Bakı və Sumqayıt stansiyalarında quraşdırılması nəzərdə tutulan avtomat post terminallar və turniketlər artıq alınıb. Sabahdan etibarən onların quraşdırılmasına başlanacaq.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Nadir Əzməmmədov Modern.az saytına bildirib ki, qatarların xəttə buraxılması üçün son tamamlama işləri aparılır: “Sumqayıtdan Bakıya gələn sərnişinlərin birbaşa “28 May” stansiyasına daxil olması üçün tikilən keçiddə də işlər davam etdirilir”.
O, qatarların sınaq mərhələsindən sonra hər hansı problemin olmadığını vurğulayıb: “Sentyabrın 3-də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov özü qatarlara baxış keçirdi və müəyyən tapşırıqlar verdi. Demək olar ki, hər şey qaydasındadır, ciddi nöqsan qeydə alınmayıb”.
Mətbuat katibi gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə veriləcək cavabı gözlədiklərini bildirib: “Biz müraciət etmişik. Hər halda, qərar yaxın günlərdə açıqlanacaq”.
Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər. Bakı-Sumqayıt arasında uzunluğu 63 km olan yol əsaslı təmir olunub və 1,6 km uzunluğunda əlavə yol inşa edilib.
Gülşən RAUFQIZI