Modern.az

“Təşəkkür” Avropa Parlamenti

“Təşəkkür” Avropa Parlamenti

13 Sentyabr 2015, 20:41

Namidə BİNGÖL 

Yola saldığımız həftə ərzində də  Yeni Azərbaycan Partiyası  parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqlamadı. Ümid qalır üzümüzə gələn həftəyə. 

 “Humanizm daşıyıcısı” olan Avropa Parlamenti isə   ümidləri çoxdan  tükəndirib. Çətin ki bundan sonra  adıçəkilən  “nəhəng gəmiyə” inamlı gözlərlə baxaq. Yahu, siz bizdə gözmü qoydunuz?!  

Həftənin siyasi hesabatını təqdim edirəm. 

Üzü payıza doğru. Mən hara, seçki hara! 

 YAP seçki siyahısını ictimaiyyətə təqdim etməsə də müxalifət partiyaları parlament seçkilərinə necə və kimlə gedəcəklərini bəyan etdilər.

Zaman-zaman həftə sonları mitinq sevdasını “meydanlarda” gerçəkləşdirən Milli Şura isə bir anda “aydınlığa” çıxdı. Düzü, bu ilin fevralında manatın devalvasiyasından sonra mitinqlərdə odlu-alovlu çıxış edən Əli Kərimli və Cəmil Həsənlidən emosional siyasi burulğan gözlənilirdi. Parlament prinsipi ön cərgədə qərarlaşmış görünürdü. Hər mitinqdən sonra Milli Şura elə təəssürat yaradırdı  ki, sanki 2015-ci ilin parlament seçkiləri dövrünün “siyasi fəthini” yaşaya bilər. 

Bir ayağı Amerikada, bir ayağı Moskvada qalan Milli Şuranın fəxri sədri, cənab İbrahimbəyovun   “ məmləkət məktublarında” da böyük qardaşdan kiçik qardaşlara dəstək hiss olunurdu. Fəqət, mübarizə “mənzil başına” çatmadan dayandı. Bəlkə də, ortada məğlubiyyətin acısını dadmaq təhlükəsi var. Bəlkə də, 20 ildən  artıq siyasi mübarizədən bezmək qorxusu… Bəlkələr sadəcə, ehtimaldır.

Dəqiq deyə bilərəm ki, baharda təbiət bir başqa ab-havada olur. Ola bilsin ki, payızın duyğusal anları Kərimli və Həsənli cənablarının təbiətinə bir başqa cür təsir edir. İndi onlar payızın nostaljı anlarına qoşulub “biz hara,  seçki hara” mahnısını oxuyur.

Bin Ladenin hörməti ,yoxsa, hörmətli Bin Laden?

 2001-ci ildə ABŞ-da baş verən terror hadisələrindən  14 il sonra Səudiyyə Ərəbistanında dəhşətli faciə yaşandı. Bu faciədə kimsə silahdan atəş açmadı. Dünyasını dəyişən zəvvarlar İŞİD-in növbəti qurbanlarından olmadı. Hər hansı terror təşkilatının izinə rast gəlinmədi. Sadəcə, təbiətin üzü döndü. Özü də Məkkədə. Kranın aşması nəticəsində 107 zəvvarın həyatına son qoyuldu.  Günümüzün reallığında  “dəhşətli hadisə nə zamansa təkrarlana bilər” deyimi də var. O səbəbdən də 11 sentyabr tarixində faciənin yaşanması hər kəsə 2001-ci ilin 11 sentyabrını xatırlatdı. Hətta, Məkkədəki faciədə Bin Ladinin izi  axtarılmağa başlanıldı. Nəhayət həmin iz tapıldı. Sən demə, qaldırıcı kran alman şirkətinə məxsus olsa da, idarəçiliyi  tanınmış terrorçunun ailəsinə aid olan Saudi Bin Laden Group edirmiş. 

Görünür, təkcə Bin Laden yox, onun qohum-əqrəbasından da kimsəyə fayda dəymir. Nəhəng Amerikanın o boyda göydələnlərinin külünü bir saniyədə göyə sovur, məşhur terrorçu adını qazan. Sonra da günahsız insanların qanı bahasına Bin Laden soyadı Ərəbistan məmləkətində ən “hörmətli” soyad kimi tanınsın.   

Görünən odur ki, “saqqallı” Bin Laden dünyanın ən böyük güc mərkəzinə terror toxumunu elə formada səpdi ki, indi sözü hər yerdə keçir. Burda yaxşı deyiblər: oğru, quldur, başkəsən olsan da, əsas odur,  hörmətin olsun! 

Ah Avropa, Avropa!

Utanmasan, oynamağa nə var ki! Çal, aşıq, çal! Komsomolun canı it canıdır. Lətifəsi bizdən uzaq. İndi nə komsomol var, nə də komsomol cəmiyyətinə xidmət edən komsomolçular. İndi Avropa Birliyinə (AB)-nə üzv olan dövlətlər var ki, onların hüquqlarını, siyasi azadlıqlarını müdafiə edən   Avropa Parlamenti var. O Avropa Parlamenti ki yola saldığımız həftə Azərbaycanla bağlı “qətnamə” qəbul edib. “ÇOX SAĞ OLUN!”. Niyə əziyyət çəkirdiniz?!

Əslində, Avropa Parlamentinə “TƏŞƏKKÜR”  düşür.

İşə bax ha! 20 ildən artıqdır ki, işğalçı rejimlə mübarizə aparırıq. Münaqişənin sülh yolu ilə həllinə çalışırıq. Biz susuruq, biz dözürük. Çünki  ədalətin bərpa olunmasını gözləyirik. Təəssüf ki, Avropa Parlamenti işğalçı dövlətə qol-qanad verməklə ədalət hissini sıfıra endirir. 

Bəllidir ki, Azərbaycanda seçkiqabağı siyasi ab-hava hökm sürür. Deputat mandatı qazanmaq uğrunda  mübarizə davam edir. Həm iqtidar, həm də müxalifət düşərgəsində əməlli  hazırlıq gedir. 

Görəsən, seçkiqabağı  “alicənab davranış” sərgiləməkdə  Avropa Parlamentinin dərdi nədir?! Yoxsa, 20 ildən çoxdur ki, ərazi bütövlüyünə qovuşa bilməyən bir dövlətin dərdi olmadığınımı düşünür?!

Əcəba, humanizm bayrağına sarılıb işğalçı dövləti müdafiəyə qalxmaq hansı ədalətli müdafiədən xəbər verir?! -Bəlkə, 1994-cü ilin mayında bölgədə atəşkəsin bərpası Cənubi Qafqazın münaqişə ocağı olduğunu unutdurub?! 

Bəs Bişkek protokolunun qüvvədən düşməsi, gün ərzində atəşkəsin mütəmadi olaraq pozulması “humanist” qurum olan Avropa Parlamentinə   heç nə demir?! Yaxın keçmişimizdə vəhşicəsinə törədilən Xocalı soyqırımı necə?!  İşğal altında bizsiz “mələyən” Şuşa, Kəlbəcər, Laçın, Ağdam  və digər rayonlarımız necə?!

Nə isə! Biz məsələlərə ədalətli davranışın tərəfdarıyıq. Avropa Parlamentinin də Dağlıq Qarabağ problemində humanist yanaşma sərgilədiyini  istəyirik. Çünki biz işğalçı dövlət deyilik.

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi