mühafizəkar, öz milli dəyərlərini, sərhədlərini qorumaq gücündə olan dövlətdir. Gürcüstan orada azərbaycanlılar yaşayır deyə, oranı ermənilərə verə bilməz. Bu, Ermənistanın Gürcüstana təcavüzü kimi dəyərləndirilə bilər”.

Zəlimxan Məmmədli qeyd edib ki, hər halda Ermənistanla sərhəd ərazilərdə Gürcüstanda yaşayan azərbaycanlılar məqsədyönlü siyasət yürüdə bilərlər:

“Biz bunu etmiriksə, onda ermənini söyməklə torpağı bizə verəsi deyillər və çıxıb getməyəcəklər. Azərbaycanın həmin bölgələrə yönəlik siyasəti, düşüncəsi, hümanitar layihələri, onların həyata keçirilməsi ciddi şəkildə olmalıdır. Dönüş olacaqsa, torpaqdan 1 hektar erməni alırsa, 50 hektar da azərbaycanlı alsın. Eyni zamanda, o kəndlər azərbaycanlı kəndləridirsə, torpaqları satmamalıdırlar. Gəlib zorla əlindən heç nə almırlar. Erməni türkün düşmənidir. Çalışmalıyıq ki, orada türk ruhu öndə olsun. Gürcüstanın daxilində erməni faktoru var, qabarıqdır və bunu biz həm Gürcüstana, həm də Borçalıya yönəlik siyasətdə nəzərə almalıyıq”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama