Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultaynın təşkilat komitəsinin sədri Razi Nurullayev 1 noyabrda parlament seçkilərində iştirakdan imtina edib.
Modern.az-ın məlumatına görə, R.Nurullayev bununla bağlı açıqlamasında deyib:
“Bu il parlament seçkilərinə qatılmaqdan imtina edirəm. Bir neçə əsaslı səbəbim var. Bununla bərabər, qeyd etməliyəm ki, siyasətçilərin seçkidə iştirakının tərəfdarıyam. Siyasətçi seçkidə iştirak etmirsə, siyasi səhnədə qalmağının anlamı itir. Seçkilərdə boykot yolverilməzdir”.
R.Nurullayevin fikrincə hazırda YAP siyasi hakimiyyətinin iqtidardan uzaqlaşdırılmasının yaxın perspektivi üfüqlərdə görünmür. Ölkədə iqtidara qarşı daxili təşkilatlanma və daxili müqavimət çox zəifdir. O, seçklərin şəffaf keçiriləcəyinə inanmadığını vurğulayıb.
Seçkilərdə iştirakdan imtinanın səbəblərindən danışan R.Nurullayev bildirib:
“Biz insanların seçki hazırlığına başladığı zaman partiya quruculuğuna başladıq. Bütün gücümü təşkilati məsələlərə yönəltdim. Bu gün də ən vacib işim mənə inanaraq yanımda olan dostlarımla birlikdə üzərimizə götürdüyümüz yeni müxalifətçiliyi başarılı sonluğuna gətirməkdir.
Seçkidə iştirakla müqayəsədə yeni siyasi müstəvi yaratmaq daha cəzbedicidir”.