“Bakı Tikiş Evi”nin satış şöbəsinin rəisi Etibar Əzimov Modern.az-a artıq valideynlərin uşaqlar üçün məktəbli forması almağa başladıqlarını qeyd edib. O bildirib ki, izdihamlı şəkildə olmasa da, insanlar yavaş-yavaş satış mərkəzlərinə gəlib, paltarları alırlar:
“Məktəbli formalarının alınmasına çoxdan başlanılıb. Amma formaların daha çox alınması sentyabrdan başlayacaq. İnsanların əksəriyyəti indi istirahətdə olduğu üçün məktəbli formalarını almaq yadlarına düşmür və dərs ilinin başlanmasına az qalanda gələcəklər. Amma o vaxt basabasa düşmək istəməyənlər, indidən geyimlərini alırlar”.
Etibar Əzimov tələbatın əvvəlki illərdəki kimi olduğunu da qeyd edib. “Satış mərkəzlərimiz hər yerdə fəaliyyət göstərir və ehtiyac olan qədər paltar tikmək imkanımız var”.
Satışda saxta məktəbli formalarının olduğunu da vurğulayan şöbə rəisi bununla bağlı lazımi orqanlara müraciət edildiyini bildirib: “Satışda mənşəyi bilinməyən, keyfiyyət sertifikatı olmayan, şərtlər toplusu olmayan, müəllifi göstərilməyən modellər satırlar. Bununla əlaqədar müvafiq orqanlara müraciət etmişik. Yəqin ki, yaxın zamanlarda ölçü götürüləcək”.
Aytən ZƏHRA