“Rayon sakinləri cənab prezidentə minnətdardır”
Modern.az İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun AFN.az-a müsahibəsini təqdim edir.
- Mirdaməd müəllim, bu vəzifəyə böyük bir qalmaqaldan sonra təyin edilmisiniz. Bu, böyük etimad idi. Çətin olmadı başlanğıc, rayonda əmin-amanlıq yaratmaq?
- Bəli, bu çox böyük etimad idi. Özü də dövlət başçısının etibarı, etimadı. Onu doğrultmaq məsuliyyəti, reallığa çevirmək həyəcanı bu gün də var, sabah da olacaq. Əlbəttə, hər bir işin başlanğıcı çətin olur, lakin tədricən hər şey yoluna düşür, adi və gündəlik iş rejiminə çevrilir.
Təcrübəm, ixtisasım, təvazökarlıqdan uzaq olsa da, elmi potensialım imkan verdi ki, rayonda köklü islahatlardan başlayım. İslahatlar idealogiyadan tutmuş aqrar bölməyə qədər bütün sahələri əhatə edirdi. İsmayıllı tikilir, qurulur, yeni iş yerləri açılır. İnsanların ehtiyaclarının nədən yarandığı öyrənilir, mümkün olan köməklik göstərilir.
Əslində İsmayıllıdakı yanvar hadisələri iğtişaş yox, məmur özbaşınalığına qarşı bir etiraz idi. İsmayıllılar həmişə dövlətə və dövlətçiliyə sədaqətli olmuşlar. Bu gün də belədir, sizin dediyiniz kimi, əmin-amanlıqdır.
- Hazırda İsmayıllıda tam sabitlikdir demək olarmı?
- Bəli, tam sabitlikdir, hərə öz işində-gücündədir. İsmayıllı sakinləri cənab prezident İlham Əliyevə tükənməz qayğısına, gündəlik diqqətinə görə ona hörmət və məhəbbətlərini ifadə edir, ölkə rəhbəri ilə birgə olduqlarını hər an əməlləri ilə sübuta yetirirlər. Cənab İlham Əliyev son iki ildə 2013-cü il avqust ayının 14-də və 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfər etmişdir. Rayonda görülən işlər, həyata keçirilən tədbirlərlə tanış olmuş, razılığını bildirmişdir. Möhtərəm Prezidentin rəhbərliyi altında biz öz fəaliyyətimizi daha yaxşı, müasir və sivil səviyyədə qurmağa çalışırıq. Rayonda dövlət maraqları ciddiliyi ilə qorunur. Bütün vətəndaşlara münasibətdə mərhəmət, ədalət, humanizm prinsipləri, qanunun aliliyi əsas götürülür.
- Rayona rəhbərlik etdiyiniz dövrdə hansı naliyyətlər əldə edilib? Hansı problemlər vardı ki, onların həllini vacib hesab etdiniz və aradan qaldırdınız?
- Bayaq qeyd etdiyim kimi, iki il yarımdır ki, rayona rəhbərlik edirəm. Düzü, çətin, məsuliyyətli, həm də şərəfli bir missiyadır. Bütün sahələrdə irəlləyişlər əldə olunub. Bu da onun nəticəsidir ki, müəyyən etdiyimiz layihələr aparılan təhlillərə, əhalinin arzu və təkliflərinə, maraq və ehtiyaclarına uyğun həyata keçirilir. Mütəxəssislərlə, ağsaqqallarla, gənclərlə, rayondan kənarda yaşayan ziyalılarla məsləhətləşmələr, fikir mübadiləsi aparır, sonra layihələri icra edirik. Cari ilin I rübündə isə 430 yeni iş yeri açmışıq. İsmayıllı Tikiş Fabriki əhalinin həyat tərzinə müsbət təsir edən ilk layihələrdəndir. Burada 70 nəfərə yaxın qadın işləyir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci təhsil uğurlarımıza yeni uğurlar əlavə edib. Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur. Şəhərdaxili və yaşayış məntəqələrini birləşdirən yollar asfaltlaşdırılır. Şəhər ərazisində mövcud olan 83 küçənin 42-si abadlaşdırılıb, işıqlandırma sistemi qurulub, asfalt salınıb.
Rayonda velosiped zavodu, "Yaşıl market" , Qalınçaq kəndi ərazisində ildə 1000 ton istehsal gücü olacaq quşçuluq fabriki, Keyvəndi kəndi ərazisində iri maldarlıq kompleksi tikilir. Digər çoxsaylı layihələr əsasında tikilənləri, qurulanları hamı görüb, bəyənib, təqdir edib. Onları yenidən sadalamıram.
- Hazırda rayonda reallaşdırılmasını vacib saydığınız hansı tədbirlər var?
- Əslində bu suala əvvəl verdiyiniz sual daxilində qismən cavab verdim. Deməliyəm ki, rayonun inkişafı istiqamətində cari və perspektiv layihələrimiz yetərincədir. Sosial-iqtisadi inkişafla yanaşı, ideoloji sahəyə də üstünlük veririk. İnsanların düşüncəsində, yaşam tərzində, həyata, cəmiyyətə baxışında dönüş yaratmaq, inkişafa nail olmaq əsas hədəflərimizdəndir. Xüsusilə gənclərimizi yeni ruhda tərbiyə etmək, istedadlı gənclərin potensialından maksimum istifadəyə nail olmaq üçün bu sahəyə daha çox üzümüzü tuturuq.
Yaxın zamanlarda şəhər mərkəzində “Saat qülləsi” meydanı tikiləcək. Rayonda uşaq bağçaları, məktəblər inşa olunur. Kənd təsərrüfatı idarəsi, “Fermer evi”nin tikintisi davam etdirilir. Abadlıq işləri, asfaltlaşma, kəndlərə qaz, işıq, rabitə, internet xətlərinin çəkilişi prosesi gedir. Ən müasir layihə əsasında Gənclər Mərkəzi tikiləcək. 8 yerdə artezian quyusu qazılması başa çatacaq.
- Mirdaməd müəllim, İsmayıllı rayonu əsas turizm mərkəzinə çevrilməkdədir. Lakin o da sirr deyil ki, əksər regionlarda olduğu kimi, İsmayıllıda da infrastruktur, yerləşdirmə yerləri baxımdan müəyyən problemlər var. Bu istiqamətdə hansısa tədbirlər reallaşdırılırmı və yaxud nəzərdə tutulurmu?
- İsmayıllı çox zəngin təbiətə, flora və faunaya malik bir regiondur. Burada turizmin inkişafı üçün əlverişli mühit vardır. Bu sahə üzrə müəyyən işlər görülüb və görülməkdədir. İsmayıllıda turizm- istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon ərazisində tarix və mədəniyyət abidələri mövcuddur. Turizm - istirahət mərkəzlərində 1050-yə yaxın gecələmə yeri var. Keçən il İsmayıllıya gələn turistlərin sayı 100 minə yaxın olub. Bu il isə daha çox gözlənilir. İsmayıllının zəngin təbiəti, tarixi abidələri, əhalinin milli-etnik tərkibi xarici turistləri daha çox özünə cəlb edir. “Şeraton-İsmayıllı” otel kompleksi, yeni turizm istirahət mərkəzləri İsmayıllının beynəlxalq turizm marşrutlarına daxil olmasına yol açır.
- Turizm mütəxəssisləri təklif edirlər ki, bu sahədə fəaliyyət göstərən sahibkarlara müəyyən güzəştlər edilməlidir, xüsusilə də vergi güzəştləri. Siz necə baxırsınız, belə bir güzəşt nə verər bu sahəyə? Bu sualı həm də vaxtilə vergi sahəsində çalışdığınız üçün veririk.
- Bu və ya digər sahənin inkişafının əsasında yalnız güzəştlər görməyi düzgün hal hesab etmirəm. Birinci növbədə sahibkar turizmin inkişafı üçün özündən asılı olanları tamamilə həyata keçirməli, lazımi infrastruktur, turistlərin istirahəti, məişəti üçün nümunəvi şərait yaratmalı, turist axınına səbəb olan qiyməti obyektiv olaraq müəyyənləşdirməlidir. İsmayıllının gözəlliklərindən gözləri dincələn müsafirlər özləri də rahat otellərdə gecələməlidirlər.
- İsmayıllı kənd təsərrüfartı rayonu kimi daha çox tanınır. Bu sahədə durum necədi, hansı üstün göstəriçiləri var, hansı tədbirlər reallaşdırılır hazırda?
-Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. İl çərçivəsində və perspektivdə olan tədbirlərimiz davam etdirilir. İsmayıllda aqrar sahəni inkişaf etdirmək, gücləndirmək, kənd təsərrüfatı istehsalçıları üçün münbit şərait yaratmaq ən başlıca məqsədlərimizdəndir. İsmayıllı taxılçılıq, heyvandarlıq, meyvəçilik sahələri ilə tanınan kənd təsərrüfatı rayonudur. 2014-cü ildə 83 min ton taxıl istehsal edilib. Bu rəqəm 2015-ci ildə 103 min tonu ötdü. Dəmyə şəraitdə hər hektardan 36,7 sentner məhsul alındı. Növbəti illər üçün məhsuldarlığın artırılması istiqamətində daha ciddi işlər aparılır. Son iki ildə 50-yə yaxın istixana quraşdırılıb. Bu yaxınlara qədər rayonda cəmi 2 belə müəssisə vardı.
Deməliyəm ki, üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələrindən olacaq. Hazırda rayonda 934 hektar üzüm, 1158 hektar meyvə bağı mövcuddur.
- Son vaxtlar mətbuatda sizinlə bağlı neqativ yazılara da rast gəlinir. Sizcə, bu sifarişli yazılardır, yoxsa hansısa başqa məqsəd var?
-Mən Azərbaycan tarixinin Heydər Əliyev epoxasında formalaşmış mütəxəssisəm, aliməm.Ümummilli liderin siyasətinin davamında, cənab Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal iştirak edirəm. Ölkəmizin haqqa, ədalətə, milli-mənəvi-dini dəyərlərə əsaslanan inkişafında, əhaliyə xidmətdə bütün varlığımla iştirak etməyi, mənə tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlməyi özümə borc bilirəm.İsmayıllı üçün, onun 85 minlik əhalisinin həyatı üçün məsuliyyət daşıdığımı dərindən dərk edirəm.
Deyirsiniz ki, neqativ yazılara rast gəlinir. Elə başqa məqsədlər olur ki, sifarişli yazılar da ortaya çıxır. Bəzi saytlar və ya qəzet adına olan çap məhsulları şərdə, böhtanda, iftirada, qərəzdə, kində o dərəcədə həddi aşırlar ki, az qala İsmayıllıda həyatın davam etdiyini danırlar. Adlarını çəksəm, onları şərəfləndirmiş olaram.
Azərbaycan dünyasına kor olan birisi bu yaxınlarda yazmışdı ki, rayon mərkəzi xəstəxanası köhnə uşaq poliklinikasında yerləşir. Bura çox nəmdir, heç bir şəraiti yoxdur. Guya velosiped zavodu Aşağıbaşda tikilir. Sifarişçiləri tərəfindən yaxşı təlimləndirilməyən “yazar” özündə olan çirkabı başqa ünvana atmağa o dərəcədə uyub ki, mərkəzi xəstəxananın əsaslı yenidənqurmadan sonra 2014-cü il sentyabr ayının 22-də istifadəyə verildiyinin fərqinə varmayıb. Baxmayıb ki, ölkə rəhbərinin xeyir-dua verdiyi veleosiped zavodu şəhərin Aşağıbaş hissəsində yox, Diyallı bələdiyyəsi ərazisində tikilir. Məsələlərə qərəzlə yanaşanlar hər şeyi qara rəngdə görməyə çalışırlar. Lahıcda 15 çarpayılıq müasir xəstəxana istifadəyə verilib. “Burada diş həkimi yoxdur” yazan adam gəlsin Lahıca və stomotoloq Nemət Məzahir oğlu Salmanovla görüşsün. Onda bilər ki, qəsəbə xəstəxanasında diş həkimi var.
Haqqı danmağa çalışan, qəlbiqara, informasiya məkanına yad olan birisi İsmayıllıda korrupsiya və rüşvətin olduğundan dəm vurur. Belələrinin məqsədi elə rüşvət almaq, çörəyini şər və böhtandan çıxarmaqdır. Ölkəmizdə, o cümlədən bölgəmizdə belə mühit yoxdur. Hər kəsin haqqı özünə çatır. Haqqı dananlar da öz haqlarına çatacaqlar.
Bir neçə ay bundan əvvəl “İsmayıllı xəbərləri” qəzetinə verdiyim müsahibədə demişdim ki, mən vaxtilə ümummilli liderimizin, indi isə cənab Prezidentin sərəncam, göstəriş, tapşırıq və tövsiyələrini əmr olaraq qəbul etmişəm. Əmr də müzakirə edilmir, icra olunur.
Kimin nə yazmasından asılı olmayaraq, mən bu gün bütün əqli, elmi, siyasi, ideoloji və fiziki gücümlə İsmayıllını idarə etmək əmrini yerinə yetirirəm. Sabah barəmdə hansı əmr veriləcəksə, ona da münasibətim belə olacaq.