Milli Məclisin 105 saylı Tovuz seçki dairəsindən olan deputatı Qənirə Paşayeva seçki açıqlaması verib. Modern.az saytının məlumatına Qənirə Paşayeva bununla bağlı deyib:
”Bu gün bir çox mətbuat qurumlarında çalışan jurnalist dostlarımızın seçkilərdə iştirak edib-etməyəcəyimlə bağlı suallarına cavab olaraq bildirmək istəyirəm ki, namizədliyimi hal-hazırda millət vəkili olaraq Milli Məclisdə təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən irəli sürmüşəm. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin ölkəmiz üçün xeyrli və uğurlu olmasını diləyirəm. Bu seçkilərin də hər dəfə olduğu kimi, yüksək səviyyədə baş tutacağına inanıram və ölkəmizin, millətimizin maraqlarını hər şeydən üstün tutan, suverenliyimizin, müstəqilliyimizin qorunub saxlanması,ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində çalışan hər kəsə uğurlar diləyirəm. Ümumimilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən daim dəstəklənən qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında rolunun daha da genişlədirilməsi siyasəti nəticəsində çoxlu sayda gənc xanımlarımızın bələdiyyə və parlament seçkilərində fəallıqlarının artması hamımızı sevindirir. Onlara bu seçkilərdə də uğurlar diləyirəm. Bu vəsilə ilə dördüncü çağırışda mənə onları təmsil etmək kimi şərəfli bir misiyanı etibar etmiş və mənə öz ailələrinin bir üzvü kimi yanaşmış 105 saylı Tovuz seçki dairəsindəki bütün dəyərli seçicilərimizə, sakinlərimizə bir daha dərin təşəkürümü bildirirəm”.
Modern.az