“Əgər bizim partiyada parçalanma yoxdursa, heç kimlə söyüşmürüksə? bu o demək deyil ki, biz passiv siyasətlə məşğul oluruq”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçkiqabağı partiyanın durğunluğuna aydınlıq gətirərkən deyib.O, ASDP-nin qarşıdan gələn parlament seçkilərində iştirak məsələsinə də toxunub:
“Sənədlərimizi Mərkəzi Seçki Komissiyasına vermişik. Səlahiyyətli nümayəndələrimiz təsdiq olunub. Bir sözlə, işimizi davam etdiririk”.
Araz Əlizadə parlament seçkilərində namizəd kimi iştirak etmək fikrində olsa da, sədri olduğu partiyanın maddi çətinliklərlə üz-üzə qaldığını da vurğulayıb:
“Avqustun 30-da Sosial Demokrat Partiyasının iclası keçirilib. 5 nəfərin seçkilərdə namizədliyinə qərar vermişik. Partiyamızın maddi imkanları çox aşağı olduğundan 5 nəfərlə seçkiyə qatılırıq.
Ona görə də 5 namizəddən başqa heç kimə maddi yardım göstərə bilmərik. Partiya sədri olaraq mən də namizədliyimi vermişəm. Çünki partiya sədri seçkilərdə iştirak etməyə məhkumdur.
Əks təqdirdə, rəhbərlik etdiyi partiyadan getməlidir. Partiyaların məqsədi qanuni yollarla mübarizə deməkdir. Qanuni mübarizə yolu isə seçkilərdə iştirak etməkdir”.
Namidə BİNGÖL