Bu gündən etibarən nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanır.
Trend-in məlumatına görə, noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı Təqvim Planına əsasən, namizədin seçki sənədlərini özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsinə dairə seçki komissiyasında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verəcək. Proses oktyabrın 2-si saat 18:00-da yekunlaşacaq.
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bu barədə MSK-nın keçirilən iclasında bildirilib.
Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.
İclasda həmçinin bildirilib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.
O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.
Modern.az