Modern.az

“Jurnalistləri vətənpərvərliyə çağırırıq”

“Jurnalistləri vətənpərvərliyə çağırırıq”

Təhsil

15 İyun 2015, 15:31


Jurnalistlər ölkənin daxili və xarici siyasətinin prioritetlərini peşəkarlıqla işıqlandırmalı, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hərtərəfli informasiya dəstəyi verməlidirlər.

Mətbuat Şurasının beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bu fikirdədir. Onun sözlərinə görə, hər hansı bir mövzunun medianın gündəminə gətirilməsini zəruriləşdirən obyektiv və subyektiv səbəblər var: “Məsələn, jurnalistlərin hərbi vətənpərvərlik mövzusunu, hüquqi məsələləri necə qələmə almalarına diqqət yetirsək, kəm-kəsirlərin mövcudluğunu görərik. Eləcə də, digər istiqamətlərlə bağlı qeyri-peşəkarlıq göz önündədir. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin spesifik sahələr üzrə peşəkar biliklərinin istənilən səviyyədə olmaması kimi səbəbləri başa düşmək olar.

Ancaq biz heç də o anı gözləməməliyik ki, Azərbaycan jurnalisti yüksək məvacib alan kimi peşəkara çevriləcək. O biri tərəfdən, bizim elə jurnalistlər var ki, bir çox hallarda hazırladıqları materiallarla hər hansı qabaqcıl dünya media qurumunun əməkdaşlarından nəinki geri qalmırlar, hətta onları üstələyirlər. İstənilən qədər olmasa da, gerçəkdə belə nümunələr var. Deməli, peşəkarlıq heç də həmişə maddi- texniki durumla ölçülmür və bu zaman dövriyyəyə subyektiv amillər girir”.

Millət vəkili hesab edir ki, jurnalisti hazırlamaq, çağdaş anlamda maarifləndirmək, onun fəaliyyətini müəyyən mənada stimullaşdırmaq lazımdır. Bu baxımdan, “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, həmçinin bir sıra QHY-lərin fəlaiyyəti təqdirəlayiqdir.

“Medianın fəaliyyət dairəsinə daxil olan bir çox istiqamətlərdə əlaqələndirici rolu, xüsusən jurnalist peşəkarlığının artırılmasına yönələn səyləri də KİV-in problemlərinin həllini sürətləndirir”.


Cavanşir Feyziyevin fikrincə, mediada hərbi vətənpərvərlik mövzusuna diqqət yetirilir: “Dağlıq Qarabağ münaqişəsi, hərbi əməliyyatlara dair materiallar daim kütləvi informasiya vasitələrimizin maraq dairəsindədir. Mövzuya, insafən, əksər qəzet, jurnal, informasiya agentliyi və xəbər portalı çoxsaylı material həsr edir. Lakin bir çox hallarda məsələyə yanaşma səthi, birtərəflidir. Jurnalist araşdırmasına, təhlillərə, oxucunun gözlədiyi milli təfərrüatlara və yanaşma incəliklərinə o qədər də diqqət yetirilmir”. Milli Məclis üzvü problemin həlli yolunu hərbi prosesləri KİV-lərdə işıqlandıran jurnalistlərimizin ixtisaslaşmalarında, qazanılan peşəkarlıq vərdişlərinin inkişafı üçün stimullaşdırıcı kompleks tədbirlərin həyata keçirilməsində görür. Belə tədbirlər jurnalistlərin qlobal proseslərin ölkə oxucusuna daha səriştəli çatdırılmasına, bu sahədə obyektiv və faydalı ictimai rəyin formalaşdırılmasına kömək edə bilər:
-Dünyada, xüsusən regionda baş verən hadisə, proseslərə doğru-düzgün, sistemli jurnalist yanaşması, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasını, həmçinin Qarabağ məsələsində daxili ictimai rəyin monolitliyini təmin etməyi hədəfə almalıdır.

Azərbaycan ikili standartlar siyasətindən əziyyət çəkən ölkədir. Jurnalistikamız məhz bu kimi məqamlar üzərində düşünməlidir. Digər bir cəhət proseslərin özünün dərindən öyrənilməsidir. Bu, iki baxımdan vacibdir: birincisi, xaricdən olan təsirlərə zəruri reaksiyanın verilməsi, ikincisi, daxili ictimai rəyin yanlış yönləndirilməsinin qarşısının alınması.


Daha bir məqam isə nəhəng xarici media korporasiyalarının apardıqları məqsədyönlü təbliğatdakı stereotiplərin aşkarlanmasıdır. Göründüyü kimi, bütün bunların həyata keçirilməsi məsələlərə sistemli yanaşan jurnalistika institutunun mövcudluğu şəraitində mümkündür. Hələlik, bu iş media tədqiqatları üzrə ixtisaslaşan ayrıca mərkəzlər tərəfindən koordinasiya edilməlidir. Amma hər halda öyrənilməli və jurnalist fəaliyyətində tətbiq olunmalı cəhətlər çoxdur. -Belə olan təqdirdə, hansı tədbirlərin görülməsinə ehtiyac var? -Aparılan monitorinqlərin nəticəsi göstərir ki, kütləvi informasiya vasitələrinin materiallarında əhatəli jurnalist araşdırmasına, dərin, obyektiv təhlillərə və oxucunu ayıq-sayıq qənaətə gətirən məsələlərə az rast gəlinir. Bu baxımdan, qəzetlərdə vəziyyət nisbətən yaxşıdır. Onlarda analitik məzmunlu materialların təqdimatına xüsusi yanaşma mövcuddur.

Azərbaycanda KİV-in hazırkı maddi durumu nüfuzlu media korporasiyalarının iqtisadi imkanları ilə müqayisə oluna bilməz. Mediamızın bu gün beynəlxalq siyasi proseslərdə ölkəmizin mənafeyini ifadə edən avanqard rolunda çıxış etməsini gözləmək də sadəlövhlük olardı.

Bununla belə, bu prioritet mövzunu diqqətdən kənarda qoymaq da düz olmazdı. Çünki bir ölkənin müəyyən maraqlarının müdafiəsində bəzən jurnalistlər siyasətçilərdən də üstün söz sahibi olurlar. Bu xüsusda siyasətçilərin jurnalistlərlə birgə fəaliyyət praktikası da var. Belə birgə mövqe nəticəsində bir çox hallarda rəsmi səviyyədə açıqlanması mümkünsüz görünən məsələlər incə jurnalist qələmi ilə çox aydın şəkildə bəyan olunur. Qarşı tərəf də məsələnin hansı nəticələrə səbəb ola biləcəyinin mümkünlüyünü qabaqcadan görür. Biz də bu cür xidmət missiyasını üzərinə götürə bilən jurnalistikanın yetişməsinə çalışmalıyıq. Baxışlarını, mülahizələrini dünya ictimai rəyinin nəzərə alacağı jurnalistikamızın formalaşması olduqca vacibdir. -Dediyiniz məsələlərə dövlət səviyyəsində önəm verildiyini demək olarmı?

-Əlbəttə, bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında da ifadə olunub. Dövlət başçısı 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı zamanı idarə heyəti üzvləri ilə görüşdə “biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin” söyləyərkən mütəşəkkil ictimai institut kimi məhz jurnalistikamızın milli maraqlara sadiqliyini önə çəkmişdi.
O zaman ölkə rəhbəri xarici qüvvələrin sifarişi ilə hansısa mövzu ətrafında yanlış rəy formalaşdırmaq cəhdlərinə son qoyulmasının vacibliyini ifadə etmiş, jurnalistləri vətənpərvərliyə çağırmışdı. Göründüyü kimi, cənab Prezident prinsipial olaraq məsələnin həllini vətənpərvərlik üzərinə yönləndirib. Əlbəttə, bu onun jurnalist peşəsinə verdiyi yüksək dəyərdir. Digər tərəfdən, belə yanaşma milli jurnalistikamız qarşısında yeni vəzifələr qoyur. Aydındır ki, regionda və ya dünyada müəyyən siyasi dairələrin əli ilə ölkəmiz barədə yanlış rəy formalaşdırmaq istəyənlər var. Bu tendensiyaya qarşı mübarizədə isə yenə də beynəlxalq proseslərin mahiyyətini anlayan vətənpərvər qələm sahiblərimizin çox olması vacibdir.

Odur ki, beynəlxalq münasibətlər mövzusu, xüsusən Dağlıq Qarabağ münaqişəsi bütün spektrləri ilə daim milli mediamızda ən yüksək səviyyədə işıqlandırılmasına çalışacağıq.

V.Əhmədova

Yazı QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın aparılması” layihəsi çərçivəsində dərc olunur.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır