Mikayıl Cabbaroiv Təhsil şöbələrinə müraciət etdi: “Müəllimliyə yeni başlayanlara münasibətdə standartlara əməl olunmalıdır”
Bakı şəhəri təhsil işçilərinin konfransı zamanı təhsil naziri Mikayıl Cabbarov məktəbəqədər təhsil prosesinə də toxunub. O bildirib ki, buradakı nəticələr qənaətbəxş deyil:
“Uşaqlar birinci sinfə oxumağa gələnə qədər təhsil bilikləri zəif olur. Bu biliklər uşaqlara məktəbəqədər təhsil müəssisələrdə öyrədilir. Düzdür, uşaq bağçaları bizim tabeliyimizdə deyil. Amma o uşaqlar bizə təhsil almağa gələcəksə, biz həmin müəssisələrlə əməkdaşlığı davam etdirməliyik ki, nəticələr qənaətbəxş olsun. Yalnız Bakı şəhərində mövcud infrastrukturdan istifadə etməklə minlərlə şagirdə məktəbəqədər təlim imkanını yaradırıq. Bu gələcəkdə də davam etdiriləcək və layihə dəstəklənməlidir.
Mikayıl Cabbarov yeni işə qəbul olunan gənc müəllimlərin fəaliyyətinin izlənildiyini də vurğulayıb:
“Gənc müəllimlərin iş fəaliyyəti diqqətdədir. Uzaq bölgələrə gedən müəllimlərə imtiyazların, əlavə ödənişlərin verilməsi onlara qayğının təzahürüdür. Bəzən bölgələrdəki təhsil mühiti ora gedənləri ruhdan salır. Yerli təhsil şöbələrinə müraciət edərək bildirirəm ki, yeni müəllimliyə başlayanlara və rayonlara gedənlərə münasibətlərdə standartlara əməl olunmalıdır, təhsil standartları qorunub saxlanmalıdır. Bunu təhsil işçilərindən tələb edirəm”.
Aytən Zəhra