Tovuz rayon təhsil işçilərinin konfransında iştirak edən millət vəkili Qənirə Paşayeva geniş çıxış edib və bir sıra ciddi məsələlərlə bağlı müəllimlərə çağırış edib.
Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplamaqla cəmi 424 nəfərin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri, onların valideyn və müəllimlərini təbrik edib.
Modern.az-ın məlumatına görə, millət vəkili vurğulayıb ki, biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik.
Bu il məzunların 39 nəfərinin ali hərbi məktəb və liseylərə və hərbi tibb məktəbinə qəbul olunmasını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva hərbi məktəblərə daxil olan gənclərin sayına görə son illər Tovuz rayonunun ön sıralarda olmasını yüksək qiymətləndirib və hərbi kadrlar olmaq istəyən gənclərimiz fiziki hazırlıqla bərabər yüksək savadlı da olmalıdır deyib.
Qeyd olunub ki, rayonun ən böyük kəndlərindən və məktəblərindən biri olan Düz Qırıxlı kənd 1176 şagird yerli 1 saylı tam orta məktəbi əsaslı təmir edilib, müasir istilik sistemi çəkilib, standartlara cavab verən fənn kabinetləri və sinif otaqları düzəldilib. Artıq məktəblilər növbəti tədris ilinə yeni məktəb binasında başlayacaqlar: “Mən müəllimlərimizin və bizim xahişlərimizi nəzərə alaraq mənim də orta təhsil aldığım bu məktəbin yüksək səviyyədə təmiri və müasir avadanlıqlarla təchiz olunması üçün cənab Prezidentimizə təşəkkür edirəm. Onun dəstək və tapşırıqları ilə görülən bu işləri müəllim və şagirdlərimizin yüksək səviyyədə dəyərləndirəcəyinə və məktəbdə təhsil göstəricilərinin daha da yüksələcəyinə inanıram”.
Lazımsız verilişlər, teleseriallar, şou proqramların gəncləri kitabdan uzaqlaşdırdığını deyən millət vəkili Qənirə Paşayeva gənclərin onlardan uzaq durması istiqamətində müəllimlərin onlarla apardığı maarifləndirmə, doğru istiqamətləndirmə işlərinə xüsusi ehtiyac olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gənclərin bu zərərli vərdişlərdən uzaq durması üçün məktəb və müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
Millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb.
"Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər, partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazım olduğunu da öyrədərdi və hər dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa, hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.Eyni zamanda, hərbi hazırlıq dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət təsirini göstəriridi. Məktəblərimizin rəhbərliyini, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırıram. Nə qədər məktublar alıram ailələrdən. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik."
Modern.az