Modern.az

Bir işin ki, içindən zibil çıxdı...

Bir işin ki, içindən zibil çıxdı...

Təhsil

2 Sentyabr 2015, 13:00

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Bizim camaatın bu “zibil” sözünə açıq-aşkar allergik münasibəti var. Tez-tez el arasında işlənən “yaman zibilə düşdük”, “zibilini məndən uzaq elə”, “işlərim lap zibil kimidir”  və sair ifadələr insanların daim zir-zibildən uzaq qaçmaq, yaraşıqlı, tər-təmiz olmaq istəyinin ifadəsi kimi yozulmalıdır. Bu meyl mənəvi-psixoloji, əxlaqi-fəlsəfi prizmadan qaynaqlanır və hər zaman sosial-məişət zəminində və bizi əhatə edən atmosferin, təbiətin, ətraf mühitin, lap elə yaşadığımız, nəfəs aldığımız ərazinin, həyətin, məhəllənin çiçək kimi təmiz, ətirli, göz oxşayan gözəllik daşıyıcısı kimi olması arzusunun əksi kimi də boy göstərir. Bəli, həqiqət belədir. Adam özünü daim hər cür iftiradan, şər-böhtandan qorumaq istəyindədir, “zibil”-ə düşməkdən ehtiyatlanır, amma tər-təmiz kostyumla, par-par parıldayan ayaqqabılarla günlərlə yığılıb qalmış yemiş-qarpız qabıqlarının, qatıq butulkalarının, sellafon torbaların, sür-sümüyün, qoy Allah bağışlasın, lap elə çörək qırıntılarının arasından yekə-yekə, şəstlə addımlamağı özünə sığışdırır, bunu qəbul edir.

Hökumət gözəlliklər diyarı Göygölün qapılarını Azərbaycan insanının üzünə açmaqla çox vaxtında və haqlı bir işə imza atdı. Neçə illər idi ki, dağlar qoynunda bərq vuran bu ilahi incini görmək, bu gözəllikdən zövq almaq arzusunda olanların sevincini sözlə ifadə etmək çox çətindir. Bəs əvəzində nə oldu? Həyatda yalnız öz rahatlığını, gödənini düşünənlər ilk gündəncə bu gözəllik ilahəsinə nadancasına əl qaldırdılar. Gölün ətrafı əsl çirkab yuvasına, zir-zibil oylağına çevrildi. Bu insafsızlığa irad tutanlara diş və balta qıcayanlar da tapıldı. Yəni, nə işiniz var, “biz ki varıq, cin kimi oğlanlarıq”. İstəsək zibilləyərik, lap hələ gölün içinə... Nə isə, bu məqamda təbii ki, yazının motivi əsəbi çalarlarla zənginləşə də bilir... Ona görə də...

İstirahət günlərinin birində AMEA-nın bağında skamyada oturub qəzet oxuyurdum. İki gənc də gəlib yanımda əyləşdi. Dərhal günəbaxan tumu çırtlamağa başladılar. Güman edirdim ki, qabığını torbaya yığıb zibil qabına atarlar. Amma belə olmadı. Az keçmədi ki, ayağımızın altına xeyli zibil yığıldı. Bir iştahla yeyirdilər, üzr istəyirəm, tüpürürdülər ki, elə bil ömründə tum görməmişdilər. İradımın cavabı da qəribə oldu – “Müəllim, fikir eləmə, süpürgəçi gəlib yığacaq. Havayı yerə maaş almırlar ki...” Bu solaxay məntiqin qarşısında deyəcəyim sözlərin heç bir nəticə verməyəcəyini anladığımdan tələsik oradan uzaqlaşdım. Həmkarlarımdan birinə bu barədə danışanda dedi ki, cəld tərpənmisən, qanını bərk qaraldacaq, hələ bəlkə sənə əl də qaldıracaqdılar. İndinin usaqlarına etibar yoxdur.

Təbii ki, “ indinin usaqları” ifadəsi sağlam gəncliyin üzərinə kölgə salmamalıdır. Cavanların içərisində zəngin mənəviyyatlı, mədəni, böyüklərə hörmət bəsləyənlər hədsiz qədərdir. Amma gərək bağda tum çırtlayıb özlərinə haqq qazandıranların sayı da getdikcə azalsın və bəlkə heç olmasın... Nə deyim, arzudur, Allah eləsin reallaşsın.

Bu günlərdə paytaxtın Yasamal rayonu ərazisində, hündür binaların birinin alt qatında yeni, iri bir mağazanın açılışını bildirən elementlərə rast gəldim. “Soliton”, ”Blomberg”, “Beko” və “Grundik” yazılan lövhələr, mağazanın vitrinlərindən ta səkiyədək uzanan iplərə bağlanmış rəngbərəng bayraqcıqlar  təzə ticarət mərkəzinin öz qapılarını alıcıların üzünə tezliklə açacağından soraq verir. Nə deyirik, Allah xeyirlərini versin, təki qiymətləri də camaatın ürəyincə olsun. Amma mağaza sahiblərindən bir xahişimiz var ki, əgər mümkünsə ticarət mərkəzinin qarşısındakı ərazini yaxşı-yaxşı təmizlətdirsinlər. Yəqin ki, uzağı bircə “KAMAZ” tullantı, zir-zibil çıxacaq, bu da ki, çox xərc aparmaz. Bu işi mütləq eləsinlər, zir-zibil xiridarlarının arzuolunmaz əməllərinə əməlli-başlı bir süpürgə çəkib onları bir yaxşı-yaxşı utandırsınlar. Necə də olsa açılış olacaq, millət yığılacaq. Sonra da ki, Allah eləməmiş, təmizlik olmasa işin içindən bir zibil çıxar, axırı yaxşı qurtarmaz... Bir işin ki, içindən zibil çıxdı, daha heç nə.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu