Modern.az xəbər verir ki, Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü olub. Növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb.
Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildirlər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) baş direktoru Şenol Göka, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov iştirak ediblər.
Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatı dinlənilib, bu kanalın yaradılması ilə bağlı konsepsiya sənədi, informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolu, TDƏŞ-in milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolu, Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və üzv ölkələr arasında media sahəsində əməkdaşlığın digər aspektləri, həmçinin növbəti görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Modern.az