“Hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Xüsusilə də mənə Yeni Azərbaycan Partiyasının siyahısı çox önəm kəsb edir”. Bunu Modern.az-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev söyləyib.
O, “Azadlıq-2015” seçki blokunun deputatlığa namizədlərinin ilkin siyahısında adının olmamasına aydınlıq gətirib. “Siyahı natamamdır. Orda tək mənim deyil, xeyli şəxsin adı yoxdur. Çünki bizim blok namizəd sayını təxminən 90 dairə üzrə müəyyənləşdirmək niyyətindədir. Həmin dairələr üzrə siyahıda namizədlər içərisində mənim də adım var. Çox güman ki, gələn ayın əvvəli, ya bu ayın sonu hansı dairədən namizədliyimi irəli sürəcəyimi açıqlayacağam”.Mənim üçün ümumi seçki mənzərəsi vacibdir. Hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Nə YAP, nə də müxalifət daxilində olan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mövqelərini elan etməyib. Ona görə də mən ümumi dairələr üzrə mənzərini müəyyənləşdirmək istəyirəm. Bundan sonra konkret qərar qəbul edəcəyəm”.
Qeyd edək ki, “Azadlıq 2015” seçki bloku Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı blokun seçki dairələri üzrə razılaşdırılmış namizədlərin ilkin siyahısını açıqlayıb. Siyahıda Bütöv Azərbaycan Partiyası (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin adları var.
Leyla Əfqan