Modern.az

...insanlıq məktəbinin ustadı

...insanlıq məktəbinin ustadı

Təhsil

11 Sentyabr 2015, 11:41

Hacı Fuad Nurullahın yeni kitabı “İmam Əli (ə)- insanlıq məktəbinin ustadı” Əhli-Beyt aşiqlərinə ithaf olunub

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullah növbəti kitabını oxucularının mühakiməsinə verib. “İmam Əli (ə)- insanlıq məktəbinin ustadı” adından da məlum olduğu kimi, təkcə dinlər tarixinin deyil, eyni zamanda dünya elmləri tarixinin də görkəmli və dahi nümayəndələrindən biri sayılan Əli ibn Əbu Talıba həsr olunub.

Kitabın elmi redaktoru Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev yazdığı “Ön söz”də Peyğəmbərin (s) mübarək əxlaqı ilə cilvələnmiş İmam Əli (ə) barədə dəyərli əsərlərin yazılmasını vacib hesab edir: “...İmam Əlinin (ə) mübarək həyatını, İslam tarixindəki misilsiz fəaliyyətini öyrənmək və İslamdakı layiqli yerini müəyyən etmək müasir Azərbaycan ilahiyyatşünaslığının qarşısında duran ən mühüm, ən vacib məsələlərdən biridir. Çünki İmam Əlinin (ə) elmi-dini şəxsiyyətini öyrənmək, elə İslamı öyrənmək deməkdir. Bu baxımdan Hacı Fuad Nurullahın qələmə aldığı “İmam Əli (ə)- insanlıq məktəbinin ustadı” adlı kitab diqqətəlayiq bir əsərdir, eyni zamanda müasir cəmiyyətimizin elmi və dini təbəqəsi üçün son dərəcə aktualdır. Buna görə də kitabın mühüm elmi əhəmiyyət daşıdığını və xalqımız üçün faydalı olacağını düşünürəm. Əsrlərdən bəri İmam Əli (ə) aşiqləri kimi tanınan xalqımız bu kitabda indi qədər İmam (ə) haqqında qaranlıq qalan bəzi məsələlərlə yaxından tanış olacaq və Əmirəl-möminin (ə) Allah yanındakı üstünlüklərini başa düşəcəklər”.

8 fəsildən ibarət olan yeni kitabda oxuculara İmam Əlinin (ə) həyatı və fəaliyyəti, qəzavətləri, “Nəhcül-bəlağə” əsəri, hikmətli kəlamları barədə dolğun məlumat verilir.

Hacı Fuad Nurullahın Əhli-Beyt aşiqlərinə ithaf etdiyi kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəfis şəkildə çap edilib.

Kitabın elmi məsləhətçiləri Bakı İslam Universitetinin müəllimləri İbrahim Quliyev, Şahlar Şərifov və Əhli-Beyt  aşiqi Hacı Qabil Məcidov, bədii redaktoru QMİ-nin İctimaiyyətlə əlaqələr və ailə məsələləri şöbəsinin aparıcı mütəxəssisi Əhliman Rüstəmovdur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza