Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, təhsildə nailiyyətlər əldə etmiş müəllim və şagirdlər iştirak ediblər.
Rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimova konfransda geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu il orta məktəbi bitirən 544 şagird ali məktəblərə sənəd verib. Onlardan 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunub.
Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev ölkədə həyata keçirilən təhsil islahatlarından söz açıb, Prezident İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxunub. Alı Alıyev rayonda aparılan abadlıq quruculuq işlərindən danışıb, respublikamızın digər bölgələrində olduğu kimi Füzulidə də təhsil infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd edib.
Qəbul imtahanlarında rayon gənclərinin əldə etdikləri nəticələri təqdirəlayiq hal kimi səciyyələndirən Alı Alıyev qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu vurğulayıb.
Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov isə təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb.
Digər çıxış edənlər cəmiyyətin tərəqqisində təhsilin rolunu vurğulayıblar, yeni dərs ilində müəllim həmkarlarına və şagirdlərə uğurlar arzulayıblar.
Modern.az