Orta təhsil müəssisələrində vahid məktəbli formasına nəzarət hansı səviyyədə olmalıdır?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Etibar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə Bakı şəhər Təhsil İdarəsi məşğul olur, ancaq hələ də vahid formanın tətbiqi ilə bağlı çoxlu problemlərlə qarşılaşırıq:
“Öncə onu deyim ki, vahid məktəbli geyiminin tətbiq olunmasına başlanılanda valideynlər, o cümlədən də direktorlar tamamilə formaya keçə bilməməyin səbəbini qiymətlərin baha olması ilə əsaslandırır, məktəbli forması üçün parçaların seçilməsi, qiymət müxtəlifliyi və digər problemlərin ortaya çıxmasını vurğulayırdılar.
Ancaq indi bu problemlərin aradan qalxdığını düşündüyümüz bir zamanda vahid məktəbli formaları ilə bağlı yeni problemlərlə rastlaşırıq. Bunlardan birincisi, şagirdlərin formaları geyinmək istəməmələridir. Səbəb kimi də vahid məktəbli formalarının rəng və formasının ürəkaçan olmadığını göstərirlər”.
Ekspertin sözlərinə görə, orta təhsil müəssisələrində vahid məktəbli formalarına ciddi nəzarət olduğundan şagirdlər çıxış yolunu başqa formada axtarmağa çalışırlar:
“Bəzi təhsil müəssisələrində, hətta şagirdlər sinif otaqlarına forma ilə daxil olur, daha sonra isə əyinlərini dəyişirlər. Bu məsələyə nəzarət isə məhz məktəb direktorlarının vəzifəsidir. Bu cür hallarla qarşı-qarşıya gələn məktəb heyəti isə məsələni qabartmamağa üstünlük verirlər”.
Vüsalə Qəzənfərqızı