Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilliyinə namizədlər siyahısı dəqiqləşib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, siyahıdakı ən böyük sürpriz Meral Akşenerin namizəd göstərilməməsi olub.
MHP-nin sədri Dövlət Bağçalının məmləkəti Osmanıyadan birinci sırada namizədi göstərildiyi siyahıda müvəqqəti hökumətdə iştirak edən Tuğrul Türkeşlə yanaşı, namizədlik üçün müraciət etməyən keçmiş nazirlərdən Murad Başesgioğlu da gözlənildiyi kimi siyahıda yoxdur.
Məlumata görə, keçmiş daxili işlər naziri və Türkiyə Böyük Millət Məclisinin keçmiş başqan vəkili Meral Akşener, 7 iyun seçkiləri sonrası adı Məclis sədrliyinə namizədləri arasında keçincə Bağçalının etirazına səbəb olmuşdu. Akşener də MHP siyahısında özünə yer tapa bilməyib.
Türkeş, Başesgioğlu və Akşenerdən fərqli olaraq 77 millət vəkilindən 72-si yerlərini qoruyub. Ankaradan seçilən 4 millət vəkilindən Mustafa Erdem də siyahıya düşməyib. Tuğrul Türkeşin yerinə Erkan Haberal gəlib. Aydında Ali Uzunırmak, Hatayda Şefik Çirkin, Karabükdə Durmuş Yalçın, Manisada Zeynel Balkız da siyahıdan kənarda qalıblar.
Namizəd olub-olmayacağı maraqla gözlənilən Ekmeleddin İhsanoğlu yenə İstanbuldan namizəd olaraq siyahıda yerini qoruyub. Mərkəzi Bankın keçmiş başçısı Durmuş Yılmaz da yenə Uşakdan namizəd göstərilib.
MHP lideri Dövlət Bağçalı namizədlərin bu gündən etibarən seçki bölgələrinə gedərək təbliğata başlayacaqlarını açıqlayıb.
Modern.az