Modern.az

İTV bizim dostumuz, evimizin əziz qonağıdır

İTV bizim dostumuz, evimizin əziz qonağıdır

17 Avqust 2015, 11:30

Zaməddin Ziyadoğlu,

Neftçi-şair, AYB və AJB-nin üzvü,

“Qızıl Qələm” və Səməd Vurğun mükafatları laureatı,

“Tərəqqi” medalçısı

Televiziya hər bir ailənin əziz qonağıdır. Bu fikirdə olanların sayı milyonlarla ölçülür. İndi lap kiçik uşaqdan tutmuş-ağsaqqala, ağbirçəyə kimi – hər kəs pultun düyməsini basmaqla istənilən telekanalla müsahib ola, görüşə bilər. “Müsahib” sözünü havayıdan işlətmədim. Telekanalın gücü bir də onunla ölçülür ki, istənilən vaxt istənilən verlişi, tamaşası, filmi ilə ekran qarşısında əyləşənləri virtual görüşə, müsahibəyə dəvət edə bilsin. Bu da təbii ki, həmin telekanalın öz mövqeyini dəqiq müəyyənləşdirməsi, qəbul olunmuş prinsiplərə düzgün əməl etməsi ilə şərtlənir. Haqqında söhbət açmaq istədiyim İTV məhz bu cür telekanalların sırasında öncül yerlərdən birini tutur.

Bizim ailədə hər kəs sübh tezdən İTV-ni əziz qonaq kimi qəbul etməyə bir növ vərdişkardır. Cizgi filmindən tutmuş, xəbərlər proqramına, əyləncəli verlişlərə qədər-hamısına baxırıq. Hərə öz zövqünə, səviyyəsinə, maraq dairəsinə görə proqram seçir. Təbii ki, digər telekanalları da izləyirik. Amma açığı, üstünlük İTV-nin tərəfindədir. Çünki tərəfsiz , qərəzsiz statusu qazanmış verlişlərə baxmamaq, sadəcə mümkün deyil.

İxtisasca neftçi-mühəndisəm. Uzun illər Neft Daşlarında işləmişəm. Sonralar ictimai fəaliyyətlə, dövlət işləri ilə məşğul olmuşam. Neft və Qazçıxarma Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, neftçıxarma idarəsində rəis müavini vəzifələrində çalışmışam. Hazırda pensiyada olsam da, tələbə  gənclərə ekologiyanın sirlərini öyrədirəm, ictimai fəaliyyətimi də davam etdirirəm. Nefçi olmağım söz-sənət adamı kimi tanınmağıma mane olmayıb. Çoxlu şeir kitablarım çıxıb, dram əsərləri yazmışam. “Vurğuna vurğun gəlin” pyesim Gənc Tamaşaçılar Teatırında tamaşaya qoyulub. Ölkənin ən nüfuzlu qəzetlərində məqalələrim, yol qeydlərim dərc olunub. Hazırda “Vışka” qəzetində poeziya dərnəyinə rəhbərlik edirəm. Sözümün canı odur ki, mətbuata, elektron mediaya çox yaxınam, bu sahədə saysız dostlarım çalışır. Telekanallarla da əməkdaşlığım yaradıcılıq imkanlarımın genişlənməsinə təkan verir. Elə 10 yaşlı İTV-nin “ Yeni Gün”, “Sovqat” proqramlarında  dəfələrlə qonaq kimi iştirak etmişəm. Yeri gəlmişkən məni dəvət etdiklərinə görə İTV rəhbərliyinə, əməkdaşlara minnətdarlığımı bildirirəm.

İTV öz adını, missiyasını  yüz faiz  doğruldan bir telekanaldır. Bu televiziya həqiqətən də cəmiyyətin bütün təbəqələrinin sosial sifarişlərini yüksək səviyyədə yerinə yetirir, camaatın problemlərinin həllini önə çəkir.


Məlumdur ki, ölkəmizdə bir çox xalqların nümayəndələri mehribancasına, qardaşlıq mühitində yaşayır, fəaliyyət göstərir. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda milli və dini tolerantlığın təbliği, bu məqamın İTV-nin proqram siyasətinin əsas prinsiplərindən birinə çevrilməsi razılıq doğurur. İTV və TRT-nin  ortaq yayımları da böyük maraqla dinlənilir. “Qorqud Ata” proqramının daimi dinləyicisi kimi bu verlişi hazırlayanlara minnətdarlığımı bildirirəm.

Çoxdan tanıdığım, yaradıcılığına  böyük hörmət bəslədiyim Flora xanım Xəlilzadənin aparıcılığı ilə efirə çıxan “Yadigarlar” verlişi tamaşaçılar arasında yüksək reytinq qazanmışdır. Xalqın yaddaşında əbədi iz qoyan, bəzən də hansısa səbəbdən unudulan, yada düşməyən söz-sənət  adamlarının, elm fədailərinin taleyi barədə çəkilən verilişlər tamaşaçının ürəyindən xəbər verir.

Mən əslən Azərbaycanın şairlər və aşıqlar yurdu Qazax elindənəm.  Bu mənada gözüm həmişə efirdə sazlı-sözlü verlişləri gəzir. Nə yaxşı ki, İTV “Ozan” verlişi ilə mənim kimi aşıq sənətinə vurğun insanların arzusuna sərin su çiləməkdə davam edir. Qorxmaz Tofiqoğlu kimi gənc və istedadlı aparıcının məharətindən də çox razıyam.

Bu yazını yazmaqla İTV-nin verlişlərini təhlil etmək firkində deyiləm. Bu, teletənqidçilərin işdir. Sadəcə bu kollektivdə çalışan insanları, başda Cəmil müəllim Quliyev olmaqla bütün İTV-çiləri bu qurumun 10 illik yubileyi ilə bağlı ürəkdən təbrik etmək, hər kəsə böyük yaradıcılıq uğurları və cansağlığı arzulamaq keçdi ürəyimdən.

Bayramınız mübarək, əziz dostlar!

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama