Modern.az

“ATƏT-in müşahidəçi göndərməkdən imtinası Azərbaycanın imicinə zərbə vurmaq məqsədidir”

“ATƏT-in müşahidəçi göndərməkdən imtinası Azərbaycanın imicinə zərbə vurmaq məqsədidir”

Təhsil

12 Sentyabr 2015, 12:50


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib. Səbəb kimi isə müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər, effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan verməməsi göstərilib.

Bununla bağlı Modern.az-a açıqlama verən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, seçki hər bir ölkənin daxili işidir. Ona görə də bunu kiminsə müşahidə edib-etməməsi artıq ikinci dərəcəli məsələlərdən biridir:

“Ölkə daxilində qanunvericiliyə uyğun seçkilərin keçirilməsi bütün siyasi qüvvələrin marağında olmalıdır. ATƏT-in bu məsələyə siyasi yanaşması müşahidə olunur. Yəni burada sırf Azərbaycanın marağından daha çox siyasi maraqdan çıxış edirlər. Ona görə də bu məsələdə ATƏT-in hər hansı şəkildə Azərbaycanla qərəzli olmayan situasiya sərgiləməsi mümkün deyil. Diqqət edilirsə, may ayından başlayaraq Azərbaycana qarşı Avropa Oyunlarında siyasi xarakterli olmayan tədbiri belə siyasiləşdirərək müəyyən bəhanələr irəli sürülürdü. Ona görə də indiki vəziyyətdə seçkilərə müşahidəçi göndərilmə məsələsi siyasi qərardır”.

Onun sözlərinə görə, ATƏT-in qərarı sırf demokratiyanın inkişafı, seçki ilə bağlı məsələlərə uyğun deyil:

“Əslində onlar iştirak etməlidirlər ki, vəziyyəti araşdırıb müşahidə etsinlər. Bir növ Ermənistanla müqayisədə Azərbaycanın müəyyən anti-demokratik imicini formalaşdırmaq üçün öncədən belə bir addım atırlar. Fikrimcə, bu səmimi görünmür”.

ATƏT-in DTİHB-nın açıqlamasında deyilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra qurum bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza