Azərbaycan Dövlət Aqrar Universitetinin bir neçə tələbəsi Belçika və İngiltərədə təcrübə keçəcək.
Tələbələr ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” MMC-nin dəstəyi ilə New Holland texnikaları istehsal edən zavodlarda olacaqlar.
Modern.az xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rektor xaricə gedəcək tələbələrlə görüşərək onlara uğurlar arzulayıb.
İ.Cəfərov ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı, o cümlədən aqrar mühəndis kadrlara olan tələbatının lazımi səviyyədə ödənilməsinin vacibliyini qeyd edib. Rektor bildirib ki, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, tələbələrin respublikamızda fəaliyyət göstərən aparıcı şirkətlərlə yanaşı dünyanın aparıcı təhsil və istehsalat müəssisələrində təcrübələri təşkil olunur.
Tələbələr praktiki biliklərinin inkişafı üçün göstərilən bu dəstəyə görə təşəkkürlərini çatdırıblar və yaradılmış imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.
Modern.az