Modern.az

Bahar Muradova 600-dən çox bal toplayan tələbələrlə görüşdü - FOTOLAR

Bahar Muradova 600-dən çox bal toplayan tələbələrlə görüşdü - FOTOLAR

4 Sentyabr 2015, 17:58


Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə Füzuli rayonu üzrə 2015-ci il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş tələbələrlə görüşüb.

Modern.az saytı xəbər verir ki, Azərbaycanda gənclərə və təhsilə göstərilən qayğıdan söz açan Bahar Muradova 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş gəncləri, həmçinin onları yetişdirən məktəblərin müəllimlərini təbrik edib. O, deputat seçildiyi Füzuli rayonunun bir hissəsinin işğal altında, digər hissəsinin isə cəbhəyanı bölgədə olmasına baxmayaraq  gənclərin təhsildə qürur doğuran nailiyyətlər qazanmasını yüksək dəyərləndirib. Qeyd edib ki, füzulili məktəblilər ildən-ilə daha yaxşı nəticələr nümayiş etdirir, vətənə layiqli övladlar olmaq üçün səylə çalışırlar. Əgər keçən il Füzuli rayonu üzrə 231 abituriyent ali məktəbə qəbul olunmuşdusa, bu il onların sayı 326 nəfərdir. Həmçinin 600-dən çox bal toplayanların sayı ikiqat artaraq 12 nəfərə çatıb.

“Sevindirici haldır ki, bu gənclər ən müxtəlif ali məktəbləri, müasir dövrdə ehtiyac duyulan peşə və ixtisasları seçiblər”. 

Sonra tədbirdə Füzuli rayon Təhsil şöbəsinin müdiri Almaz Haşımova çıxış edib. O, qədim ənənələrə malik Füzuli məktəblərinin yetirmələrindən söz açıb, cəbhəyanı ərazidə, çətin şəraitdə yerləşən kəndlərdə məktəblilərin təhsilə daha çox fikir verdiklərini deyib. Həm keçən ilki, həm də bu ilki məzunları arasından 1 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü iftixarla qeyd edən A.Haşımova bildirib ki, Şükürbəyli kəndinin yetirmələrindən Prezident təqaüdünə layiq görülən Fərid Həsənov 682 balla, Rauf Hüseynli isə 639 balla MTN-in Akademiyasına daxil olublar.
“6 nəfər ali hərbi məktəblərə qəbul olunub. Rayonun yetirmələri arasında ilk dəfə bu il Azərbaycan Milli Konservatoriyasına daxil olan da var”.

Görüşdə iştirak edən “Samsung Elektroniks” şirkətinin prezidenti Byong Doo Choi Bakıda fəaliyyət göstərdikləri son 9 ildə Azərbaycanın müxtəlif qurumları ilə birgə həyata keçirdikləri layihələrdən danışıb. Ali məktəblərə vəsiqə almış tələbələri təbrik edib.

Sonra tədbirdə Füzuli rayonunun deputatı, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın imzası ilə tələbələrə təbrik plaketləri,  “Samsung Elektroniks” şirkətinin hədiyyə planşetləri və çiçək dəstələri təqdim olunub. Həmin gəncləri yetişdirən Füzuli rayonundakı 46, 2, 5 və 4 saylı tam orta məktəblərin, Böyük Bəhmənli, Gecəgözlü və Şükürbəyli kənd orta məktəblərinin, Qayıdış qəsəbə 6 saylı tam orta məktəbin direktorlarına da plaketlər hədiyyə edilib.
  
Bahar Muradova Füzuli rayon Təhsil şöbəsinin müdirinə və  “Samsung Elektroniks” şirkətinin prezidentinə də Milli Məclisin xatirə hədiyyələrini təqdim edib.

Təqdimat mərasimindən sonra çıxış edən tələbə gənclər (Leyla İbrahimli, İlkin Quluzadə, İlqar İlqarlı, Sevinc Məmmədli, Günel Həsənova, Nigar Oruclu, Nərmin Quliyeva, Elvin Həsənov, Səltənət Əliyeva və Səbinə Şirinova) Milli Məclisin binası ilə tanışlıqdan həvəslə söz açıblar. Onlar parlamentdə olmağın şirinliyini unutmayacaqlarını vurğulayıb, dövlət səviyyəsində göstərilən qayğıdan danışıblar. Bugünkü görüşdən dərin təəssürat aldıqlarını deyən gənclər belə tədbirlərin Dağlıq Qarabağda, Zəngəzurda keçirilməsini arzulayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini bildirən tələbələr dünyanın bir çox ölkələrində, o cümlədən Füzuli rayonunda məktəblər və uşaq bağçaları inşa etdirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməllərini dönə-dönə vurğulayıblar.

654 balla BDU-ya daxil olan Leyla İbrahimli deyib ki, o, yazşı hüquqşünas olacaq. Hüquq fakültəsinə 604 balla daxil olan Səbinə Şirinova da o fikirdə olduğunu vurğulayıb.

İmtahanlarda 619 bal toplamış İlkin Quluzadə isə ADA-da kompüter ixtisasını seçib.

Yüksək ballarla Azərbaycan Tibb  Universitetinə qəbul olunmuş İlqar İlqarlı (659 bal), Sevinc Məmmədli (643 bal), Elvin Həsənov (618   bal) insanlara şəfa vermək üçün ali məktəbdə daha əzmlə oxuyacaqlarını bildiriblər.

 Nigar Oruclu (618 bal) deyib ki, o, bütöv Azərbaycanın həkimi olmaq istəyir.

Günel Həsənovanın (613 bal) arzusu isə deputat olmaq, günün birində Milli Məclisin kürsülərində millət vəkili kimi oturmaq istədiyini deyib.

Nərmin Quliyeva (606 bal) və Səltənət Əliyeva (614 bal) müasir dövrdə xarici dilləri bilməyin vacibliyindən danışıblar və gələcəkdə tərcüməçi olmaq istədiklərini bildiriblər.  

Səmimi dialoq şəraitində keçən görüşdən sonra Milli Məclisin foyesində xatirə şəkilləri çəkdirilib.





Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu