Azərbaycanın polo üzrə yığması Avropa tarixində ilk dəfə keçirilən polo üzrə çempionatın qalibi olub.
Modern.az-ın məlumatına görə, bu gün Bakıda keçirilən Avropa çempionatının finalında Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edərək birinci yeri tutub.
Beləliklə, Azərbaycan Atçılıq Federasiyası, “Elit Atçılıq və Polo” klubunun və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə birinci Avropa çempionatına yekun vurulub.
Çempionatın sonuncu günündə final qarşılaşmasından əvvəl beşinci və üçüncü yer uğrunda oyunlar da keçirilib. Ümumilikdə Azərbaycan yığması çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğura imza atıb. Qeyd edək ki, sentyabrın 4-12-də keçirilən çempionatda Azərbaycan, Almaniya, İrlandiya, İsveçrə, İtaliya və İspaniya yığma komandaları mübarizə aparıb.
Yarışmalar paytaxtın Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunda baş tutub. Çempionatda ümümilikdə 6 komanda iştirak edib.
Modern.az