Azərbaycanın baş pediatrı Nəsib Quliyev barəsində səsləndirilən iddialara cavab verib.
O, Modern.az saytına açıqlamasında deyb:
“Mən Tibb Universitetinin Pediatriya fakültəsini təqaüdlə bitirmişəm. Müxalifət mətbuatı bizdən nə qədər çox yazsa, bir o qədər sevinəcəyik. Qoy onlar müxalifət mövqelərini sərgiləməkdə davam etsinlər. Böhtan atmaq kimlərinsə peşəsidir. Peşələrində “uğurlar” arzulayıram”.
N.Quliyev pediatr olmadığı barədə iddianı əsassız hesab edib:
“Nəzərinizə çatdırım ki, mən doktorant olanda son beş ili Moskvada “Filatov” adına uşaq xəstəxanasında işləmişəm. Bunların iddiası çox gülüncdür.
Azərbaycanda uşaq ölümünün göstəricisi 1992-ci illə müqayisədə 3 dəfəyə yaxın azalıb. 1992-ci ilə kimi 1 yaşadək körpələrin ölüm göstəricisi 29.5 promil, indi isə 10.2 promildir. 22-23 ilə 2.8 dəfə azalma var. Həqiqət budur.
Bir də qoy bilsinlər ki, uşaq ölümünün azalması üçün konkret olaraq pediatrın gücü azdır. Bu dövlətin, səhiyyə sisteminin, ana- uşaq mühafizəsinə dair dövlət proqramlarının ümumi işidir. Hamı ümumilikdə çalışır ki, bu göstəricilər daha da azalsın, tək pediatrdan asılı məsələ deyil. “Yeni Müsavat”ın sadaladıqları isə sadəcə absurddur”.
“Yeni Müsavat” qəzetinin yazısında Azərbaycanda qeydə alınan uşaq ölümlərinin artmasında ölkənin baş pediatrı Nəsib Quliyev də günahlandırılıb. Səbəb kimi, onun bakalavr təhsilini pediatriya üzrə almasına baxmayaraq, namizədlik və doktorluq dissertasiyalarını anesteziologiya-reanimatologiya üzrə müdafiə etdiyi əsas gətirilir.
Gülşən RAUFQIZI