Modern.az

Leyla Yunusa 8 il yarım, Arif Yunusa 7 il iş kəsildi

Leyla Yunusa 8 il yarım, Arif Yunusa 7 il iş kəsildi

13 Avqust 2015, 17:56


Bu gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun əri, konfliktoloq Arif Yunusun məhkəmə prosesi keçirilib. 

Modern.az saytı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Leyla və Arif Yunuslar dələduzluqda, vergi ödəməkdən yayınmaqda və digər bu kimi əməllərdə ittiham olunublar.

Bugünkü məhkəmədə Leyla və Arif Yunus son sözlə çıxış ediblər. Onlar irəli sürülən ittihamlar əsassız hesab edərək, özlərini təqsirli bilmədiklərini vurğulayıblar.

Prosesdə A.Yunusun səhhəti pisləşdiyinə görə, ona təcili tibbi yardım göstərilib.

Məhkəmə Leyla Yunusa 8.5 il, Arif Yunusa 7 il azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb. Hökmə görə, onların bank hesablarına həbs qoyulacaq, əmlakları müsadirə ediləcək.

Bundan əvəlki prosesdə dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəmişdi.  

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Leyla və Arif Yunuslar barəsində Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə başladılan cinayət işi ayrıca icraata verilib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama