Fransanın aparıcı millətçi partiyası olan “Milli Cəbhə” partiyasının yaradıcısı Jan Mari Le Pen partiyanın sıralarından xaric edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın qərargahında bir neçə saatlıq müzakirələrdən sonra Le Pen ksenofob çıxışlarına, xüsusən, “yəhudi soyqırımının İkinci Dünya Müharibəsinin kiçik bir epizodu” adlandırmasına görə “Milli Cəbhə” partiyasından xaric olunub. Onun partiyadan çıxarılmasında əsas rolu partiyanın sədri, Jan Mari Le Penin doğma qızı Mari Le Pen oynayıb.
2017-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşan Mari Le Pen sərt çıxışları ilə seçilən atasını partiyadan uzaqlaşdırmaqla əlavə dəstək qazanmaq istəyir. 87 yaşlı Jan Mari Le Pen isə partiyadan çıxarılması ilə bağlı appelyasiya şikayəti verəcəyini bildirib.1972-ci ildə Jan Mari Le Penin əsasını qoyduğu “Milli Cəbhə” partiyası Fransaya immiqrant axını məhdudlaşdırmağa çağırış edən sağ təmayüllü partiyadır.
Jan Mari Le Pen 1974,1988, 1995 və 2002-ci illərdə prezident seçkilərində iştirak edib. 2002-ci ildəki seçkilərdə o, Jak Şirakla səsvermənin ikinci turuna keçməklə Fransada millətçilərin mövqeyinin xeyli yüksəldiyini nümayiş etdirmişdi.
Vüqar İsmayılov