Modern.az

“Azərbaycanda manatı dollara dəyişənlərın sayı çoxalıb”

“Azərbaycanda manatı dollara dəyişənlərın sayı çoxalıb”

21 Avqust 2015, 16:17


“Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin “qara günləri” və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb”. Bu haqda Modern.az saytına iqtisadçı Vüqar Bayramov şərh verib.

O, aparılan monitorinqlərə əsasən deyib ki, son iki gündə xarici valyutalara tələb artmaqdadır: “Mərkəzi Bank dolların manata nisbətdə məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq, valyutadəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir.

Avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da, sonrakı 2 gün uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb”.

Ekspert bildirib ki, qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir: “Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xarici valyutaya üz tuturlar.

Əslində, Mərkəzi Bank dollara tələbi azaltmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir. Hələ bu ilin fevralın 9-da Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manatla əmanətlərin mərhələli həcminin azalmasına səbəb oldu.

Buna görə də Mərkəzi Bank mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır.

Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalana bilərlər”.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal