Modern.az

“İtkin düşənlərin tapılmamasının səbəbkarı polislərdir” - KRİMİNALİST

“İtkin düşənlərin tapılmamasının səbəbkarı polislərdir” - KRİMİNALİST

Təhsil

9 Sentyabr 2015, 11:49

“Son illərdə səbəbsiz itkin düşənlərin sayı kəskin artıb”

Azərbaycanda demək olar hər gün yaşından asılı olmayaraq, kiminsə itkin düşməsi ilə bağlı informasiyalara rast gəlirik. Evdən çıxıb, bir daha geri qayıtmayanların, yaxud sonradan sorağı haradansa gələnlərin bu addımı atmalarının müxtəlif səbəbləri olur. Bəzən isə itkin düşənlərin nə ölüsü, nə də dirisi tapılır...

İtkin düşənlərin ailə üzvləri bir çox hallarda mətbuata üz tutur, əlacsızlıqdan nə edəcəklərini bilmirlər. Bir çox hallarda isə polis işçilərinin işindən narazılıqlarını ifadə edirlər.

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev də Modern.az saytına polislərin bu sahəyə barmaqarası yanaşdığını deyib:

“Cinayət axtarışında ən məsuliyyətli işlərdən biri xəbərsiz itkin düşənlərin tapılması və şəxsiyyəti məlum olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Axtarış bu iki paralellikdə aparılmalıdır. Çünki hər hansı ərazidə şəxsiyyəti məlum olmayan meyitin tapılması, digər ərazidəki itkin şəxs ola bilər. Polislər bir çox hallarda deyirlər ki, bizim əsas vəzifəmiz baş vermiş cinayətlərin, bağlı qalan işlərin açılmasıdır.

Əməliyyat xidmətinin bəzi işçilərindən soruşanda ki, “xəbərsiz itkin düşənlərin axtarış işi ilə maraqlanırsınızmı, vəziyyət necədir?” belə cavab verirlər: “Əşşi, başımı qaşımağa vaxtım yoxdur. Mən oğru, soyğunçu axtarıram”. Daha bunu başa salmaq olmur ki, oğurluq baş vermiş faktdır. Məlumdur, kim edib və kimi axtaracaqsan. İtkin düşən isə yeniyetmə qızdır, gənc oğlandır, yaşlı kişidir, azyaşlıdır”.

Kriminalist bildirir ki, SSRİ dönəminə nisbətən son 15-20 ildə səbəbsiz itkin düşənlərin sayında kəskin artım müşahidə edilməkdədir:

“Sovet İttifaqı bağlı bir məkan idi. Kimsə xaricə getmək istəyəndə ata-babasından tutmuş hər şeyini yoxlayırdılar. Ona görə də itkin düşənlərin sayı çox az idi. Müstəqillik qazandıq, sərhədlər açıldı, xaricə çıxmaq üçün 7-8 qapımız oldu. Bu da bizə xoşbəxtlik yox, bədbəxtlik gətirdi. Azərbaycan yeganə ölkədir ki, xaricə 7-8 qapısı var: havadan, sudan, qurudan və s. Bütün bunların hamısını nəzərə alanda və üstəgəl müharibənin baş verməsi, qaçqın və məcburi köçkünlərin sayının artması xəbərsiz itkin düşənlərin sayına müəyyən qədər təsir etdi. Lakin demək olmaz ki, müstəqil ölkə olmuşuq, xaricə qapılarımız açılıb, gedib-gələn çoxdur deyə, say artıb. Bunlar, sadəcə, təsiredici amillərdir”.

Mahmud Hacıyev acı olsa da, problemlə bağlı müəyyən faktları da açıqlayıb:

“Bu faktdır ki, son illərdə qadın və qızların xaricdə fahişəliyə cəlb olunması, onların aldadılaraq xaricə aparılması, orada əlacsızlıqdan yaşaması, insan alveri artıb.

Təsəvvür edin ki, əvvəllər Azərbaycanın cinayət qanunvericiliyində “insan alveri” deyilən maddə yox idi. İtkin düşənlərin sayının kəskin artması cinayət qanunvericiliyində dəyişiklik edilməsinə gətirib çıxardı. Beləcə, “insan oğurluğu”, “insan alveri” maddələri əlavə edildi”.

Sabiq polis rəisi deyir ki, itkin düşənlərin tapılmamasının əsas səbəbkarı polislərdir:

“Əməliyyat xidmətində işləyən elə insan tanıyıram ki, xəbərsiz itkin düşənlərlə bağlı açılan axtarış işinin necə açılmalı olduğunu bilmir. Xəbərsiz itkin düşənlərlə bağlı iki nüsxəli axtarış işi açılır. Birinci məxfi axtarış işi, digəri qeyri-məxfi axtarış işi olur. Həmin axtarış işinin əməliyyat hərəkətləri durmadan yenilənməlidir.

Sovetlər dönəmində prokurorluq, hər 3-4 aydan bir itkin düşənlərin işini təhlil edirdi. Məlum olurdu ki, 15 axtarış işindən 5-i qəsdən adam öldürmədir. İstintaq bu istiqamətdə aparılırdı. Ona görə də həmin dövrdə polislər çalışırdı ki, itkin düşənlər prokurorluğun təhlilindən tez tapılsın, əks halda, qəsdən adam öldürmənin sayı artacaqdı. İndi münasibət məsələsi də işin içinə girib. Prokurorluq kiminləsə münasibətləri korlamamaq üçün axtarış işlərini təhlil etmir.

Səbəbsiz itkin düşənlərlə bağlı 30 işi götürün və onu vərəqləyin. İşi vərəqlədikcə oradakı faktlar sübut edəcək kimisə öldürüblər,  xəbərsiz itkin düşməyib. Məsələ burasındadır ki, indi qəsdən adam öldürmə işlərinin statistik rəqəmləri artmasın deyə, xəbərsiz itkin düşənlərlə əlaqədar təhlil aparılmır. Çünki təhlil aparılanda qəsdən adam öldürmə ilə cinayət işi açıb istintaq aparanda, həmin məkanda, həmin məmləkətdə qəsdən adam öldürmənin statistik rəqəmləri artır. Bu da hüquq-mühafizə orqanlarına sərf etmir”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu