Modern.az

Vətənpərvərlik ruhunun aşılanmasında təhsilin önəmi

Vətənpərvərlik ruhunun aşılanmasında təhsilin önəmi

5 İyul 2015, 00:38


Gənc nəslin öz soykökünə, tarixinə bələd olması, Vətənini canı qədər sevməsi üçün vətənpərvərlik ruhunda tərbiyə olunması çox vacibdir. Vətənpərvərlik qəhrəmanlığı şərtləndirən amildir. Milli qəhrəmanlarımızın, torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin şəxsi nümunəsi gəncləri torpaqlarımızın müdafiəsində durmağa ruhlandırır.

Bəs ölkə gənclərinin milli-mənəvi dəyərlər, Vətəni sevmək ruhunda tərbiyəsi istiqamətində atılan addımlar hansılardır?

Tək bir fənnin tədrisilə vətənpərvərliyi tərbiyə etmək olmur

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyir ki, hər bir Azərbaycan vətəndaşı Vətənin müdafiəsinə hazır olmalıdır: “İnsan mənəviyyatını formalaşdıran amillərdən biri onun vətənpərvərlik hissinə malik olmasıdır. Bu işdə təhsil də böyük rol oynayır. Biz cəmiyyət üçün ləyaqətli insanlar formalaşdırmalıyıq. Yalnız bir fənnin tədrisi ilə insanları vətənpərvər kimi tərbiyə etmək olmur. Biz humanitar fənlərin tədrisindən gənclərin vətənpərvər ruhda böyüməsi üçün istifadə etməliyik. Vətənpərvərlik tərbiyəsi hər bir fənnin məzmununa daxil olmalıdır. Uşaqlar tarixlərini bilməlidirlər. Onlar vətənin tarixini öyrənməli, muzeyləri gəzməli, tarixi abidələri görməlidirlər. Uşaq bütün bunları öz gözləri ilə görərsə, Vətənin hər daşı, hər qarış torpağı ilə fəxr edəcək”.

Vətənpərvərlik tərbiyəsində ən yaxşı vasitənin şəxsi nümunə olduğunu vurğulayan A.Əhmədov şagirdlərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmalarının vacibliyini vurğuladı: “Şəxsi nümunə olmadan biz uşaqları bu ruhda tərbiyə edə bilmərik. Biz gələcəyimiz üçün ləyaqətli, vətənpərvər və intellektli gənclər yetişdirməliyik. Məktəbin ən böyük vəzifəsi şagirdə bilik verməklə yanaşı, onu vətənpərvər və layiqli insan kimi yetişdirməkdir”.

A.Əhmədov məktəblərdə çağırışaqədərki hazırlıq istiqamətində tədrisin keyfiyyətini yüksəltmək üçün mühüm addımların atıldığını və proqramların hazırlandığını da qeyd etdi: “Biz bu fəaliyyəti daha da genişləndirməliyik. Eyni məqsədə xidmət etdiyimizdən bu, bizim işimizdir”.

Hər birimiz ürəklə vətənimizin müdafiəsinə hazır olmalıyıq

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov hansı sahədə çalışmasından asılı olmayaraq hamının – ağsaqqalın da, gəncin də Vətənin müdafiəsinə hazır olmasının vacibliyini vurğulayır:   “Hər birimiz ürəklə vətənimizin müdafiəsinə hazır olmalıyıq. Bu, insanın mənəvi inkişafı və torpağa, xalqa aid olması ilə bərabər onun fiziki kamilliyə yiyələnməsini əks etdirir”. Gənclər və İdman Nazirliyinin bu istiqamətdə SHXÇDX və Təhsil Nazirliyi ilə birgə proqram gerçəkləşdirdiyini qeyd edən sektor müdiri bu istiqamətdə kompleks tədbirlərin həyata keçiriləcəyini bildirdi. Belə ki, nazirlikdə yaradılan müvafiq qrupun iştirakı ilə 6 yaşdan 70 yaşadək insanların bədən tərbiyəsinə cəlb olunması, onların sağlamlığı, həmçinin gənclərin fiziki kamilliyə yiyələnməsi üçün proqram hazırlanır.

Bu günün şagirdi sabahın səngərdə duran əsgəridir

“Bu günün məktəblisi, gənci sabahın əsgəri, zabitidir. Bu gün onlar vətənpərvər böyüyürlərsə, demək, Vətənimizin taleyi etibarlı əllərdədir”. Bu fikirlər isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 1-ci müavini, general-mayor Zaur Abdullayevə məxsusdur.

Onun sözlərinə görə, xidmət gənclərin vətənpərvərlik hissinin tərbiyəsi və səfərbərliyə hazırlığı istiqamətində Ali Baş Komandan tərəfindən verilən tapşırığı yerinə yetirir.

“Vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər respublikanın rayonlarında davam etdirilir. Vətən uğrunda canlarını fəda edən oğullar heç vaxt yaddan çıxarılmır. Bu gün ordu sıralarına göndərilən gənclər bizim hərbi hazırlıq məktəblərinə cəlb olunurlar. Artıq onlar orduya gedəndə hazırlıqlı olurlar. Bu da vətənpərvərlik hissinin formalaşmasının mühüm bir hissəsidir. Ali Baş Komandanın dediyi kimi, Silahlı Qüvvələrimiz sözdə yox, əməldə vətənimizi qorumağa hazırdır. Hər bir şəhid bizim övladımızdır. Dövlət onların ailələrinə diqqət və qayğını əsirgəmir”.

General-mayor Zaur Abdullayev ata-babalarımızdan bizə miras qalan torpaqların qorunmasında gənclərin böyük rolunun olduğunu bildirir: “Ali Baş Komandanın son çıxışları və tapşırıqları ondan ibarətdir ki, əzmkarlıq nümayiş etdirərək daim gənclərimizin döyüş qabiliyyətini yüksəldək. Biz də zaman-zaman xalqımızın başına gətirilən müsibətləri gənclərə çatdırmaq üçün mütəmadi olaraq tədbirlər keçiririk. Qoy, uşaqlarımız süfrəmizin başında əyləşib ən yağlı tikəmizi yeyən namərd qonşularımızın bizə qarşı təcavüzkarlığından xəbərdar olsunlar. Gənclər daim Vətənin müdafiəsinə hazır olmalıdır”. 

Z.Abdullayev qürurla qeyd edir ki, bu gün Azərbaycan ordusu NATO-nun ordu standartlarına cavab verən ordu səviyyəsindədir: “Bu gücü, qüdrəti görən Azərbaycan gənci başa düşür ki, vətəni qorumaq azdır, onun yolunda lazım gələrsə şəhid olmaq lazımdır. Nə qədər ki Vətəni sevən gənclərimiz var, Azərbaycanın gələcəyi təhlükəsizdir!”
Lakin gənclərin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır desək yanılmarıq. Bu sahənin hər bir yazılı və elektron kütləvi informasiya vasitələrində diqqətdə saxlanması başlıca prioritet olmalıdır. 

Medianın rolu danılmazdır 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu məsələdə media mənsubları ilə sıx əməkdaşlıq şəraitində işləməyə hazır olduqlarını bildirir. Xidmət rəisi gənclər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində mətbuatın təbliğat aparan əsas qüvvə olduğunu qeyd etdi:

“Xidmət olaraq Prezidentin bizə tapşırdığı işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Jurnalistlər də bu işdə bizə dəstək olmalıdırlar. Mətbuat nümayəndələri cəmiyyətdə təbliğatçı rolu oynamalıdırlar”.

A.Rəhimov orduya cəlb olunan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün orta ümumtəhsil məktəblərinin üzərinə böyük vəzifə düşdüyünü vurğuladı. Belə ki, uşaqlar orta məktəbdə oxuduğu illərdən onlarda vətənpərvərlik hissi tərbiyə olunmalıdır: “Məktəb illərində bu hiss şagirdlərdə yaxşı tərbiyə olunsa, onlar böyüyəndə həvəslə ordu sıralarına yollanarlar. Biz respublikanın rayonlarında fəaliyyət göstərən yerli bölmələrimizlə gənclərin vətənpərvərlik istiqamətində tərbiyəsinə təsir etməyə çalışırıq. “Vətənin müdafiəsinə hazıram” layihəsi bu istiqamətdə böyük rol oynayır. Düşünürük ki, gənclər arasında vətənpərvərlik istiqamətində tədbirlərin keçirilməsini daha da genişləndirmək lazımdır. Əgər bu istiqamətdə təbliğat geniş olsa, nə bir valideyn uşağını hərbi xidmətdən yayındırmağa çalışar, nə də hər hansı bir gənc özü ordudan yayınmaq istəyər”. Xidmət rəisi vurğuladı ki, böyüyən nəsildə vətənpərvərlik hissini oyatmaq üçün jurnalistlər fəallıq göstərməlidirlər.

Xidmət rəisi hər zaman jurnalistlər tərəfindən qaldırılan məsələlərə diqqət yetirdiklərini qeyd etdi: “Hansı KİV orqanı fəaliyyətimizi dəqiq və qərəzsiz işıqlandırırsa, biz də onlarla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirik”. 

A.Rəhimov bir çox media orqanlarının əsaslandırılmamış xəbərlər yaydıqlarını qeyd edərək, onların jurnalist obyektivliyindən uzaq olduğunu deyir. Mətbuatın hər bir sahədə dəstəkverici qüvvə olmalı olduğunu qeyd edən Xidmət rəisi dövlətin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərdə diqqətli və həssas olmağın vacibliyini vurğulayır: “Elə məsələlər var ki, dövlət sirridir. Bununla bağlı idarəyə suallar ünvanlayan jurnalist özü bu barədə düşünməlidir. Dövlətin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərdə diqqətli olmaq lazımdır. Ancaq bəzi jurnalistlər dövlət sirri anlayışını dərk etmirlər və buna zidd olaraq informasiyaların yayılmasını tələb edirlər. Biz heç kəsə yazmağı qadağan edə bilmərik, buna haqqımız da yoxdur. Sadəcə, bir-birimizə yanaşmada hörməti saxlamalıyıq”. 

M.Əliyev

P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...