Oqtay Bayramov,
Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin rəhbəri
- Əziz dostum Elşad müəllim!
Azərbaycanda internet portalı və xəbər agentliyi çoxdur.
Deməliyəm ki, Modern.az saytı onların ən yaxşılarından biridir. Sizin bu uğurunuzun sirri istedadlı və gənc jurnalistləri bir kollektivdə toplamağınızdadır. İnformasiya janrı jurnalistikanın ən çətin sahəsidir, mühüm hadisələri həm analitik, həm operativ, həm də lakonik şəkildə oxucuya çatdırmağı tələb edir. Bu konteksdə sizin əməkdaşların fəaliyyəti yüksək səviyyədədir.
Onlar bizim nazirliyin fəaliyyəti ilə bağlı xəbərlərə də həssaslıqla yanaşır, dəqiq informasiya hazırlamaq üçün mətbuat xidməti ilə sıx əməkdaşlıq edirlər.
Arzum budur ki, gənc, enerjili və mütəhərrik kollektiviniz fəaliyyətinin yeddinci ilində də müvəffəqiyyətlərini davam etdirsin, daha böyük uğurlara imza atsın!
***
Murtuzəli Hacıyev,
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri
Hörmətli Modern.az saytının kollektivi,
Sizi 6 illik fəaliyyətiniz münasibetilə bütün kənd zəhmətkeşləri adından təbrik edir yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Siz İnformasiya məkanında özünü təsdiq edən ən ciddi oxunaqlı və obyektiv portal imicini formalaşdırmısız.
***
Müşfiq Əmirov,
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri
Fəaliyyəti ilə artıq özünü kütləvi informasiya vasitələri arasında kifayət qədər təsdiqlətmiş Modern.az milli xəbər portalı 6 yaşını qeyd edir. Bu gün oxucu marağını əsas tutaraq, ən aktual layihələrlə çıxış edən portal araşdırma və rubrikalarda seçdiyi mövzusu, ideya istiqaməti, dili və üslubu ilə fərqlənməyi bacarıb. Ölkədə qəzet və jurnallar şəbəkəsinin genişləndiyi, onlayn mühitdə saysız-hesabsız saytların fəaliyyətinin artdığı belə bir dönəmdə - böyük rəqabət şəraitində Modern.az xəbərlərin cəmiyyətə çatdırılmasında, operativliyi qorumağa, ən əsası, bu məlumatları oxucularına qərəzsizlik, dürüstlük prinsiplərinə xələl gətirmədən çatdırmağa çalışır.
Əminəm ki, portal Azərbaycanda fikir, söz və informasiya azadlığının qorunmasına bundan sonra da xidmət edərək, ölkədə formalaşan demokratik milli mətbuatın inkişafına töhfə verəcək. Portalın rəhbəri Elşad Eyvazlıya və bütün əməkdaşlarına gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıram.
***
İradə İbrahimova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hörmətli Elşad müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi “Modern.az xəbər saytının yaranmasının 6 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin tərəqqisi, xalqımızın rifahı, firavan həyatı, milli maraqlarının qorunması, onun öz yerini dünya miqyasında tapması naminə həyata keçirilən işlərin, ölkəmizdə və dünyada baş verən hadisələrin obyektiv işıqlandırılması və operativ ictimaiyyətə çatdırılması sahəsindəki səmərəli fəaliyyətinizdə yeni-yeni uğurla arzulayıram.