Azərbaycanda sənətçinin disk satışından gəlir götürə bilməsi nadir hadisədi. Xanəndə Qocaq Əsgərov disklərindən 8 aydan bir gəlir götürməklə bu baryeri aşıb. Bu disklər Azərbaycanda deyil, xaricdə - İtaliyada və Londonda buraxılıb və hələdə dinləyici auditoriyasını itirməyib.
Qocaq Əsgərovun Modern.az-a verdiyi məlumata görə, Londonda çıxan disk bu günə qədər 90 min, İtaliyadakı isə 40 min-ə yaxın satış edə bilib. Əcnəbilərin böyük maraq göstərdiyi disklər, hər 8 aydan bir Qocağın bank hesabına gəlir gətirir.
Diskin biri “Sarı gəlin” adlanır. Digəri muğam və təsniflərdən ibarətdir.
“Xaricdə bu günə qədər 4 diskim buraxılıb. Hər bir diskə tələbat yüksəkdir. Bunların ərsəyə gəlməsində YUNESKO-nun eksperti, musiqişunas Sənubər Bağırovanın zəhməti əvəzsizdir. Diski xaricdə yüksək tirajla buraxılan və bu qədər satışla gəlir götürə bilən azərbaycanlı az saydadır. Aidiyyatlı şirkətlərin bizə verdiyi məlumata görə, disklər dünyanın bir çöx tərəfinə yayılıb. Azərbaycanda bir diskim işıq üzü görməyib. Amma xaricdə hər iki köşkdən birində diskim satılır. Eyni zamanda mötəbər festivallarda diskim satışa çıxarılır. Mahnılarımı dinləyən hər bir əcnəbi azərbaycanlı olduğumu görür. Diskdə muğamlarımız, milli alətlərimizlə bağlı geniş yazılar yer alıb. Bu disk həm də maarifləndirir. Yaxın aylarda növbəti diskin hazırlıqlarına başlayacam. Xaricdən təklif gəlib. Ənənəyə uyğun olaraq, bu dəfə də muğam və xalq mahnıları, təsniflərlə diskim dünya musiqi bazarına çıxarılacaq”, – deyə xanəndə bildirib.
Modern.az