01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəliblər.
Həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul ediblər.Modern.az saytının məlumatına görə, bəyanatda deyilir ki, sənədi imzalayan qurumlar ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər.
Bəyanatda vurğulanır ki, sənədi inzalayan tərəflər Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər.
Sənəddə o da bildirilir ki, tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəliblər.
Modern.az